AZ EN RU

“Ölməz qəhrəmanlar” kitabının təqdimatı keçirilib

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclik” Mərkəzində şairə Sevda İbrahimlinin şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Ölməz qəhrəmanlar” kitabının təqdimatı keçirilib. Əvvəlcə Vətən müharibəsi qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.       

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Asim Əliyev bildirib ki, Sevda xanımın “Ölməz qəhrəmanlar” kitabı şəhidlərin ruhuna bir töhfədir. Vətən qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi də onların ruhuna sonsuz ehtiram hissindən irəli gəlir. Asim Əliyev 44 günlük Vətən müharibəsində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə qeyd edib ki, Vətənin bütövlüyü uğrunda canını qurban vermiş bütün oğulların xatirəsi hər kəs üçün əzizdir. Vətən bizim şəhidlərimizdi. Şəhidlərimizin həyat yolu isə gələcəyimiz olan gənclərimizə örnəkdir.

Kitabın müəllifi Sevda İbrahimli kitabın redaktoru və ərsəyə gəlməsində böyük əməyi olan Gülnarə Cəbiyevaya minnətdarlıq edərək bildirdi ki, 176 şəhidin yer aldığı “Ölməz qəhrəmanlar” kitabı vətənpərvərlik mövzusunda yazılan üçüncü kitabdır: –Düşünürəm ki, hər bir qələm sahibinin borcudur ki, onların xatirəsini əbədiləşdirmək üçün əlindən gələni etsin.

Müəllif Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidlərin valideynlərinə dərin ehtiramını bildirdi. Çıxışında kitab haqqında məlumat verərək vətənpərvər ruhda şeirlər səsləndirdi.

         Tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların valideynlərinin çıxışları dinlənilib, müəllifə “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin fəxri fərmanı təqdim olunub.

Tədbirin bədii hissəsində Naxçıvan Texniki Kollecinin tələbələrinin təqdimatında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.                                               

Sonda “Ölməz qəhrəmanlar” kitabı şəhid ailələrinə təqdim edilib.

 

Bülbül QULİYEVA

Nəşr edilib : 16.05.2024 17:43