AZ EN RU

Ölkə başçısının 20 illik uğurlu prezidentlik fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib - YENİLƏNİB

    Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təşkil olunan tədbir Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Tədbiri giriş sözü ilə açan xidmətin rəisi Ramin İsmayılov bildirib ki, bu gün ölkə həyatının bütün sahələrində özünü göstərən uğurlar ölkəmizin neft və qaz təminatı, enerji təhlükəsizliyinin xalqın taleyində oynadığı müstəsna rolu əyani surətdə göstərir. Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Xidmət rəisi vurğulayıb ki, artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir. Belə ki, sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvana səfəri zamanı hər iki ölkənin iqtisadiyyatına və enerji təhlükəsizliyinə töhfə verən İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirildi. Bu kəmərin çəkilişi önəmli hadisədir və Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. 

    Tədbirdə çıxış edən Qəza nəzarət və satış şöbəsinin müdiri Elçin Nəsirov diqqətə çatdırıb ki, artıq hər bir azərbaycanlı yeni neft və qaz strategiyasının gətirdiyi uğurları gündəlik həyatlarında qabarıq şəkildə hiss edir və gələcəyə böyük ümidlə baxır.

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə “İlham Əliyev – 20 il. Vergi sistemində şəffaflığa doğru” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 20 illik fəaliyyəti dövründə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir güclü ordu yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. 
    Tədbirdə çıxış edən digər natiqlər əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan milli vergi sisteminin qeyd olunan dövrdə keçdiyi əsaslı modernizasiya prosesindən, maddi-texniki bazasının gücləndirilməsi,vergi inzibatçılığının yenidən qurulması, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının əldə etdiyi yüksək nailiyyətlərdən bəhs ediblər.
    Sonda dövlət başçısının 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx təqdim olunub.

***

    Naxçıvan Müəllimlər İnstitutunda “Son 20 illik şanlı tariximizin ən parlaq səhifələri” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq qeyd etmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, xalq və dövlət qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksəlmişdir. Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.

    Tədbirdə İnstitutun müəllimi Qorxmaz Hacıyev “15 oktyabr 2023, Azərbaycan, Xankəndi, Mərkəzi meydan: tariximizin ən qürurverici anları!” mövzusunda  məruzə ilə çıxış etdi.  
    Sonda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndidən Azərbaycan xalqına müraciətinin videomaterialı nümayiş olunmuşdur. 

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 19.10.2023 19:05