AZ EN RU

Ölkənin müxtəlif rayonlarında qızılca xəstəliyi yayılmaqdadır

Naxçıvanda epidemioloji vəziyyət necədir?

    Hərtərəfli inkişafın əsas meyarlarından biri də əhalinin sağlam epidemioloji mühitlə əhatə olunmasıdır. Epidemioloji sabitliyin qorunub saxlanılması isə o halda mümkün olur ki, işə kompleks şəkildə yanaşılsın, dövlətin həyata keçirdiyi müvafiq profilaktik tədbirlərlə yanaşı, cəmiyyətin özündə də bu işə ümumi maraq formalaşsın. Virus infeksiyalarından qorunmağın və xəstəliklərə yoluxmamağın üsulları, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində görülən işlər haqqında məlumat almaq, xüsusilə də son zamanlar Naxçıvanda qızılca xəstəliyinin yayılması ilə bağlı xəbərlərə aydınlıq gətirmək üçün Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Pəri Əliyevaya müraciət etdik. 

    Baş həkim bizimlə söhbətində bildirdi ki, qış soyuğu ilə bərabər bir sıra mövsümi xəstəlikləri də özü ilə gətirir. Xüsusilə də xroniki, infeksion xəstəliklər bu mövsümdə kəskinləşir. Bildiyiniz kimi, son zamanlar Azərbaycanın müxtəlif rayonlarında qızılca xəstəliyi yayılmaqdadır. Amma Naxçıvan Muxtar Respublikasında hazırda epidemioloji vəziyyət sabitdir. Bunun səbəbi isə Naxçıvanda uşaqlar arasında immunizasiya prosesinin yüksək səviyyədə aparılmasıdır. Çünki muxtar respublika ərazisində peyvənddən imtina hallarına çox nadirən rast gəlinir. Naxçıvanda indiyədək qızılca xəstəliyi ilə bağlı Yoluxucu Xəstəliklər Mərkəzinə bir azyaşlı stasionar xəstə qəbul edilib. Həmin xəstə isə müalicə olunaraq sağalıb və evə buraxılıb.
    Ümumiyyətlə, qızılca xəstəliyi hava-damcı yolu ilə yoluxan infeksiyadır. Yoluxuculuğu çox yüksəkdir. Bu yalnız uşaqlarda deyil, həm də böyüklərdə də rast gəlinə bilən bir xəstəlikdir Qızılca xəstəliyinə yoluxma ömürdə bir dəfə olur. Sonra insanda daimi immunitet yaranır, ikinci dəfə yoluxma olmur. Amma heç vaxt qızılcaya yoluxmayanlar peyvənd olunsalar belə qızılcaya yoluxa bilərlər. Sadəcə, peyvənd olunduqları üçün xəstəliyi çox yüngül keçirirlər. Buna görə də vaksinasiya vacibdir. Bu xəstəliyin əlamətləri kimdəsə qeydə alınarsa, həmin şəxslər mütləq sahə həkiminə və ya Youlxucu Xəstəliklər Mərkəzinə müraciət etsinlər. 
    Biz hazırda payız-qış mövsümündə bu xəstəliklərin yayılma ehtimalını nəzərə alaraq muxtar respublikanın ərazisində dezinfeksiya işlərini aparırıq. Ötən həftə muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində və bağçalarda dezinfeksiya işləri aparıldı. Sanitar-epidemioloji vəziyyətin qorunub saxlanılmasında əsas tədbirlərdən biri də maarifləndirmə işlərinin aparılmasıdır. Bunun üçün həm kütləvi informasiya vasitələrinin imkanlarından istifadə olunur, həm də mütəmadi olaraq əhali arasında maarifləndirici söhbətlər aparılır. Xüsusilə məktəb tibb bacılarına bu haqda geniş məlumat verilib. 
    Qəzetiniz vasitəsilə valideynlərə bildirmək istərdim ki, 0-6 yaşlı uşaqları peyvənddən yayındırmasınlar. Peyvənd cədvəlinə uyğun olaraq uşaqlara peyvənd vurdursunlar. Hər kəsə məlumdur ki, immunitet orqanizmin sahib olduğu bioloji müdafiədir. O, orqanizmi xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz bioloji hücumlardan qoruyur. Yoluxucu xəstəliklərə yoluxmamaq üçün immuniteti gücləndirən qidalardan istifadə etsinlər. Daha çox meyvə, tərəvəzlərlə qidalanıb, bol maye qəbul etsinlər. 
    ...Unutmamalıyıq ki, epidemioloji vəziyyəti qorumaq hər kəsin vətəndaşlıq borcudur. Viruslardan qorunmaq üçün mütəxəssis həkimin çağırışlarına əməl edərək özümüzün, ətrafımızdakıların, ümumiyyətlə, cəmiyyətimizin sağlamlığını qoruya bilərik.

Gülcamal TAHİROVA

Nəşr edilib : 04.12.2023 15:59