AZ EN RU

Ombudsmanın ünvanına 2023-cü ildə isə 207 vəkil tərəfindən 576 müraciət daxil olub

Ölkəmizdə vəkillik fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və vəkillik sahəsində aparılan islahatlar son nəticədə insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə şərait yaradır.

Bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün keçirilən andiçmə mərasimində çıxış edərkən deyib.

“Ombudsman təsisatı olaraq əhalinin peşəkar hüquqi yardımla təmin edilməsi, bununla da hüquq və azadlıqların daha etibarlı müdafiəsi, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə işinin təşkili istiqamətində Vəkillər Kollegiyası ilə əməkdaşlıq davam etdirilir. Ombudsman “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun, habelə vəkillik fəaliyyəti ilə bağlı digər normativ-hüquqi aktların təkmilləşdirilməsi prosesində yaxından iştirak edir”, - deyə S.Əliyeva bildirib.

S.Əliyeva qeyd edib ki, vəkillərin fəaliyyəti ilə bağlı Ombudsmana ünvanlanmış şikayətlərlə əlaqədar müvafiq araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Vəkillər Kollegiyasına göndərilmiş müraciətlərə xüsusi həssaslıqla yanaşılır və zəruri tədbirlərin görülməsi təmin edilir:

“Vəkillər tərəfindən Ombudsmana ünvanlanan şikayətlərə də qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılaraq cavablandırılması təmin edilir. Xatırladım ki, Ombudsmanın ünvanına 2022-ci ildə 6 vəkil tərəfindən 148, 2023-cü ildə isə 207 vəkil tərəfindən 576 müraciət daxil olub”.

Nəşr edilib : 21.06.2024 11:12