AZ EN RU

Ölkəmizin parlaq gələcəyinə səs verdik

    7 fevral 2024-cü il ölkəmiz üçün çox əlamətdar bir gün kimi tarixə yazıldı. Bütün Azərbaycan olaraq birliyimizi və bərabərliyimizi yenidən nümayiş etdirdik. Muxtar respublikamızdakı seçici fəallığı 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi üzrə seçki məntəqələrində də hiss olunurdu. 
    Qeyd edək ki, bu dairə üzrə 46 məntəqədə 48046 seçiciyə səs vermək üçün hərtərəfli şərait yaradılmışdı. Onlar arasında ilk dəfə səs verən seçicilərin sayı  3517 nəfər təşkil edirdi. Dairə üzrə daşınan seçki qutusu üçün müraciət edənlərin sayı 69 nəfər idi. Ən çox seçici sayı isə 38 saylı Ərəzin seçki məntəqəsində idi. Bu seçki məntəqəsi üzrə 1468 nəfər qeydə alınmışdı. Həmçinin 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsinin 20, 29, 33, 34, 38 saylı seçki məntəqələrində müşahidə kameraları quraşdırılmışdı.
    Səhər saatlarından başlayaraq 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsinin 34 saylı seçki məntəqəsində xalqının gələcəyi üçün səs verməyə gələn sakinlər fəallıqları ilə diqqəti çəkirdilər. Artıq xalqımızın qürur mənbəyinə çevrilmiş şəhid ailələri də seçkidə öz layiqli namizədinə səs vermək üçün bu prosesdə fəal iştirak edirdilər. Onlardan biri də İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş leytenant Yaqub Nəcəfovun anası Xuraman Nəcəfova idi. Şəhid anası bildirdi ki, 7 fevral növbədənkənar prezident seçkiləri tarixi seçkidir. Çünki bu seçki Azərbaycanın bütün bölgələrində, o cümlədən qəhrəman oğullarımızın öz canları bahasına işğaldan azad etdiyi bütün ərazilərdə keçirilir. Buna görə də bütöv Azərbaycan xalqı seçkilərdə iştirak etmək, səs vermək üçün bu günü gözləyirdi. Ailəmiz də həmçinin. Biz də bütün ailə üzvlərimizlə birgə xalqımızın, ölkəmizin parlaq gələcəyi naminə seçkilərdə iştirak etdik və öz layiqli namizədimizə səs verdik. Düşünürük ki, Azərbaycanın gələcəyi daha yaxşı olacaq və Ulu Öndərimiz Heydər Əliyevin də dediyi kimi: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Bir sözlə, qürur duyuram ki, prezident seçkilərində yüzlərlə şəhid anaları kimi mən də öz iradəmlə seçkidə iştirak edərək xalqımızın parlaq sabahlarına səs verdim. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 07.02.2024 23:33