AZ EN RU

Olimpiadada iştirak edən Naxçıvan şahmatçıları ilə görüş

Muxtar respublikanın ev sahibliyi ilə keçirilən 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadası davam edir. İki oyundan birində qələbə qazanan “Azərbaycan-Naxçıvan” komandası növbəti oyunlara köklənib.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı Naxçıvan şəhərindəki “Avtovağzal” hoteldə komandanın məşqçisi və idmançılarla görüşüb. Ölkəmizdə, eləcə də muxtar respublikada şahmata göstərilən yüksək dövlət qayğısından bəhs edən Ramil Hacı olimpiadanın Naxçıvan şahmatı və şahmatçıları üçün uğurlu olacağına inamını ifadə edib. Qeyd olunub ki, ölkə başçısı İlham Əliyevin və Ali Məclisin cənab Sədri Vasif Talıbovun Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçlə görüşləri şahmata dövlət səviyyəsində verilən yüksək dəyəri təcəssüm etdirir. Nüfuzlu yarışın nümunəvi təşkilatçılığı ictimaiyyətdə böyük maraqla qarşılanıb. Bütün bu və bu kimi amillər yerli şahmatçıların ruh yüksəkliyinə səbəb olan faktorlardır.

Nazir komandanın növbəti görüşlərə hazırlığı ilə maraqlanıb, iştirakçıların təəssüratlarını öyrənib. Baş məşqçi - qrossmeyster Urfan Sevdimaliyev səmimi görüşə və dəstəyə görə minnətdarlıq edib. Ramil Hacı komandanın hər üzvünə böyük ümidlər bəslənildiyini xatırladıb, nəticədən asılı olmayaraq yarış təcrübəsinin onların karyerasına fayda verəcəyini deyib. Nazir komandaya növbəti görüşlərdə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının

Gənclər və İdman Nazirliyinin

 mətbuat xidməti

Nəşr edilib : 05.10.2022 09:36