AZ EN RU

Ömrün yüzüncü ili

    Ulu Öndərimizin 100 illik yubileyinin qeyd edildiyi bu ildə qeyrət qalası Sədərəkdə bölgənin yaşlı sakinləri ilə söhbət zamanı öyrəndim ki, rayonun Dəmirçi kəndində bu il yüz yaşı tamam olan Münəvvər Kərimova adında bir ağbirçək yaşayır. Onunla görüşmək qərarına gəldim. Budur, nənənin evinin aynabəndində çay süfrəsi arxasında onun xatirələrini dinləyirik. Nənə 9 uşaq anasıdır. Üç oğul, altı qız payı verib Tanrı ona. Nəvə, nəticə, kötücə sahibidir. Həyat yoldaşı illər öncə vəfat edib. Onun atası İkinci Dünya müharibəsində itkin düşüb. Nəticəsi ilə arasında birəsrlik fərq olan nənənin söhbəti:
    – Ömrümün çox çətin və əziyyətli günləri olub. İkinci Dünya müharibəsinin əzablı günlərində gənc olsam da, çətinlikləri dərindən hiss edirdim. Kənddə nə qədər başıpapaqlı var idi, hamısı müharibəyə getmişdi. Kişi işini də, qadın işini də özümüz görürdük. Bir ovuc taxıl tapanda onu cəbhəyə göndərir, özümüz isə arpa, qarğıdalı unundan hazır­ladığımız çörəklə qidalanırdıq. O da olsa. Arxa cəbhədə biz, ön cəbhədə ərlərimiz, atalarımız, qardaşlarımız döyüşdü. İkinci Dünya müharibəsi bitsə də, bizim çətinliklərimiz bitmədi. Qalib olan dövlətin gözdən, könüldən iraq qalan bir yerinin sakinləri kimi yaşadıq. Övladlarımı boya-başa çatdırmaq üçün kolxozda tütündə, pambıqda işləməli oldum, öz zəhmətimlə uşaqlarımı böyütdüm. 
    İşləməkdən belimiz bükülsə də, zəhmətimizin qarşılığını ala bilmirdik. Dinimizdən, dilimizdən, adət-ənənələrimizdən uzaq düşmüşdük. Məscidlərimiz anbarlara, tarixi abidələrimiz zibilliyə çevrilirdi. Qorxa-qorxa tonqal qaladıq bayramda, çəkinə-çəkinə oruc tutduq. Çətin günlərin sonunun gəldiyi günləri də gördük, şükür Allaha. Sovetlər Birliyinin təməl dirəkləri məhz Naxçıvanda söküldü. Azadlıq deyilən bir şərbəti doya-doya içməyə macal tapmamış mənfur qonşumuz yurdumuza hücum çəksə də, el bir olub düşməni bir addım belə yaxına buraxmadı. Gündüzlər top mərmisi altında çörək bişirib, gecələr yun corab toxuyub cəbhəyə göndərdik. Ulu Öndər Heydər Əliyevin gəlişi bizi düşmən hücumlarından, aclıqdan qorudu. Hamımız yaxşı dərk edirdik ki, Onun gəlişi hər şeyi öz yoluna qoyacaq. Şükür olsun Allaha ki yurdumuz Onun sayəsində azad günlərə qovuşdu. Uşaqlarım yaxşı məktəbdə oxuya bilməsə də, nəvə-nəticələrim gözəl məktəbdə oxuya bildilər. Onların gələcəyindən nigaran deyiləm. Bilirəm ki, xalqımızın gözəl rəhbəri var. O, Vətənimizi işıqlı gələcəyə aparır. 
    Bu ağbirçək qadınla həmsöhbət olarkən istər-istəməz insanı bir sual düşündürür: “Görəsən, yüz il yaşamağın hər hansı bir sirri varmı?” Sanki bu sualın bizi düşündürdüyünü hiss edib deyir ki, ən əsası təmiz hava, təmiz sudur. İkincisi, düzgün qidalanmaq. Bir də ki, zəhmət. “Əmək insanı ucaldar”, – deyib atalarımız. Hər səhər gün çıxmamış oyanıb, gün batandan sonra yatmaq insanın ömrünü uzadar. İnsanın qəbul etdiyi qidanın, içdiyi suyun, yaşadığı mühitin uzunömürlülüyə böyük təsiri var. Biz kənd adamları, əsasən, təbii qidalara, özümüzün əkdiyimiz məhsullara üstünlük veririk. Əsas isə səmimi, mehriban ailəyə sahib olmaqdır. Övladlarım, nəvələrim mənim qulluğumda yorulmadan dayanır. Onlar bir-birini çox sevir, bu da mənə yaşamaq həvəsi verir. Gözüm görmür, amma qızım mənim gözlərimə nur olur. Ayaqlarımda ağrılar olanda oğlum mənə dayaq olur. Artıq oğullarım, qızlarım nənə, babadır və onların xoşbəxtliyini görəndə çox sevinirəm. Məni ən çox xoşbəxt edən isə nəvələrimizin, böyütdüyümüz oğulların öz ana, bacılarının qisasını almasıdır. Bizim də kəndin oğulları həmin igidlərin içərisində yer alıb. Rüfətin, Məmmədhəsənin şəhadəti anaları kimi, mənim də ürəyimi yandırdı.
    Nənə hər sözün başında mütləq Ulu Öndərin adını çəkir, fəxrlə  Onunla həmyaşıdam deyirdi. Dahi rəhbərin davamçısına dualar edirdi. Deyirdi ki, nəvələrinin köməkliyi ilə ölkə başçısına Ümummilli Liderin yüz illik yubileyi münasibəti ilə məktub da ünvanlayıb. 
    Cəmi bir saat ömrü bir əsrə bərabər bir xanımla həmsöhbət oldum və bu bir saatda yüz ilə sığınan ömrün müxtəlif dövrlərinə səyahət etdim onunla bərabər. Şahid oldum ki, bir insanın ürəyindəki yaşamaq həvəsini yaradan səmimi və gözəl ailədir. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 09.08.2023 19:16