AZ EN RU

Ömrünü xalqına həsr edən dahi insan

    Ümummilli Lider Heydər Əliyev xalqımız tərəfindən hər zaman böyük qürurla yad edilən və bütün zamanların ən böyük azərbaycanlısı olaraq milli dövlətçiliyimizin banisidir. Dahi şəxsiyyətin keçdiyi həyat yolu hər bir azərbaycanlı üçün böyük bir vətəndaşlıq məktəbidir. 2023-cü il ölkəmizdə müstəqil Azərbaycan Respublikasının qurucusu və ideoloqu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi şərəfinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Sərəncamla “Heydər Əliyev İli” elan edilmişdir. Sərəncamda da deyildiyi kimi: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”. 

    Azərbaycan xalqının milli dövlətçilik tarixində mövcud olan görkəmli dövlət xadimləri və şəxsiyyətlər arasında Heydər Əliyevin özünəməxsus yeri və mövqeyi vardır. Bütün dövlətçilik tarixi boyunca heç bir lider Heydər Əliyev şəxsiyyəti bərabərində özünün bütün həyatı və fəaliyyətini xalqının milli inkişaf və müstəqillik yoluna həsr etməmişdir. Dahi rəhbərin bütün amalı, həyat və fəaliyyət məqsədi Azərbaycan xalqının milli müstəqilliyi, onun xoşbəxtliyi və firavanlığı yolunda çalışmaq olmuşdur. Buna görə də heç bir tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevə nəsib olan Ümummilli Lider zirvəsinə yüksələ bilməmişdir. Ulu Öndər Heydər Əliyev məhz məqsədyönlü fəaliyyəti və mübarizəsi nəticəsində Azərbaycan xalqına sarsılmaz müstəqillik, suveren dövlət bəxş etmiş, xalqının tarixinə öz adını qızıl hərflərlə yazdırmışdır. Ulu Öndər Heydər Əliyevin hələ müxtəlif dönəmlərdə Azərbaycanın ayrı-ayrı dövlət orqanlarında işlədiyi vaxtlarda Azərbaycan xalqının tarixi taleyi və ərazi bütövlüyü uğrunda göstərdiyi fəaliyyət böyük vətəndaşlıq örnəyi kimi yeni nəsillərə nümunədir. 
    1969-cu ildən siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin xidmətləri sırasında Azərbaycan xalqının milli dəyərlərinin özünə qaytarılması, folklorunun, ədəbiyyat və mədəniyyətinin, milli tarixinin araşdırılması və təbliği, çökmüş iqtisadiyyatının dirçəlişi və xalqın sosial rifahı başlıca yeri təşkil etmişdir. Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti və məqsədyönlü tədbirləri sayəsində Azərbaycan xalqının milli dili ilk dəfə xüsusi konstitusion maddə ilə təsbit olunmuşdur. Məhz bu dövrdə dahi rəhbərin qayğısı və xüsusi diqqəti ilə ana dilində olan dərsliklərin və dərs vəsaitlərinin nəşrinə nail olunmuşdur. Anadilli məktəblərin artırılması, ana dilində dərs saatlarının xüsusi səviyyədə yer tutması, milli kadr hazırlığı kimi məsələlər də dahi liderin müdrikanə tədbirləri nəticəsində özünün yüksək həllini tapmışdır. Həmin vaxtlar ölkədə sovetləşmənin güclü bir missiya təşkil etdiyi zamanda Azərbaycanda milliləşmə aparılması və milli kadr hazırlığını təminetmə məsələsi də  Ümummilli Liderimiz tərəfindən böyük məharət və ustalıqla həll edilmişdir. Azərbaycanda bu dövrdə milli ordu quruculuğunun təməli qoyulmuş, yüksəkixtisaslı milli hərbi kadrların hazırlanması istiqamətində böyük nailiyyətlər əldə edilmişdir. Kənd təsərrüfatı respublikası kimi tanınan Azərbaycanın da əsl iqtisadi dirçəlişi, aqrar ölkədən sənaye ölkəsinə çevrilməsi kimi yüksək inkişaf nailiyyətləri də Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin təzahürü idi. Milli oyanış, özünəqayıdış və istiqlal düşüncəsinin formalaşması da Heydər Əliyev şəxsiyyəti və uzaqgörənliyinin nəticəsi idi. Dahi liderin ədəbiyyata, ədəbiyyat adamlarına olan qayğısı yazıçıların, mədəniyyət adamlarının milli mövzulu məsələlərə əhəmiyyətlə yanaşmasına münbit şərait yaratmışdı. Şair və yazıçılara ən yüksək mükafat və adların verilməsində, onların sovet totalitar maşınının təzyiq və təqiblərindən xilas olunmasında da Ulu Öndərimizin böyük rəhbərlik qayğısı xüsusi rol oynayırdı. Ümumiyyətlə, XX əsrin 70-ci illərində dahi rəhbərin hərtərəfli, düşünülmüş fəaliyyəti sayəsində bugünkü müstəqilliyə zəmin hazırlanmışdır. Məhz bu mənada da Azərbaycanın ən yeni tarixi Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
    Ulu Öndər Heydər Əliyevin adı həmişə Azərbaycanla qoşa çəkilir. Bütün mənalı həyatını Azərbaycana, mənsub olduğu Azərbaycan xalqına həsr edən Ulu Öndər xalqımızın tarixi taleyində həmişə bir xilaskar kimi misilsiz rol oynamışdır. 1988-ci ildə başlanan və 1990-cı illərdən etibarən şiddətlənən iqtisadi böhran, düşmən qüvvələrinin ərazi bütövlüyümüzə müdaxiləsi çıxılmaz vəziyyətdə qalan xalqımızın qəlbində yenidən dahi liderimizin adını bir ümid işığı kimi yandırdı. Tarix müdrik və uzaqgörən lideri bir daha sınaqdan keçirərək liderlik adını ona bəxş etdi. Ölkəmizə qarşı xəyanət cəhdi olan 20 Yanvar faciəsindən sonra daha da dərin bəla girdabına sürüklənmiş Azərbaycanın son ümidgahı məhz xalqın böyük oğlu Heydər Əliyev idi. Dahi rəhbər Moskvada olmasına və onu gözləyən həyati təhlükələrə baxmayaraq, faciədən sonra Azərbaycan nümayəndəliyinə gələrək bütün dünya ictimaiyyətini bu hadisədən xəbərdar etmiş və günahkarları cəsarətlə qınamışdı. 
    Ən ağır günlərdə xalqının yanında olmaq üçün Azərbaycana qayıdan Ulu Öndərimizi ovaxtkı rəhbərlik qəbul etməkdən imtina etdi. Dahi lider blokadaya salınıb düşmənlə döyüşən və hər cür bəlalara qarşı mətanətlə sinə gərən Naxçıvana üz tutdu. Bu böyük şəxsiyyətin Naxçıvana gəlişi muxtar respublika əhalisi tərəfindən sevinc və şadyanalıqla qarşılandı. Ulu Öndər Naxçıvan Muxtar Respublikasında yaşadığı illərdə bu torpağın qorunması, müdafiəsi, problemlərinin həlli və sair kimi həyati əhəmiyyətli məsələlər üçün böyük əzm nümayiş etdirdi. Ulu Öndərin 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinə Sədr seçilməsi, bütövlükdə, Azərbaycan xalqının müdrik şəxsiyyətə etimad və məhəbbətinin ifadəsi idi. Dahi rəhbərin uğurlu rəhbərliyi sayəsində Naxçıvan Muxtar Respublikası bir tərəfdən düşmənə nə qədər mətanətlə qorunduğunu nümayiş etdirdisə, digər tərəfdən, burada həyata keçirilən siyasi əhəmiyyətli məsələlərlə milli müstəqillik və dövlətçiliyinin təməlləri atılmış oldu. Naxçıvanın SSRİ-nin tərkibindən çıxması, öz müstəqilliyini təsdiqi, dövlət atributları, xüsusilə dövlət bayrağı və digər məsələlərlə bağlı burada qəbul olunan qərarlar gələcək Azərbaycanın dövlət müstəqilliyi üçün təməl və təcrübə oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciət edərkən qeyd etdiyi kimi: “Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. ...Naxçıvan, demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir və bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı”. 
    1993-cü ildə daha səbri tükənmiş, bəla girdabından usanmış xalq yekdilliklə “Heydər baba, bizi xilas et!” nidası ilə üzünü Naxçıvana tutmuşdu. 91 nəfər görkəmli ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət isə, bütövlükdə, ümumxalq müraciəti idi. Ölkənin parçalanmaq, dövlətçiliyin məhv olmaq, torpaqların itirilmək təhlükəsi qarşısında dahi rəhbərin hakimiyyətə qayıtması xalqın təkidli tələbi idi. Bu baxımdan müdrik liderin 15 iyunda Bakıya – Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Böyük Qayıdış olmaqla Azərbaycan tarixinin qızıl səhifələrindən biri oldu. Məhz bu əvəzolunmaz şəxsiyyətin fəaliyyəti sayəsində Azərbaycan xalqı milli azadlıq və dövlət müstəqilliyinə nail oldu. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan xalqı milli dövlətçilik və müstəqilliyinin möhkəmləndirilməsinə nail olmuş, torpaqlarımız işğal olunmaqdan xilas olunmuşdur. 
    Azərbaycan xalqının tarixi taleyi qarşısındakı əvəzsiz xidmətləri Ulu Öndər Heydər Əliyevin adını milli tariximizə Böyük Xilaskar olaraq qızıl hərflərlə yazmışdır. Mənalı ömrünü bütün varlığı, canı və qanı qədər sevdiyi Azərbaycan üçün həsr edən Ulu Öndərimizin xidmətləri, müəyyənləşdirdiyi milli siyasət və inkişaf strategiyası bu gün ölkəmizin qüdrət və güc təməlində dayanır. “Heydər Əliyev-Azərbaycan” qoşalığı məhz müstəqillik illərində müdrik liderin həyata keçirdiyi misilsiz işlərin və böyük məhəbbətin nəticəsidir. Dahi lider bu illərdə öz uzaqgörən siyasəti ilə Azərbaycanın milli inkişaf strategiyasının əsasını qoymuşdur. Saymaqla bitməyən minlərlə tədbir və hadisələrin ideyavericisi Ulu Öndər Heydər Əliyev olduğu kimi müasir, müstəqil, inkişaf etmiş Azərbaycanın memarı və qurucusu da məhz Ümummilli Lider Heydər Əliyevdir. Dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasının yaradıcısı və təşkilatçısı da dahi rəhbər Heydər Əliyev olmuşdur. Azərbaycanın dünyada tanınması, nüfuzlu və etibarlı tərəfdaş kimi etimad göstərilməsi, böyük siyasi arena və təşkilatlardan səsinin gəlməsi məhz Heydər Əliyev müdrikliyinin uğurla davamıdır. 
    Bu gün davam və inkişaf etdirilən Heydər Əliyev siyasi kursunun nəticəsində Azərbaycan bütün bölgələrilə yeni inkişaf yolu keçir, yenidənqurma, abadlıq və quruculuq tədbirlərilə Azərbaycan xalqına xoşbəxt yaşayış, rifah bəxş edir. Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyev haqqında inamla deyirdi: “Mən ona özüm qədər inanıram!” Ulu Öndərimizin layiqli varisi olan Prezident cənab İlham Əliyevin məhz dahi Heydər Əliyev siyasi kursunu inkişaf etdirməsi nəticəsində Azərbaycan dünyada öz layiqli yerini tutmuş, etibarlı tərəfdaş olaraq tanınmış və xarici siyasətdə böyük uğurlar əldə etmişdir. Azərbaycanın vaxtilə aqrar ölkədən sənaye və o cümlədən müasir dövrdə kosmik və qüdrətli hərbi gücə malik olan bir ölkəyə çevrilməsi məhz dahi lider Heydər Əliyevin müdrik siyasi konsepsiyası və quruculuq xəttinin məntiqi nəticəsi, ardıcıl və uğurlu davamının yekunudur. Böyük iqtisadi layihələr sahəsində lider olan Azərbaycan Prezident cənab İlham Əliyevin müdrik fəaliyyəti nəticəsində həm də qüdrətli Silahlı Qüvvələrə, Milli Orduya malik olan bir ölkəyə çevrilmişdir. Aprel döyüşlərindəki məharətli döyüş taktikası və Günnüt əməliyyatı zamanı həyata keçirilən mühəndislik qabiliyyəti müasir Azərbaycan Ordusunun qələbə əzmini tam mənası ilə özündə ifadə etdi və xalqımızda işğal altında olan ərazilərimizin tezliklə qaytarılacağı əminliyini yaratdı. 2020-ci ilin sentyabr ayından Ermənistan Silahlı Qüvvələrinin havadarlarının dəstəyi ilə ölkəmizin sərhədlərinə qarşı təxribat əməllərinə qarşı əks-hücum əməliyyatları Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə uğurla başa çatdı: 44 günlük müharibə kimi yadda qalan Azərbaycanın Vətən müharibəsi Azərbaycan Milli Ordusunun qəhrəmanlıq və rəşadət örnəyi olaraq bütün dünya tarixində layiqli yer aldı. Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək uğrundakı əməliyyatları həm qəhrəmanlıq və rəşadət, həm də döyüş taktikası və yeni nəsil silah və texnika öncüllüyü ilə dünyanın hərb tarixində şanlı səhifələr yazdı. Şanlı döyüşlər nəticəsində Şuşanın azad olunması ilə düşmən təslim olmağa məcbur edildi və noyabrın 10-da imzalanan kapitulyasiya aktı Azərbaycan Böyük Zəfər Gününü qeyd etdi. Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik sərkərdəliyi ilə Qarabağ problemi kökündən öz həllini tapdı və Azərbaycan xalqının milli maraqları ləyaqətlə qorundu. Azərbaycan Prezidentinin Qələbə münasibətilə Ulu Öndərin məzarı üstünə gedərək oradan xalqa müraciət etməsi həm xalqa, həm də müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndərə hesabat çıxışı olaraq qəbul edilə bilərdi. Bəli, bu Zəfər Ulu Öndərin siyasi kursuna sədaqət, xalqla lider birliyi nəticəsində əldə edilən bir zəfər idi. 
    Hazırda işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin aparılması və Böyük Qayıdış Missiyası da Azərbaycana vəd edilən “Günəş kimi parlamanın” işıltıları, inkişaf və qüdrətin təntənəsidir. Ötən əsrin 90-cı illərinin böhranlı, blokada şəraitində mübarizə aparan Ulu Öndərin doğma Vətəni Naxçıvanda bu gün hərtərəfli inkişaf və abadlıq işləri öz nümunəviliyi ilə diqqət cəlb edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da öz təcəssümünü tapan müasirlik və yenidənqurma tədbirləri Heydər Əliyev siyasi kursunun müdriklik, uzaqgörənlik və konstruktivlik mahiyyətini uğurla təcəssüm etdirir. Naxçıvan Muxtar Respublikasının qazandığı bugünkü nailiyyətlər dahi liderin muxtar respublika haqqında düşüncə və arzularının uğurla yerinə yetirilməsinin göstəriciləri kimi razılıq doğurur. Hər bir Azərbaycan vətəndaşı kimi muxtar respublika sakinləri də onlara yaradılan rahat yaşayış şəraiti, firavan həyat üçün müdrik liderin quruculuq xətti və siyasi kursuna minnətdarlıqla yanaşır, öz sədaqətlərini daim ifadə edirlər. 
    Bu gün bütün azərbaycanlılar üçün Ulu Öndər Heydər Əliyevin fikir və kəlamları vətəndaşlıq proqramını təşkil edir. Müdrik liderin: “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımıdr” kəlamı isə Vətənini, dövlətini, xalqını, millətini sevən hər bir kəs üçün vətəndaşlıq amalını, azərbaycançılığın qayəsini, milli ideologiyamızın fəlsəfəsini təşkil edir. 
    Tərəddüd etmədən demək olar ki, bugünkü müstəqil Azərbaycan dövləti xalqımıza Ulu Öndər Heydər Əliyevin ən böyük ərməğanıdır. Təsadüfi deyil ki, dahi liderimiz həmişə xalqımız tərəfindən müasir Azərbaycan Respublikasının qurucusu və memarı kimi xatırlanır. Ölkəmizdə görülən işləri göz önünə gətirərək bizim yaşadığımız bu gözəl Vətənin məhz Heydər Əliyev siyasətilə nə qədər gözəlləşdiyini, respublikamızın qüdrətləndiyini, istimai-siyasi sabitliyin və sosial-iqtisadi inkişafın özünə kök saldığını iftixarla söyləməliyik. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev adı ilə, əməlləri ilə əbədi yaşayan şəxsiyyətdir. Azərbaycanın hər qarışında onun əzmi ilə yaranan müstəqillik qüdrəti və Azərbaycan üçün həyata keçirilən misilsiz işlər dahi liderin adına əbədiyaşarlıq qazandırır. Buna görə də “Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!”

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, dosent

 

Nəşr edilib : 01.09.2023 18:05