AZ EN RU

Ölkəmiz ümumdünya mədəniyyətinə və sivilizasiyasına mühüm töhfələr verir

“Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir”, deyən Azərbaycan multikulturalizminin siyasi banisi, Ümummilli Lider Heydər Əliyev ölkəmizi milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma Vətəni adlandırmışdır. Ulu Öndərin ideyalarını layiqincə davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin illər əvvəl dediyi “Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib” fikri zamanla multikulturalizm anlayışının beynəlxalq əhəmiyyətini, bəşəriyyətin inkişafında məhz tolerantlıq və multikultural dəyərlərə sahib olmağın mühüm əhəmiyyət kəsb etdiyini dərindən dərk etmək baxımından bir çox məqamlara işıq salıb. Dövlət başçısının imzaladığı müvafiq Sərəncamla 2016-cı ilin Azərbaycanda “Multikultiralizm ili” elan edilməsi bir daha Şərqlə Qərbin qovşağında yerləşən ölkəmizdə dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların bir ailə kimi yaşadığını göstərdi.

Dünyada müxtəlif milli-dini zəmində toqquşmaların, savaşların getdiyi bir vaxtda Vətənimizdə yaşayan müxtəlif millətlərin, etnik qrupların birliyi və həmrəyliyi, onlar arasındakı dostluq qürurvericidir. Biz II Qarabağ müharibəsi zamanı da bunun yaxından şahidi olduq. Ölkəmiz multikultural ənənələrə sadiq olduğunu dəfələrlə nümayiş etdirməklə mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə öz töhfələrini verib.

Bəşəriyyətin qlobal təhlükələrlə üz-üzə qaldığı indiki dövrdə dövlətimiz tərəfindən həyata keçirilən iri miqyaslı enerji, nəqliyyat layihələri ölkədəki daxili sabitlik və təhlükəsizliyin və onu reallaşdıran milli tolerantlıq və multikulturalizm siyasətinin sayəsində mümkün olub. Və bu, bütün dünya üçün örnəkdir. Məhz mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Bakı Prosesi”nin hissəsi olaraq mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq edir. Fərqli etnik, mədəni, din və dil mənşəyi olan insanları bir araya gətirən forumun əsas məqsədi dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Həmçinin Cənubi Qafqazda yaradılan yeni reallıq fonunda sülh, qarşılıqlı hörmət və anlaşma mühitinin yaradılmasına töhfə verməyə böyük çağırışdır. Azərbaycan dövlətinin başçısı Forumun açılış mərasimindəki nitqində dedi: – “Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”.

Bu gün ən müxtəlif milli-etnik qrupların nümayəndələri dinindən, millətindən asılı olmayaraq mehriban ailə, dost, qardaş kimi yaşayırlar və onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Onlar tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq üçün milli-mədəniyyət mərkəzlərini, birliklərini, ittifaqlarını yaradıb, öz dillərindən istifadə edir, dini ibadətlərini rahat şəkildə həyata keçirirlər. Daha çox məskunlaşdıqları yaşayış məntəqələrində onların folklorunun, mədəniyyətinin geniş təbliği üçün tədbirlər təşkil olunur. Əlbəttə ki, qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi, xalqların mədəniyyətlərinin qorunaraq nəsildən-nəslə ötürülməsində Heydər Əliyev Fondunun dəstəyi danılmazdır. Ölkəmizdə yaradılan sağlam mühit hesabına bütün dinlərin və etnik qrupların nümayəndələri sülh, əmin-amanlıq içərisində yaşamaqla ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 07.05.2024 14:24