AZ EN RU

Ombudsman: Bu günə qədər 18 hesabat beynəlxalq qurumlara və məhkəmələrə təqdim olunub

Dəvət olunmuş xarici ekspertlər öz bilik və bacarıqlarını buradakı dövlət qurumlarının nümayəndələri ilə bölüşəcəklər. Məlumdur ki, Azərbaycan bütün beynəlxalq hüquq, norma və prinsiplərə hörmətlə yanaşır, onlara hörmət edir. Təəssüf ki, Azərbaycana qarşı biz bu hörməti görmürük. Çünki ən çox mina terrorundan əziyyət çəkən ölkələrdən biri məhz Azərbaycandır.

Bu fikirləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Naxçıvanda jurnalistlərə müsahibəsində deyib.

“Otuz ilə yaxın müddətdə biz bütün qurumlara müraciət etsək də, 4000-minə yaxın soydaşımızın taleyi barədə məlumat ala bilməmişik. Onların arasında xeyli sayda qadın və uşaqlar var. İşğaldan azad olunan ərazilərimizdə kütləvi məzarlıqlar aşkar edildi. Oradan tapılan insan qalıqları üzərində işgəncə faktlarına rast gəlirik. Hesab edirik ki, bu cür konfransların, seminarların təşkil olunması, həmçinin Naxçıvanda keçirilməsi olduqca vacibdir. Bu konfranslar vasitəsilə biz öz haqlı sözümü birbaşa və bilavasitə çatdırmaq imkanı əldə etmiş oluruq”, - deyə Səbinə Əliyeva vurğulayıb.

Ombudsman qeyd edib ki, bu günə qədər təsisat tərəfindən 18 beynəlxalq meyara cavab verən hesabatlar beynəlxalq qurumlara və məhkəmələrə təqdim olunub. Onlardan ikisi mina terroru haqqında və itkin düşmüş şəxslər haqqında hesabatlardır. Cavab isə bizi qane edir deyə bilərik. Təbii ki, bunlar uzun perspektiv tələb edən işlərdir. Növbəti belə hesabatımız isə ümumi aşkar olunan kütləvi məzarlıqlar barədə olacaq.

Qeyd edək ki, bu gün Naxçıvanda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri” mövzusunda seminar keçirilir.

Nəşr edilib : 22.11.2023 12:37