AZ EN RU

Ombudsman: Fransa kimi ölkələr sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir

Özünü demokratiyanın beşiyi hesab etməsinə baxmayaraq, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir.

Bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, BMT Baş Assambleyası tərəfindən 75 il əvvəl qəbul edilmiş və mütərəqqi müddəaların əhəmiyyətinə görə hələ də təməl sənədi hesab olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təminini özündə ehtiva edir.

“Ümumbəşəri xarakterə malik olan həmin sənədin 4-cü maddəsinə əsasən heç kəs kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz, quldarlıq və qul ticarəti bütün formalarda qadağan edilir. Bu il bu sənədin qəbul olunmasının 75 illiyinin qeyd olunduğu müasir dövrdə hələ də dünyada müstəmləkə siyasəti ilə məşğul olan ölkələrin mövcud olması təəssüf doğurur”, - deyə ombudsman qeyd edib.

Nəşr edilib : 20.10.2023 10:46