AZ EN RU

Ölkəmizin etibarlı gələcəyi təhsilli gənclərin əlindədir

    Cəmiyyətin inkişaf yolu təhsildən keçdiyindən, təbii olaraq təhsilin gücü bütün sahələrin inkişafına təsir göstərir. Bu gün Azərbaycanın təhsil sektorunda keyfiyyət dəyişiklikləri baş verir və özünün ictimai, iqtisadi, mədəni xarakteri ilə daha dərin köklərə malik olduğunu göstərir. Bu köklər isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər təhsil sisteminin fəaliyyətinin milli zəmində və müasir tələblər səviyyəsində qurulmasında əvəzsiz xidmətlər göstərmişdir. Və bu xidmətlər artıq neçə illərdir, öz bəhrələrini verir. 

    Hazırda Azərbaycanın təhsil sistemi, dünyanın ən mütərəqqi ölkələrinin təhsil, təlim metodlarından istifadə etməklə təkmilləşdirilir, məzmun və struktur dəyişiklikləri aparılır. Bunun nəticəsində isə ölkəmizin etibarlı gələcəyini tam təmin edəcək savadlı, işinin öhdəsindən layiqincə gələn gənc mütəxəssislər yetişir. Təhsil sisteminin inkişafını hər tədris ilinin sonunda keçirilən qəbul imtahanlarının nəticələri də təsdiqləyir. Bu baxımdan Naxçıvan gəncləri yüksək göstəricilər əldə edərək ölkə miqyasında öncül yerlər qazanması təqdirəlayiq haldır. Cari ildə Şahbuz rayonunda da yüksək nəticə göstərən abituriyentlər olub. Həmin abituriyentlərdən biri Kükü kənd orta məktəbinin şagirdi Əli Məmmədlidir. IV ixtisas qrupunu seçən Əli attestat imtanından  285, blok imtahanından 382,2 olmaqla, ümumilikdə, 667,2 bal toplayıb. O, orta məktəbin yekun nəticələrinə görə “Qızıl” nişana layiq görülüb. Azərbaycan Tibb Universitetinin ingilisdilli tibb ixtisasını seçən Əli bildirir ki,  inamla addımladığı bu yolda valideynlərinin rolu əvəzsizdir. Müəllimlərinin inamını yanıltmadığına, ailəsini bu uğurla qürurlandırdığına görə çox sevinir. O, bir çox olimpiadalarda, intellektual yarışlarda iştirak edib. Gələcəkdə peşəkar həkim olmaq, seçdiyi ixtisasa dərindən yiyələnmək üçün var qüvvəsi ilə çalışacağını, daim axtarışda olacağını deyir. 

    Şahbuz rayon Badamlı qəsəbə tam orta məktəbini bitirən Yaqub Məmmədli də tələbə adını qazanmaq yolunda inamla irəliləyir. II ixtisas qrupu üzrə 580 bal toplayan Yaqubun seçimi Azərbaycan Dövlət İqtisad Universitetidir. İngilisdilli iqtisadiyyat ixtisasında təhsil almaq arzusu ilə yaşayan müsahibim nəticələrin elan olunmasını səbirsizliklə gözlədiyini deyir: – Bildiyim suallar idi,  rahat şəkildə cavablandırdım. Qətiyyən həyəcanlanmadım, çünki öz biliyimə inanırdım. Qəbul imtahanlarına hazırlaşdığım müddətdə ailəm daim dəstəkçim olub. Universitetdə oxuduğum zaman daha böyük uğurlar qazanıb ailəmin mənə qarşı olan inamını, zəhmətini doğrultmağa çalışacağam. Daim inkişaf yolunda olub, biliklərimi xeyli zənginləşdirəcəyəm.  

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin məzunu Orxan Məmmədli isə III ixtisas qrupu üzrə 560 bal toplayıb: “Düşünürəm ki, yüksək nəticə göstərmək hər bir abituriyentin arzusudur. Bunun üçün 2 il müddətində böyük həvəslə, məsuliyyətlə çalışmışam. Nailiyyət əldə edəcəyimə inanırdım. Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini seçmişəm. Hüquq-mühafizə illərdir, xəyalını qurduğum və gələcəkdə çalışmaq istədiyim sahədir. İnanıram ki, topladığım bal sevərək seçdiyim ixtisasa qəbul olmağıma imkan verəcək. Və beləliklə də, mən gələcəkdə öz arzuma çatacağam.
    Hər bir insana öz etibarlı, inamlı gələcəyini formalaşdırmaq, zəruri bilik və bacarıq əldə etmək üçün elm, təhsil əlverişli imkan yaradan əsas faktorlardan biridir. Gələcəkdəki arzularını reallaşdırmaq yolunda qətiyyətli addımlar atan müsahiblərimizə biz də gələcək təhsil həyatlarında uğurlar arzulayırıq.

Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 30.08.2023 19:46