AZ EN RU

Ölkə və beynəlxalq miqyaslı yarışlardan 95 medal

    Azərbaycanda sağlam, vətənpərvər, savadlı, milli dəyərlərə sadiq gənclik modeli formalaşdırılıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq prinsipi əsasında yetişən gənclərimiz dövlət, xalq qarşısında ali vəzifələr yerinə yetirir, ölkəmizin inkişafına töhfə verməyə çalışırlar. Ölkə başçısının rəhbərliyi ilə gənclər və idman siyasətinin uğurlu icrası Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da özünü təcəssüm etdirir. Gənc nəslin sağlam həyat tərzinə cəlbi, onların vətənpərvər ruhda formalaşdırılması, müxtəlif sahələrdə inkişafı istiqamətində məqsədyönlü addımlar atılır.

    Ötən ay ərzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması, bədən tərbiyəsi və idmanın inkişafı, gənclərin vətənpərvər ruhda formalaşdırılması, onların cəmiyyətdəki aktivliyini artırmaq və şəxsi inkişafına dəstək olmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilib, yeni nailiyyətlər qazanılıb.

    “Heydər Əliyev İli” ilə əlaqədar gənc dövlət qulluqçuları arasında “Nə? Harada? Nə zaman?”  intellektual oyunu keçirilib. 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İstedadlı uşaqlar-2023” festivalı reallaşıb. 5 iyun – Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksinin ərazisində gənclər tərəfindən ekoloji təmizlik aksiyası keçirilib. Naxçıvan şəhərində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub, bununla yanaşı, hərbi hissələrdən daha birində zabit və əsgərlərimizlə görüş keçirilib.
    2023-2024-cü illər lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün “Araz-Naxçıvan” PFK-ya lisenziya təqdim olunub, klubun üzvləri isə lisenziya menecerliyi üzrə sertifikata layiq görülüblər. Muxtar respublikada fəaliyyət göstərən nazirliklər arasında “Heydər Əliyev kuboku” uğrunda futzal turniri böyük maraqla qarşılanıb və 1 aya yaxın davam edən yarışın oyunlarını yüzlərlə idmansevər birbaşa tribunadan izləyib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilən və 100-ə yaxın gimnastın fərdi və qrup halında bədii kompozisiyalarla, müxtəlif rəqs nömrələri ilə tamaşaçıların qarşısında çıxış etdiyi “Gimnastika hamı üçün” festivalı da maraqla qarşılanıb. Azərbaycan Gimnastika Federasiyasının heyəti tərəfindən bədii gimnastika və gimnastika hamı üçün idman növlərində ustad dərsləri reallaşıb. Yaşı 18-dən yuxarı olan həvəskar idmançılar arasında stolüstü tennis üzrə “Heydər Əliyev İli”nə həsr olunmuş muxtar respublika açıq birinciliyi keçirilib. Geniştərkibli idmançı heyətinin tibbi müayinəsi reallaşıb, idman müəssisələrində yoluxucu xəstəliklərə qarşı ənənəvi qaydada həyata keçirilən dezinfeksiya işləri davam etdirilib.
    İyun ayında Naxçıvan idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlardan 28-i qızıl, 29-u gümüş, 38-i bürünc olmaqla, ümumilikdə, 95 medal qazanıblar. Gürcüstanın Kutaisi şəhərində yeniyetmə boksçular arasında keçirilən beynəlxalq turnirdə Elbrus Kərimli və Ucal Musayev bürünc medala layiq görülüblər. Batumi şəhərində “İnternational Batumi Open” beynəlxalq karate turnirində idmançılarımız 5-i qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla, ümumilikdə, 12 medal qazanıblar. Atletika üzrə böyüklər arasında Azərbaycan çempionatında Əmrah Nağıyev 1500 metr və 3000 metr məsafələr üzrə ikinci, Aysu Abbasova isə 1500 metr məsafədə üçüncü, 3000 metr məsafədə ikinci yerə sahib çıxıb. Bundan əlavə, Əmrah Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş atletika üzrə 26-cı beynəlxalq turnirini (2 qızıl) və “Qurtuluş yürüşü 2023” marafonunu qalib kimi tamamlayıb, Aysu isə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə ölkə yay birinciliyində 2 qızıl medal qazanıb. Ölkə yay birinciliyində digər təmsilçilərimiz 3 gümüş medal əldə ediblər. 2023-cü ildə göstərdiyi nəticələr və gələcək perspektivləri nəzərə alınmaqla atletlərimiz Aysu Abbasovaya və Onur Bayramova Azərbaycan Atletika Federasiyasının fərdi təqaüdü təyin olunub. Bakı şəhərində para-stolüstü tennis üzrə böyüklərin Azərbaycan çempionatında Camal Həsənov həm fərdi, həm də komanda yarışlarında ikinci olmaqla gümüş medallara yiyələnib. 8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatında Seyid Hüseyn 16 yaşadək oğlanlar arasında birinci yerə sahib çıxmaqla ölkə çempionluğu sevincini yaşayıb. Yasin Seyidov (10 yaşadək oğlanlar) və ötən il 16 yaşlılar arasında birinci olan Nazlı Hümbətova (16 yaşadək qızlar) bu dəfə ikinciliklə kifayətləniblər. Ayxan Əliyev isə 18 yaşadək şahmatçılar arasında üçüncü olub. MMA, pankration və qrepplinq üzrə Azərbaycan çempionatı və birinciliyində çıxış edən idmançılarımız tərəfindən 11-i qızıl, 4-ü gümüş və 14-ü bürünc olmaqla, ümumilikdə, 29 medal qazanılıb. Məktəblilər arasında boks üzrə zona birinciliklərinin final mərhələsində Haqverdi Həsənov gümüş, Fikrət Abbaslı isə bürünc medala sahib çıxıb. Uşaq Paralimpiya Kubokunun pauerliftinq yarışlarında Həsən Qasımov qızıl, Mehdi Quliyev gümüş, stolüstü tennisdə isə Hüseyn Əliyev gümüş, Şəfa Abdullayeva isə bürünc medalçı olub. Bakıda keçirilən açıq karate turnirində isə 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla, ümumilikdə, 28 medal qazanılıb. “Araz-Naxçıvan”ın 15 yaşadək futbolçulardan ibarət komandası AFFA U-15 liqasının final mərhələsində iştirak edib.
    Hesabat ayı ərzində muxtar respublikanın bölgələrində müxtəlif idman növləri üzrə rayon (şəhər) birincilikləri, intellektual oyunlar, vətənpərvərlik motivli film nümayişləri, yaradıcılıq müsabiqələri, “Heydər Əliyev İli”nə, Qurtuluş Gününə, Silahlı Qüvvələr Gününə və şəhidlərimizin xatirəsinə həsr olunan tədbirlər təşkil olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.07.2023 18:42