AZ EN RU

Ölkə Prezidentinin muxtar respublikaya səfərləri zamanı qeyd etdiyi fikirlər Naxçıvanın ümumi inkişaf mənzərəsini bütün aydınlığı ilə göstərir

(“Şərq qapısı” qəzetinin materialları əsasında)


“Naxçıvan bizim hamımız üçün doğma diyardır, əziz vətəndir. Mənim atamın Vətənidir. Demək, mənim də Vətənimdir. Hər bir azərbaycanlının Vətənidir”. Bu sözləri ölkə Prezidenti cənab İlham Əliyev 2004-cü il mayın 12-də Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yeni korpusunun təntənəli açılışına həsr olunmuş mərasimdə demişdir (14 may 2004-cü il, № 57). Ölkə başçısı müstəqilliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Nuh diyarı, Şərqin qapısı Naxçıvana dəfələrlə səfər etmişdir. Gəlin həmin səfərlərə 100 yaşlı “Şərq qapısı” qəzeti vasitəsilə yenidən nəzər salaq.

Qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyevin Prezident kimi 1996-2002-ci illər arasında Naxçıvana səfərlərində cənab İlham Əliyev də iştirak etmişdir. 1999-cu il oktyabrın 14-də Naxçıvan Muxtar Respublikasının yaranmasının 75-ci ildönümündə milli memarlığımızın möhtəşəm abidəsi Möminə xatın türbəsini ümummilli liderlə birgə ziyarət etmiş (14 oktyabr 1999-cu il, № 67-68), 2002-ci ilin 15 iyununda Naxçıvanda Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmiş, buranın gənclər üçün, millətin gələcəyi üçün, gənclərin fiziki hazırlığı üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi vurğulanmışdır (23 oktyabr 2002-ci il, № 71-72).
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında arzuları, istəkləri, planları artıq reallığa çevrilib. Azərbaycanın qədim torpağı Naxçıvanda müstəqillik illərində abadlıq, quruculuq işləri genişlənmiş, bu diyar əsaslı inkişafına görə diqqət mərkəzində olmuşdur. Naxçıvana həmişə xüsusi qayğı ilə yanaşan ümummilli liderimiz Heydər Əliyevin yolunu layiqli şəkildə davam etdirən cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra 2004-2021-ci illər ərzində Naxçıvana hər səfərində Naxçıvanda görülən işləri yüksək qiymətləndirmişdir.
2004-cü il mayın 12-də Prezident cənab İlham Əliyevin iştirakı ilə müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş, Azərbaycanın digər hissəsindən təcrid olunmuş, çətin blokada şəraitində yaşayan Naxçıvanda sərnişinlər üçün yeganə nəqliyyat kommunikasiya vasitəsi olan Naxçıvan Beynəlxalq Hava Limanının təntənəli açılışı olmuşdur. Ölkə başçısı çıxış nitqində demişdir: “Çətin şəraitdə, blokada şəraitində yaşayan naxçıvanlılar böyük işlər görüblər. Bu hava limanının tikilməsi, şəhərdə digər obyektlərin inşa olunması, yüksək səviyyədə tikilməsi onu göstərir ki, Naxçıvan çox sürətlə inkişaf edir. Naxçıvan həmişə Heydər Əliyevin diqqət mərkəzində idi. Təkcə ona görə yox ki, Heydər Əliyevin Vətənidir və Heydər Əliyev Naxçıvanda doğulmuşdur. Ona görə ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən diyardır. Əlbəttə, Naxçıvanın hərtərəfli güclənməsinə Heydər Əliyev həmişə böyük əhəmiyyət verirdi. Bu siyasət davam etdiriləcəkdir” (13 may 2004-cü il, № 56). Həmin il mayın 13-də Prezidentin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müşavirəsində sürətlə inkişafına görə Naxçıvan Azərbaycanda lider hesab edilmişdir (15 may 2004-cü il, № 58).
Mayın 14-də isə Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, Prezident cənab İlham Əliyev həmin tədbirdə nitq söyləmiş və naxçıvanlıları belə xarakterizə etmişdir: “Heydər Əliyev demişkən, naxçıvanlılar çox cəsarətli insanlardır. Onlarda milli qürur, milli şüur hissi çox yüksəkdir. Naxçıvan Azərbaycana böyük mütəfəkkirlər, elm, incəsənət, mədəniyyət xadimləri, siyasi xadimlər, böyük sərkərdələr bəxş etmişdir. Naxçıvan Azərbaycana və dünyaya xalqımızın ümummilli lideri Heydər Əliyevi bəxş etmişdir” (16 may 2004-cü il, № 59).
Ölkə başçısının 2004-cü il 2 sentyabr tarixli səfəri isə Heydər Əliyev adına tam orta məktəbi, Mülki Müdafiə Mərkəzi, Naxçıvan Üzgüçülük Mərkəzi kimi yeni sosial obyektlərin açılışları, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə, yenə də Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafının yüksək qiymətləndirilməsi ilə yaddaqalan olmuşdur (3-4 sentyabr 2004-cü il, № 106, 107 ) . Ölkə başçısı 2005-ci il 19 dekabr tarixində Naxçıvana səfərə gəlmiş, bir sıra açılışlarda iştirak etmiş, burada aparılan işlərlə maraqlanmışdır. Həmin gün Prezidentin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmiş, qısa müddət ərzində Naxçıvanda gedən inkişaf prosesləri belə qiymətləndirilmişdir: “Blokada şəraitində yaşayan respublikanın belə böyük uğurlar əldə etməsində, əlbəttə ki, sizin hamınızın, hər birinizin əməyi var. Xüsusilə mən Naxçıvan Muxtar Respublikasının rəhbərini, Vasif Talıbovu bu münasibətlə təbrik etmək, ona minnətdarlığımı bildirmək istəyirəm. Bunu təkcə mən yox, Naxçıvana gələn hər bir qonaq, hər bir xarici nümayəndə, vətəndaş qeyd edir. Bu məni çox sevindirir” (22 dekabr 2005-ci il, № 243). Dekabrın 20-də Naxçıvana təbii qazın verilməsinə dair Azərbaycan və İran prezidentləri tərəfindən sənədlərin imzalanma mərasimindən sonra birgə mətbuat konfransı keçirilmiş, burada 15 ildən sonra Naxçıvana təbii qazın verilməsi tarixi hadisə kimi qiymətləndirilmiş, gələcəkdə ölkələrimiz arasında sıx əməkdaşlığın davam etdiriləcəyi qeyd edilmişdir (21 dekabr 2005, № 242).
Ölkə başçısı Naxçıvana səfərləri zamanı digər sahələr kimi, təhsil sahəsində də görülən işlərlə maraqlanmışdır. 2006-cı ildə Naxçıvana səfər edən cənab Prezident dekabrın 21-də Ordubad internat məktəb kompleksinin açılışında (22 dekabr 2006-cı il, № 235), 2007-ci il oktyabrın 17-də Naxçıvan Dövlət Universiteti Konservatoriyasının binasının açılış mərasimində iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin qeyd olunması haqqında 2007-ci il 31 mart tarixli Sərəncamına əsasən tikilmiş binanın rəsmi açılış mərasimində çıxış edən dövlətimizin başçısı universitetin fəaliyyəti barədə demişdir: “Bu 40 il ərzində Naxçıvan Dövlət Universiteti böyük və şərəfli yol keçmişdir. Universitetin professor-müəllim heyəti öz biliklərini gənc nəslə yetirir… Mən çox istəyirəm ki, Azərbaycanda çox vətənpərvər, peşəkar, bilikli, savadlı gənc nəsil yetişsin ki, ölkəmizin gələcək inkişafına öz töhfəsini versin” (18 oktyabr 2007-ci il, № 199).
2008-ci il iyunun 4-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş, səfər çərçivəsində dövlət başçımız ilə Türkiyənin Baş naziri arasında təkbətək və geniş tərkibdə görüş keçirilmişdir. Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşdən sonra cənab İlham Əliyev ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Türkiyə Respublikasının Baş naziri, indi isə Prezidenti olan Rəcəb Təyyib Ərdoğanla birgə mətbuat konfransı keçirmişdir. Konfrans zamanı ölkə başçısı Naxçıvanda keçirilən görüşün əhəmiyyətini vurğulamışdır: “...Bunun çox böyük siyasi mənası var. Naxçıvan o yerdir, o şəhərdir, o respublikadır ki, Türkiyə ilə Azərbaycan arasında yeganə sərhəd buradadır. Naxçıvanın inkişafında, xüsusilə onun 1990-cı illərin əvvəllərində yaşanan böhranlı vəziyyətdən çıxmasında Türkiyə ilə olan əlaqələr, körpünün tikilməsi və bütövlükdə, Türkiyədən alınan dəstək çox mühüm rol oynamışdır. Bu gün isə bizim ölkələr arasında münasibətlər bütün sahələrdə sürətlə inkişaf edir” (5 iyun 2008-ci il, № 107).
2009-cu il avqustun 4-də ölkə başçısı cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edərək demişdir: “Mən hər il Naxçıvanda oluram və hər dəfə Naxçıvanda gördüyüm dəyişikliklər məni ürəkdən sevindirir, çox sevindirir. Naxçıvan ən müasir şəhərə çevrilibdir. Naxçıvan Muxtar Respublikasında ən müasir infrastruktur yaradılır, sosial obyektlərin tikintisi geniş vüsət alıbdır. Məktəblər, xəstəxanalar tikilir…Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla haqlı olaraq fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçıvan rəhbərliyinə və Naxçıvanın rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm” (5 avqust 2009-cu il, № 144).
Həmin il oktyabrın 3-də Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə iştirak etmişdir. Bu görüşdə Türkiyə, Qazaxıstan, Qırğızıstan prezidentləri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini iştirak etmişdir. Görüş zamanı bir çox sahələrdə türkdilli ölkələr arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunmuş, TÜRKSOY Fondunun yaradılması təklif edilmiş, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Prezident çıxışı zamanı demişdir: “Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də və digər təşkilatlarda bizim ölkələrimiz bir-birinə həmişə dəstək verir və bu, belə də olmalıdır. Çünki bizi müştərək tarix birləşdirir, tarixi mədəni köklər birləşdirir. Bizim birliyimiz təkcə ölkələrimizi gücləndirmir, bizim birliyimiz, böyük mənada, regional əməkdaşlığın da çox vacib amilidir” (4 oktyabr 2009-cu il, № 186).
Prezident cənab İlham Əliyev 2010-cu il oktyabrın 5-də Naxçıvana növbəti səfəri çərçivəsində 594 şagird yerlik Sədərək 2 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak etmiş və sədərəklilərin qəhrəmanlığını yüksək qiymətləndirmişdir: “Sədərəklilər, bütün naxçıvanlılar Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuşlar, qan tökmüşlər. Biz o illəri yaxşı xatırlayırıq və Azərbaycan torpaqları işğal altına düşəndən sonra erməni qəsbkarları, erməni millətçiləri gözlərini Naxçıvana da dikmişdilər, Naxçıvanı da işğal etməyə çalışırdılar. O vaxt ancaq naxçıvanlıların iradəsi və ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində naxçıvanlılar Naxçıvanı qorudular. Düşmənə imkan vermədilər ki, buraya soxulsunlar, düşməni yerinə oturtdular” (7 oktyabr 2010-cu il, № 187).
Dövlət başçısı 2012-ci il mayın 30-da, 2014-cü il aprelin 7-də Naxçıvana səfərə gəlmişdir. Ölkə başçısı 2014-cü il aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edən, Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verilməsini böyük ədalətsizlik hesab etmiş, eyni zamanda bu qərarla Azərbaycanın coğrafi baxımdan iki yerə bölündüyünü diqqətə çatdırmış və tam əminliyini bildirmişdir ki, vaxt gələcək, biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq (9 aprel 2014-cü il, № 63). Bu gün artıq reallıqdır ki, xalqımız doğma torpaqlarına qayıtmışdır. Düşmənin bütün cəhdlərinə baxmayaraq, buna sarsılmaz iradə, güc, birlik hesabına nail olunmuşdur.
Muxtar respublikaya 2015-ci il dekabrın 1-dəki səfəri çərçivəsində ölkə başçısı Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışını edərək demişdir: “Səhiyyə, təhsil, idman - budur əsas sosial infrastruktur məsələləri. Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir” (2 dekabr 2015-ci il, № 236).
2017-ci il yanvarın 11-də Prezident cənab İlham Əliyev Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa edilmiş yaşayış binasının, Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su sisteminin, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsindəki əsgər yataqxanasının və əsgəri-məişət kompleksinin açılışında iştirak edib (12 yanvar 2017-ci il, № 7).
2018-ci il mayın 16-da ölkə başçısı muxtar respublikaya növbəti səfər etmiş, “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 6 nömrəli tam orta məktəbin açılışında, Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının istifadəyə verilməsi mərasimində iştirak etmiş və Naxçıvanda son illərdə görülən işləri belə qiymətləndirmişdir: “Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir” (17 may 2018-ci il, № 192).
Ölkə Prezidenti 2019-cu il noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul edərək Naxçıvanın son illər ərzində böyük dərəcədə inkişafını, sosial və iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımları yüksək qiymətləndirmiş və demişdir: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir” (19 noyabr 2019-cu il, № 217).
Prezident cənab İlham Əliyevin Vətən müharibəsində əldə edilmiş Böyük Zəfərdən sonra 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına sayca on beşinci səfəri mühüm və əlamətdar hadisələrlə, xüsusilə yaddaqalan olmuşdur. Dövlətimizin başçısı bir sıra açılışlarda iştirak etmiş, quruculuq işləri ilə maraqlanmışdır. Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında, Naxçıvanda Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi mərasimində, Culfa-Ordubad magistral avtomobil yolunun, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak etmişdir. Ölkə başçısı həmin gün Ordubadda Azərbaycan Televiziyasına müsahibə vermişdir. Naxçıvan Muxtar Respublikasına səfəri ilə bağlı təəssüratlarını bölüşən dövlətimizin başçısı demişdir: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm. Bu mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir... Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır” (17 may 2021-ci il, № 87).
Onu da qeyd edək ki, Böyük Qələbədən sonra imzalanan üçtərəfli Bəyanatın 9-cu maddəsi muxtar respublikanın blokadadan azad edilməsini nəzərdə tutur. Bu məsələni ölkə rəhbəri daim diqqət mərkəzində saxlayır. Regional əməkdaşlığın genişlənməsinə imkan yaradacaq bu addım, şübhəsiz ki, gerçəkləşəcək.
Dövlətimizin başçısının Naxçıvana səfərlərini təhlil edərkən bir daha aydın oldu ki, bu, 20 ildən artıq bir dövrdə muxtar respublikamızda hər bir sahədə inkişaf, irəliləyiş əldə olunmuşdur. Bu, ölkəmizdə, eləcə də, muxtar respublikamızda ümummilli lider Heydər Əliyev siyasətinin yaşadılması və onun yaradıcı şəkildə davam etdirilməsinin bəhrəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Hər bir ölkə inkişafa nail olmağa çalışır. Lakin o ölkədə inkişaf təmin olunur ki, orada sabitlik, müəyyən olunmuş inkişaf yolu və dövlət-xalq birliyi olsun. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda inkişaf, sabitlik və dövlət-xalq birliyi təmin olunub. Ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub”.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 21.12.2021 21:14