AZ EN RU

Ombudsman Günay Rzayeva Naxçıvan Qızlar liseyində olub

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva “Uşaq Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Qızlar liseyində olub.

Şagirdlərlə görüş zamanı Ombudsman Günay Rzayeva İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edildiyini, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması olduğunu, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli olduğunu vurğulayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən hazırlanmış “Sağlamlıq imkanları məhdud uşaqların hüquqi müdafiəsi” adlı məlumat kitabçasının və “Mənim hüquqlarım” adlı vəsaitin təqdimatı keçirilib.

Tədbirin sonunda uşaq hüquqları sahəsində fikir mübadiləsi aparılıb, suallar Müvəkkil tərəfindən cavablandırılıb.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə

Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 14.11.2023 15:35