AZ EN RU

Ömrü az, qabağı yaz Kiçik çillə

    Böyük çillədən sonrakı dönəm xalq arasında Kiçik çillə adlanır və 20 gün davam edir. Fevral ayının 1-dən etibarən Kiçik çillə başlayır. Kiçik çillənin birinci ongünlüyündə xalq arasında Xıdır Nəbi mərasimi icra olunur. Xıdırın hər evə gəlməsini arzu edən xalq müxtəlif ayinlər icra edir. Xalq həm də belə deyir ki, Xıdırın ən çox sevdiyi buğda cücərtisindən hazırlanan qovutdur. Bunun üçün qovutu kiçik qablarda evin dörd küncünə qoyurlar. İnanırlar ki, Xıdır gəlib qovutun üzərinə barmaq basacaq, bununla da o evdə bar-bərəkət artacaqdır. Türk xalqlarında, o cümlədən Azərbaycan türklərindəki etiqada görə, Xıdır bolluq, yaşıllıq, ölümsüzlük, yenilik, sevinc daşıyan hami ruhdur. Ona hörmət, ehtiram göstərilərsə, o da həmin yerə hörmətlə yanaşar, o evə bolluq arzulayar. Əgər evdə var-dövlət, bar-bərəkət çoxalarsa, el arasında “Bu evə Xıdır gəlibdir, bu nemətə Xıdır əli dəyibdir”,  – deyərlər.
    Qışın ikinci mərhələsi sayılan Kiçik çillə dönəmində hava, adətən, Böyük çillə ilə müqayisədə çox soyuq keçir. Elə xalq da deyir ki, əsas şaxta Böyük çillədən sonra olur, yəni Kiçik çillədə. Bu Kiçik çillə çox sərt olur. O qədər soyuq, şaxtalı keçir ki, meşədə heyvanlar, çöldə quşlar üşüyür, donur. 20 günlük Kiçik çillə nə qədər  sərt olsa da, ömrü qısadır. Bu vaxt  həm də günlər uzanır. Xalq yaddaşında iki qardaş və ya iki bacı kimi obrazlaşdırılan Böyük çillə və Kiçik çillə bir-birinə qarşı qoyulur. Böyük çillə nə qədər yumşaq təbiətli olaraq obrazlaşdırılırsa, Kiçik çillə onun əksinə olaraq öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə edilir. Bu baxımdan professor Azad Nəbiyevin fikirləri böyük önəm daşıyır: “...Maraqlı cəhətlərdən biri də odur ki, mərasim düşüncəsində insan özünün şərə, pisliyə münasibətinin müəyyən cəhətlərini Kiçik çillə ilə bağlı poetik düşüncəsində ifadə edir:

            Kiçik çillə..
            Boyu bir belə...
            Hikkəsi bir belə..
            Gəlişi oldu
            Hayınan.
            Gedişi oldu
            Vayınan.
            Əlində qırmanc,
            Eli-günü yandırdı,
    Neçə günahsız doqqaz bağladı,
    Neçə alaqapı sındırdı.
    Kəsdi neçə  evin yağmasın,
    Pendirin, çörəyin, ağmasın...”.

    Kiçik çillə dönəmində havaların soyuq keçməsindən xalq heç də narahat deyildir. Çünki Böyük çillə demişkən: “Ömrü azdır, qabağı yazdır”. Hər kəs kəskin soyuqlarla müşayiət edilən havaların müvəqqəti olduğuna inanır. Həm də qədim təfəkkürdən irəli gələrək insanlar elə qışın ilk mərhələsindən – Böyük çillə zamanından işlərini, necə deyərlər, ehtiyatlı tutmuş, soyuq qışın onların təsərrüfat və məişətlərinə vura biləcəyi ziyanın qarşısını almaq üçün öz tədbirlərini görmüş, çillə mərasimlərinin, ayin və ritualların icrasını həyata keçirərək, bir növ, özlərini soyuq qış təhlükəsindən sığortalamışlar.     
    Xalq təsəvvüründə çillədən çıxmaq ağırlıqdan, məşəqqətdən qurtulmağa bərabərdir. “Çillə” sözünü bir çox tədqiqatçılar müxtəlif şəkildə izah edirlər. Folklorşünas Cəlal Bəydili bununla bağlı yazır ki, “çillə” sözü məhrumiyyət, sıxıntı, əziyyət çəkmə mənalarını verir. Bu məqam bir bayatıda öz əksini tapır:

        Əllərin saza bənzər,
        Boyun gülnaza bənzər.
        Bir kərə səni görsəm, 
        Çilləm də yaza bənzər.

    Kiçik çillə dönəmində hava şəraitinin kəskin soyuqlarla müşayiət olunmasına baxmayaraq, sonrakı dönəmin – Boz ayın gətirəcəyi soyuqlu-istili günlər insanların qəlbində yeni həyata ümid yaradır. Odur ki, “ömrü az, qabağı yaz” olan Kiçik çillə insanları öz soyuqluğu və şıltaqlığı ilə qorxuda bilmir. Güney Azərbaycan folklorunda da Kiçik çillənin ərköyünlüyü, təbiət etibarilə ziyanxor olmağı poetikləşir:
    Kiçik çillə:

      Şaxtamı kəndə salaram,
      Ağacları çatladaram.
      Hər yanı buz bağladaram,
      Tamam xəlqi ağladaram

    Böyük çillə:

      Qabağın yazdır sənin,
      Ömrün çox azdır sənin.
      Hərbə-zorba demə çün,
      Fikrin dayazdır sənin.

    Kiçik çillənin, xalqımız demişkən, qışın oğlan çağının insanlara, onların təsərrüfat və məişətinə vura biləcək ziyanının qarşısını almaq üçün keçmiş dönəmlərdə icra olunan bir çox ayin və rituallar olub ki, onların çox az qismi müasir günümüzədək gəlib çıxıb. İstər qədimlərdə icra olunan, bu gün isə yalnız kiçik poetik örnəklərdə izləri yaşayan ayin və rituallar, istərsə də günümüzdə də icrası müşahidə olunan mərasim örnəkləri xalqımızın qədim mifoloji dünyagörüşündən xəbər verir.

Aytən Cəfərova 
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat 
İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, dosent

Nəşr edilib : 31.01.2023 19:56