AZ EN RU

Ölkə başçımızın Almaniyaya səfəri Azərbaycan diplomatiyasının uğuru kimi tarixə düşdü

    Xəbər verdiyimiz kimi, fevralın 18-də Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri uzun illərdir, bünövrəsi qoyulan Azərbaycan-Avropa, habelə Azərbaycan-Almaniya siyasi əlaqələrinin daha bir uğurlu təzahürü kimi özünü göstərdi. Əlverişli coğrafi-geosiyasi məkanda, tranzit yolların üzərində və dünya ticarət şəbəkəsinin qovşağında yerləşən ölkəmiz Cənubi Qafqazın lokomotiv siyasi gücü kimi daim dünyanın, o cümlədən Avropanın və Yaxın Şərqin diqqət mərkəzində olub. 

    Ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz çətin, məşəqqətli günlərdən aydınlığa çıxmışdı, qısa zamanda öz tarixi mövcudluğunu sübuta yetirərək nəinki regionun, hətta dünyanın qabaqcıl ölkələri sırasında olmağa haqq qazanmışdı. Bu gün artıq ölkəmiz Ümummilli Liderin ənənələrinə sadiq qalaraq uğurla irəliləyir, Ali Baş Komandan tərəfindən hər ötən gün yeni uğurlar qazanılır, istər hərbi-siyasi, istərsə də siyasi-ictimai müstəvidə böyük işlər görülür. Bu gün tam əminliklə deyə bilərik ki, analoji tərəqqi yolu keçmiş bir sıra Qərb dövlətlərində olduğu kimi, Azərbaycanda da zəngin təbii potensialın milli mənafelərə uyğun reallaşdırılması, respublikamızın regional və qlobal miqyasda təsir edən proseslərə geniş nüfuz imkanları qazanması məhz milli lider amili ilə şərtlənir.
    Qeyd etdiyimiz kimi, ölkə başçımızın Almaniya Respublikasına işgüzar səfəri hər iki ölkənin uzun illərdir, qazandığı əlaqələrin daha da inkişaf etməsinə şərait yaratdı. Keçirilən yüksək səviyyəli görüş, həm də Azərbaycan-Almaniya mədəni əlaqələr sistemində əməkdaşlıq sahəsinin tarixi təcrübəsinə istinad edərək daha da inkişaf etdirilməsi üçün konkret addımlar atılmasına ciddi təkan oldu. Mövzu ilə bağlı muxtar respublikamızın ictimai fəalları, alim və siyasi xadimlərinin məqalə müsahibələrini çoxsaylı oxucularımıza çatdırmaq ənənəsinə sadiq qalıb, siyasi tərəfdaşlığın növbəti ziyalı mövqeyini öyrənmək qərarına gəldik. 
    Həmsöhbətimiz Naxçıvan Dövlət Universitetinin rektoru, tarixçi-alim Elbrus İsayev ilk olaraq Almaniya və Azərbaycan əlaqələrinin tarixi köklərindən danışdı: – Bildiyimiz kimi, ölkəmizin tarixi-taleyində əhəmiyyətli addımlar ötən əsrin 90-cı illərində atılıb. Rusiya Sovet Sosialist Respublikasının 70 illik əsarətinin ardınca xalqımızın həmrəylik nümayiş etdirməsi, o cümlədən həmvətənlərimizin təkidi ilə tələbi ilə Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə gətirilməsi bir çox nailiyyətlərin əsasını qoymuşdu. Həmin illərdən etibarən Ulu Öndər Heydər Əliyev Azərbaycan işğal təhlükəsi, tarixin səhifələrindən silinib yox olmaq təhdidi ilə üz-üzə qaldığı bir zamanda ölkəmizin gələcək taleyini hər bir istiqamətdə inkişafa doğru dəyişdi. Nəticədə, Azərbaycan qısa bir zaman ərzində Qafqaz regionunun ən ali və güclü dövlətinə çevrildi. Bir-birinin ardınca görülən böyük işlərin nəticəsində nizamlı ordunun yaradılması, dünya ölkələri ilə işgüzar görüşlərin keçirilməsi, torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması, erməni qəsbkarlarının törətdiyi soyqırımı aktlarına sərt mövqeyin təyin olunması, Qarabağın işğalına siyasi qiymətin verilməsi, Xocalı faciəsinin beynəlxalq müstəvidə tanıdılması və nəhayət, dünyanın bir sıra siyasi gücləri, qabaqcıl ölkələri ilə iqtisadi-siyasi, sosial əlaqələrin təmin edilməsi Azərbaycanın ən böyük uğuru idi. 
    Elbrus müəllim diqqətə çatdırır ki, Azərbaycan və Almaniya respublikaları arasındakı tarixi əlaqə ötən əsrin 90-cı illərinə təsadüf edir. Almaniyanın Azərbaycanın müstəqilliyini 1992-ci il 12 yanvarda tanıması ilə bu əlaqələr daha uğurlu xarakter almağa başladı. Geniş müstəvidə isə Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında quruldu. Bununla yanaşı, 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyinin, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyinin açılmasından sonra ölkəmizin Almaniya Respublikası ilə əlaqələri daha ali xarakter aldı, o cümlədən diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf etdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə Prezident seçilməsindən sonra dünyanın bir sıra qabaqcıl ölkələri ilə siyasi əlaqələr daha da genişləndi. Hətta bir tarixi faktdır ki, Ümummilli Lider Heydər Əliyev ozamankı Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə 1996-cı il 1-4 iyul tarixlərdə Almaniyada rəsmi səfərdə olub, Almaniyanın prezidenti, kansleri, vitse-kansleri, həmçinin digər hakimiyyət nümayəndələri ilə görüşlər keçirib. Bu görüşlər zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri geniş şəkildə müzakirə edilib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həlli məsələləri Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin əsas müzakirə mövzusu olub. Səfər çərçivəsində siyasi, iqtisadi və elmi-texniki əməkdaşlıq sahəsində bir neçə tarixi müqavilə imzalanıb. Bu illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb.
    Elbrus İsayev qeyd edir ki, 1963-cü ildən bu günədək təşkil edilən Münxen Təhlükəsizlik Konfransı hər zaman dünyada təhlükəsiz həyatın təmin edilməsini və bu prosesin həlli yollarını gündəliyin əsas mövzusu kimi diqqətdə saxlayır. Bu baxımdan Prezident cənab İlham Əliyevin bu konfransa dəvət alması və orada iştirakı Azərbaycanın sülh tərəfdarı olduğunu bir daha göstərir. 
    “Ölkə başçısının Münxendə belə tarixi və demokratik səviyyəli görüşlərdə iştirak etməsi ölkəmizə gələcəkdə nə kimi uğurlar gətirəcək?” sualına isə müsahibimiz belə cavab verir: – Prezident cənab İlham Əliyevin Münxen səfəri ölkəmiz üçün mühüm hadisəyə çevrildi. Dünyanın hərbi, siyasi və iqtisadi sahələrinin liderləri ilə görüşlər Azərbaycanın Avropa İttifaqı üçün etibarlı və təhlükəsiz enerji tərəfdaşı olduğunu bəyan etdi. Səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan-Avropa əlaqələrinin inkişafı baxımından mühüm mərhələ hesab oluna bilər. Dövlətimizin başçısı panel iclaslarında, dəyirmi masada Azərbaycan reallıqlarını bir daha böyük məharətlə dünya ictimaiyyətinə təqdim etdi. Təhlükəsizlik konfransında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və Azərbaycanın ədalətli və qətiyyətli mövqeyi nümayiş olundu. Prezident cənab İlham Əliyev Münxendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyətin tamamilə dəyişdiyini bildirərək yeni reallıqların ortaya çıxdığını diqqətə çatdırdı: “Biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir”.
    Elbrus İsayev Ali Baş Komandanın tarixi görüşdəki nitqi ilə bağlı vurğulayır ki, xüsusilə postmüharibə dövründə Cənubi Qafqazda Azərbaycanın aparıcı mövqeyini təsdiq edən faktları zəngin olan bu çıxış Azərbaycan-Avropa birliyinin gələcək səmərəli əməkdaşlığına istiqamət verdi. Cənab Prezidentin tarixdən və beynəlxalq hüquq normalarından gətirdiyi çoxsaylı faktlar bir daha dünya birliyinə Azərbaycanın ədalətli mövqeyini, tarixi həqiqətləri Avropa və bu vasitə ilə dünya ictimaiyyətinə çatdıra bilmişdi. Keçirilən ikitərəfli görüşlərdə, müzakirə panellərində, həmçinin dəyirmi masada cənab Prezidentin sadaladığı faktlar beynəlxalq hüquq normalarına söykənən dəlillər kimi tarixə düşdü. Və bu tarixi sübutlar dövlətimizin haqlı və sülhsevər siyasətinin dəstəklənməsini bir daha şərtləndirdi. Azərbaycanın tarixi torpaqlarında vaxtilə ermənilərin apardığı terror siyasətinin, eyni zamanda ikili standartların aradan qaldırılmasına yönəlik səsləndirilmiş faktlar bir daha Cənubi Qafqazda sülhə mane olmaq istəyən və bu münasibətlərin tənzimlənməsində maraqlı olmayan qüvvələrin suallarına ən tutarlı cavab oldu. Bir sözlə, Münxen Təhlükəsizlik Konfransı bir daha təsdiq etdi ki, bu gün Cənubi Qafqazın aparıcı lider dövləti olan Azərbaycanın iqtisadi-siyasi və geostrateji baxımdan əldə etdiyi üstünlüklər, diplomatik uğurlar, iqtisadi nailiyyətlər Azərbaycanı uzun illər boyunca bölgənin aparıcı dövlətinə çevrilməsini şərtləndirən başlıca amillərdir. 
    Artıq tam əminliklə deyə bilərik ki, hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Bu da günümüzün, əsrimizin reallığıdır ki, dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanın inkişaf etmiş demokratik ölkə kimi nüfuzunu daha da artırıb. Son olaraq onu da qeyd edək ki, ölkəmizin tarixi Qarabağ Zəfərindən sonra Qafqaz regionunda qazandığı böyük status dövlətimizin, xalqımızın gücünü, iradəsini dünyaya bəyan etdiyi kimi, həm də düşməni sülh şəraitinə məcbur etməyə şərait yaradıb. Ermənistanın Azərbaycanla sülh şəraitində yaşaması isə tarixin səhifələrindən silinib yox olmaması üçün ən təsirli və çıxarlı yoldur. Elə Ali Baş Komandanın Münxen Konfransında söylədiyi kimi: “Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər”. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 23.02.2023 20:44