AZ EN RU

“Ömrün tale yükü”

    Bu yaxınlarda “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Faiq Abbasoğlunun “Ömrün tale yükü” adlı kitabı oxucu auditoriyasına ünvanlanıb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə çap olunan bu kitab bir çox məziyyətləri ilə diqqət çəkir.

    Ömrünün 65-ci baharında və Naxçıvan Dövlət Radiosunun 90 illiyində müəllifin oxucularla ilk görüşü olan bu kitabda rejisorun, əsasən, çəkilişində iştirak etdiyi, efir üçün ərsəyə gətirdiyi ədəbi-bədii, publisistik verilişlərdən bəhs olunub. Kitabda müəllifin 40 il ərzində hazırladığı verilişlərin, telefilmlərin, film-tamaşaların, telekompozisiyaların rejissor ssenariləri, bir neçə nəzəri rejissor qeydləri xronoloji ardıcıllıqla öz əksini tapıb. Qeyd edək ki, Faiq Abbasoğlu Azərbaycan televiziyasında işə başladığı dövrlərdə əsl yaradıcılıq məktəbi keçərək peşəkar rejissor kimi formalaşlb. Moskva Teleradio Təkmilləşdirmə İnstitutunda da qazandığı təcrübəni Naxçıvan televiziyasının efirində ilk tətbiq edən televiziya rejissoru da Faiq Abbasoğlu olub. 
    Azərbaycan televiziyasında ilk kövrək addımlarını atan F.Abbasoğlu V.Vampilovun “Metranpaj” komediyasına ekran həyatı verdikdən sonra daha çox tanınmağa başlayıb. Onun rus dilindən tərcümə edərək 1982-ci il aprelin 12-də efirə təqdim etdiyi bu komediya böyük uğur qazanıb. 
    Faiqin rejissorluq fəaliyyəti, əsasən, Naxçıvan televiziyası ilə bağlıdır. Ötən əsrin 80-90-cı illərində Naxçıvan televiziyasında hazırlanan müxtəlif janrlı verilişlərin, demək olar ki, böyük əksəriyyəti Faiqin peşəkar əməyinin bəhrəsidir. Televiziyaya gəldiyi ilk gündən onunla tanış olmuşam və elə o vaxtdan da əməkdaşlığa başlamışıq. Bu illər ərzində yazdığım çoxsaylı səhnəciklərə, ssenari müəllifi olduğum irihəcmli “Ayrılıq”, “Axtarış”, “Telesiqnal”, “Bunlar kiçik məsələlər deyil”, “Yeni il” və “Novruz” bayramı verilişlərinə quruluş verib, bir neçə televiziya filmi ərsəyə gətirib. Maraqlı bir cəhəti də qeyd edim ki, o, operator kimi də səhnəciklərimin əksəriyyətini kameranın yaddaşına köçürüb və onun operator işi həmişə uğurlu alınıb. Hazırladığı silsilə verilişlərin, tamaşaların musiqi və dekorasiya tərtibatını həmişə özü verib. 
    Kitabda Naxçıvan televiziyasında baş verən texniki yeniliklər detalları ilə təsvir olunub. 1932-ci il aprelin 1-də yaradılan Naxçıvan Radio Verilişləri Komitəsinin keçdiyi şərəfli yoldan bəhs edərkən müəllif yazır ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bütün sahələrdə olduğu kimi, radio və televiziya da yeni inkişaf mərhələsinə qədəm qoyub. Ulu öndərimizin tapşırığı ilə qısa müddət ərzində Azərbaycan televiziyası verilişlərinin muxtar respublika ərazisində yayımlanması və yerli teleradionun qəbulu üçün 10-dan çox radio-televiziya xətti və yarımstansiyalar quraşdırılıb. Bununla da teleradionun muxtar respublikanın əksər bölgələrində yayımlanmasına nail olunub. 
    1985-ci il sentyabrın 25-i Naxçıvan televiziyası studiyanın yeni qurulmuş rəngli texniki avadanlıqları ilə Mömünə xatın türbəsinin dairəvi rəngli fotosu fonunda efirə çıxıb. Həmin illərdə hazırlanmış “Qüdrətli diyar”, “Müqəddəs nemət”, “Şərur yallıları” rəngli televiziya filmləri, “Karvan”, “Göy qurşağı”, “Ayrılıq”, “Axtarış” və digər ədəbi-bədii, publisistik verilişlər populyarlıq qazanıb.
    1990-1993-cü illər kitabda Naxçıvan televiziyasının ən ağır və eyni zamanda yeni inkişaf mərhələsinə qədəm qoyduğu illər kimi təsvir olunub. Azərbaycan televiziyasının enerji bloku partladıldığından Naxçıvan teleradiosu yerli əhalinin yeganə informasiya vasitəsinə çevrilmişdi. Televiziya Naxçıvanda yaranan milli hərəkatı, Sədərək döyüşlərini, bütövlükdə, işıqlandırırdı. Bəzən isə hətta gecə saat 3-dən sonra fövqəladə xüsusi xəbərlər efirə ötürülürdü. Həmin dövrdə Azərbaycan televiziyasının peykə çıxışı olmadığından ölkədə baş verən hadisələrlə bağlı məlumatlar yalnız telefon və poçt vasitəsilə alınırdı. 1993-cü ildə isə Azərbaycan televiziyasının “Xəbərlər” buraxılışları ən tezi bir gün sonra əldə edilir və blokada şəraitində yaşayan Naxçıvan əhalisinə çatdırılırdı. 
    Ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı muxtar respublikanın ictimai-siyasi həyatında olduğu kimi, Naxçıvan televiziyasında da bir canlanma yaratdı. Onun sədrliyi ilə keçirilən ilk sessiyalarda Dövlət rəmz­lərinin dəyişdirilməsi ilə bağlı qəbul edilən qərarlar, Ali Məclisin Sədri kimi apardığı sessiyalar Naxçıvan televiziyasının səyyar telekameraları ilə çəkilərək hər gün Naxçıvan əhalisinə təqdim olunurdu. Ulu öndərimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra televiziya yeni inkişaf mərhələsinə qədəm qoydu və onun yaradıcılıq imkanları daha da genişləndi. 
    Ali Məclisin Sədri 1991-1993-cü illərdə tez-tez televiziyaya gəlir, canlı çıxışlar, müraciətlər edir, bəzi məsələləri əhaliyə televiziya vasitəsilə çatdırırdı. Bəzən sərhəd rayonlarındakı vəziyyət və daxildə baş verən hadisələrlə əlaqədar olaraq efirdən xalqa səslənirdi. Bu dövrdə Azərbaycan teleməkanında ilk dəfə olaraq Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan televiziyası üçün qardaş Türkiyə Respublikasından “BETEKAM” tipli telejurnalist komplekti alındı. 1992-ci ildə isə televiziyaya “PANASONİK-1000” markalı videokamera hədiyyə olundu. Bu kamera vasitəsilə Ali Məclis Sədrinin görüşləri, rayonlara səfəri və başqa tədbirlər lentə alındı. 
    Bu dövrdə Azərbaycan televiziyasının “Karvan” və “Gecə kanalı” proqramlarının bir neçə buraxılışında “Nəqşi-cahan” müstəqil kino-video studiyasının rəhbəri və müəllifi kimi çıxış edən F.Abbasoğlu 1997-ci ildən başlayaraq hər il televiziyanın “Novruz” və “Yeni il” bayramları verilişlərinə quruluş verib. Hər bayram verilişinin də yaddaqalan anları olub. Faiqin ilk dəfə studiyadan kənarda “Təbriz” mehmanxanasında maraqlı aktyor ansamblının iştirakı ilə hazır­ladığı “Göydən düşən mələk” telenovellası uğurla nümayiş olunub.
    Müstəqillik illərində Naxçıvan teleradiosu müstəqil kanalda yayımlanmağa başlayıb. Müxtəlif illərdə teleradionun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, müasir texniki avadanlıqlar quraşdırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Naxçıvan teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi “ ilə bağlı tədbirlər planının təsdiq ediməsi barədə 2018-ci il 6 fevral tarixli Sərəncamı teleradionun fəaliyyətini daha da genişləndirib, Muxtar respublikada ilk dəfə olaraq “NUHÇIXAN” informasiya agentliyi yaradılıb. Bu gün dünyanın istənilən yerindən Naxçıvan teleradiosunu internet vasitəsilə izləmək mümkündür. Bu isə muxtar respublikanın tanıdılmasının, burada həyata keçirilən böyük quruculuq işlərinin, insanların yaşayış səviyyəsinin, qədim diyarın tarixi-mədəni irsi və milli dəyərlər haqqında məlumatlarının daha geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan verir. 
    Yeni texniki avadanlıqlarla təchiz olunmuş radio və telepavliyonlar, müasir rəqəmsal telekameralar, kompüter montaj otaqları yaradıcı heyətin ixtiyarına veriləndən sonra F.Abbas­oğlu keçidlər, videoçarxlar, telekompozisiyaların hazırlanmasında yaxından iştirak edib. “Milli kino inciləri”, “Sənət yolu, sənətkar taleyi”, “Kinogülüş”, “Sənətlə ucalanlar” silsilə verilişləri yeni formatda efirə vəsiqə alıb. “Gülüş köşkü” satirik proqramı da bir neçə buraxılışı ilə tez bir zamanda tamaşaçı rəğbətini qazanıb. 2016-cı ildə şair-dramaturq Həsənalı Eyvazlının “Yasda toy əhvalatı” pyesinin motivləri əsasında ekranlaşdırdığı eyni adlı filmtamaşa, 2019-2020-ci illərdə “Naxçıvan dəmir yolları” və “Ulu çinar, xan çinar”, üçhissəli “Naxçıvan albomu” sənədli televiziya filmləri rejissor fəaliyyətində yeni səhifələr yazıb. 
    “Naxçıvan müstəqillik illərində” respublika üzrə keçirilən yaradıcılıq müsabiqəsinin qalibi kimi Fəxri diplom və mükafat alıb. 
    O dövrdə Naxçıvan televiziyası ilə sıx əməkdaşlıq edən hörmətli akademikimiz İsa Həbibbəyli Faiqin rejissor istedadını yüksək qiymətləndirərək yazırdı: “Faiq Musayev öz dəstxəti ilə Naxçıvan televiziyasına yenilik gətirdi. O, 80-ci illərdə Naxçıvan televiziyasında Mirzə Cəlilin həyat və yaradıcılığı, Naxçıvan ədəbi mühiti ilə bağlı kənar müəllif və aparıcı kimi hazırladığım silsilə verilişlərin əksəriyyətinə rejissorluq edib. İlk verilişlərdən onu duyumlu bir rejissor kimi tanımağa başladım. “Sehrli kreslo “ televiziya tamaşası o illərdə böyük tamaşaçı marağı doğurdu və mənim onun gənc rejissor kimi gələcəkdə peşəkar rejissor olacağına şübhəm qalmadı. Sonralar onun ssenarilərim əsasında çəkdiyi filmlər, verilişlər və uğurlu film-tamaşaları bunu bir daha sübut etdi. Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2000-ci ildə oynanılmış məsləhətçi olduğum “Qurbanəli bəy” tamaşası da Faiqin teatr səhnəsində rejissor bacarığını bir daha üzə çıxartdı. Bu tamaşa ilə Faiq Musayev yaddaqalan səhnə tərtibatı, orijinal rejissor yozumları, maraqlı aktyor heyəti ilə müasir tamaşaçının marağına uyğun ideyaları ön mövqeyə çəkə bildi”.
    İsa Həbibbəylinin haqqında söz açdığı “Sehrli kreslo” ifşa etmək üçün bir vasitədir. Kim bu kresloya əyləşirsə, özünə dönür, yəni onun üzündə maska yox olur. Ürəyi ilə dili həmahəng səslənir. Faiqin isə heç bir sehrli kresloya ehtiyacı yoxdur. Onun əməlləri həmişə ürəyinin hökmü ilə həmahəngdir, səmimidir. Bu səmimiyyət ömrün tale yüküdür.
    “Ömrün tale yükü” həm də Naxçıvan radiosunun 90 illik tarixinə, televiziyasının 59 illik inkişaf yoluna konkret faktlar və fotoşəkillərlə güzgü tutan bir kitabdır. Onu teleradio tədqiqatçıları üçün müraciət edə biləcək ilk mənbə, kimi də dəyərləndirmək olar.
    Faiq ömrün müdrik çağlarını yaşayır. Ürəyi sənətlə döyünür, yeni-yeni telelayihələrə imza atmaq istəyir. İşə can yandırmaq, yorulmaq bilmədən çalışmaq onun ən müsbət keyfiyyətlərindəndir. Bu gün də onun sənətə olan sonsuz məhəbbəti gənclər üçün bir nümunədir.

Hüseyn ƏSGƏROV
 Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 30.08.2022 17:36