AZ EN RU

Ölkəmiz Qafqazda sülh və əməkdaşlığı fəal şəkildə təşviq etdiyini növbəti dəfə dünyaya bəyan etdi

    Tarixboyu Vətənimizi və müqəddəs torpaqlarımızı qorumaq ən ali amalımız, vəzifəmiz olub. Lakin xalqımız müstəqillik qazanmaq arzusunun gerçəkləşməsinə az qalmış erməni qəsbkarları tərəfindən torpaqlarımızın işğalı ilə üzləşib. Hakimiyyətdə olan qüvvələrin yarıtmaz fəaliyyəti Qarabağın, doğma Şuşamızın işğalı ilə nəticələnib. Şuşanın işğalı xalqımız üçün ən böyük zərbə, böyük fəlakət olub. 
    90-cı illərdə dağılmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı Ümummilli Liderimiz Heydər Əliyev xilas edib, xalqımıza arzuladığı, uğrunda mübarizələr apardığı müstəqilliyini, azadlığını bəxş edib. Görkəmli dövlət xadimi ən yüksək kürsülərdə çıxışları zamanı torpaqlarımızın işğalını pisləyib, haqq-ədalətin bir gün öz yerini tapacağına, torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyini ifadə edib. Ulu Öndərin ən böyük arzusu olan Şuşanın azadlığını onun siyasi varisi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev gerçəkləşdirdi. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Prezident cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, qüdrətli ordumuzun canı-qanı bahasına əldə edilən Böyük Zəfərin təməli məhz noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə qoyuldu. Beləliklə, ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandan cənab İlham Əliyevin bu xəbəri böyük fəxarətlə Şəhidlər xiyabanından elan etməsi bütün azərbaycanlılara sevinc, qürur yaşatdı. Böyük Zəfər nəticəsində imzalanan üçtərəfli Bəyanatla Ermənistan Azərbaycan qarşısında məğlubiyyətini etiraf etdi və sülh üçün razılığa gəlindi. Lakin ötən müddətdə Ermənistan bəyanatın prinsiplərinə laqeyd yanaşaraq dəfələrlə müxtəlif addımlarla onun müddəalarını pozmuşdur. 
    Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda postmünaqişə dövründə bir daha Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə nəzər salınıb, onun Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təminində mühüm roluna diqqət çəkilib. Bir çox cəhətlərinə görə əlamətdar olan bu konfransın keçirilməsi üçün Şuşanın seçilməsi təsadüfi deyildi. Şuşa Türk dünyasının mədəniyyət paytaxtı, tarixi, mədəni, strateji əhəmiyyətli Azərbaycan şəhəridir. Eyni zamanda Şanlı Zəfərimizin rəmzidir. Ötən ilin “Şuşa ili” elan edilməsi və onun 270 illiyinin dövlət səviyyəsində geniş qeyd edilməsi Şuşanın tarixi Azərbaycan şəhəri olduğunu dünyaya bir daha təsdiq etdi. Konfransın Şuşada keçirilməsinin əhəmiyyətinə toxunan ölkə başçısı Şuşanın heç vaxt ermənilər üçün doğma şəhər olmadığını, işğal dövründə, demək olar ki, tamamilə dağıdıldığını bildirdi, Şuşada aparılan bərpa və yenidənqurma işlərinə diqqəti çəkdi. 
    ABŞ-ın Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şaferin də konfransda dediyi kimi, Azərbaycan BMT-nin qətnamələrini özü icra etməli oldu. Ölkəmiz Böyük Zəfərlə tarixi ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini bərpa etdi. Ölkəmiz sülh sazişi haqqında danışıqların başlanılmasının təklif etməklə Cənubi Qafqazda daim sülhün, təhlükəsizliyin tərəfdarı kimi çıxış edir. Ölkə başçısı dəfələrlə Ermənistanı düşmənçilik səhifəsini bağlamağa çağırmış, sülh sazişinin onların marağına xidmət edəcəyini demişdir. Lakin Ermənistan müxtəlif bəhanə və addımlarla bu prosesi ləngitmişdir. Konfransda dövlətimizin başçısı sülh məsələsi ilə bağlı onu da qeyd etdi ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Onlar yenə də təcrid edilməli və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer axtarmalı olacaqlar. Ölkə başçısı Ermənistana havadarlıq edənlərə, keçmiş Minsk qrupunun həmsədr ölkələrini kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək olmağa çağırdı.
    Müharibədə olduğu kimi, sülh dövründə də daim Azərbaycanın yanında olan və ona dəstək verən Türkiyə regionda sülh və sabitlik üçün Ermənistanla dayanıqlı sülhü dəstəkləyir. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafını təmin edir, eyni zamanda müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım, ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələlərini də özündə əks etdirir. Prezident cənab İlham Əliyev konfransda Şuşa Bəyannaməsinin imzalanmasının tarixi hadisə olduğunu, Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə münasibətlərimizin təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda müttəfiqlər arasında olan münasibətlərə çevrildiyini, hər iki ölkənin müttəfiqliyinin regional sabitliyin və təhlükəsizliyin təminində mühüm rol oynadığını bir daha dünyaya bəyan etdi. 
    Konfransda iqtisadi və dayanıqlı inkişaf siyasətindən, bu mənada, böyük potensiala malik olan “Bir kəmər, bir yol” layihəsinin roluna diqqət çəkildi. Ölkə başçısı Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün həmişə Azərbaycan tərəfindən dəstəkləndiyini, bu yolun təkcə nəqliyyat təhlükəsizliyi baxımından deyil, həm də kommersiya baxımından əhəmiyyətli olacağını diqqətə çatdırdı. Zəngəzur dəhlizinin “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub Dəhlizinin tərkib hissəsi ola biləcəyini qeyd edən dövlətimizin başçısı Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı olduğunu və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına biləcəyini qeyd etdi. 
    İstər Ermənistanla sülh sazişinin imzalanması, istərsə də Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edir. Bu beynəlxalq konfransla ölkə Prezidenti növbəti dəfə Şuşadan dünyaya sülh və əməkdaşlıq çağırışı etdi, ölkəmizin Cənubi Qafqazda sülh və təhlükəsizliyi fəal şəkildə dəstəklədiyini bir daha göstərdi.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 05.05.2023 22:56