AZ EN RU

Olimpiada iştirakçıları: “Həm maraqlı ekskursiyadan, həm də yüksək səviyyədə təşkil olunan olimpiadadan böyük zövq alırıq” - FOTOLAR

    Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası davam edir. Bu möhtəşəm tədbirlə əlaqədar muxtar respublikamıza gələn xarici və yerli şahmatçılar, şahmat həvəskarları oktyabrın 4-də əvvəlcə Heydər Əliyev Muzeyini ziyarət ediblər.
    Mədəniyyət ocağının bələdçisi ingilis dilində məlumat verib ki, muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 5 mindən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə 2023-cü ildə 100 illik yubileyini möhtəşəm şəkildə, böyük təntənə ilə qeyd edəcəyimiz ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı nadir eksponatlar qorunub saxlanılır. 
    Heydər Əliyev Sarayında muzeytipli müəssisə kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyasına gələn qonaqlara bildirilib ki, 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan qalereyanın əsas məqsədi rəssamların həyat və yaradıcılığını öyrənmək, eyni zamanda gələcək nəsillərə çatdırmaqdır. Qalereyanın fondunda 70-ə yaxın rəssamın 400-dən çox əsəri var. 
    Dövlət Bayrağı Muzeyinə, “Xan Sarayı” Dövlət  Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma altında Muzey Kompleksində olublar, burada onlara qədim diyarımızın zəngin dövlətçilik tarixi və milli-mənəvi dəyərləri haqqında ətraflı məlumat verilib.
    Olimpiada çərçivəsində muxtar respublikaya gələn qonaqların yarış barədə fikirlərini öyrəndik:
    Freyd Loran (Olimpiadanın baş hakimi, Fransa): “Düşünürəm ki, Naxçıvanda təşkil edilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında təşkilatçılıq, yaradılan şərait mükəmməldir. İndi biz burada şahmat taxtaları üzərində əla müdafiə oyunları izləyirik. Biz təşkilat komitəsi ilə birgə bu günədək bir neçə oyun keçirmişik, maraqlı və gərgin mübarizə gedir. Eyni zamanda burada Naxçıvanın yeniyetmə şahmatçıları da mübarizə aparır ki, bu da şəhəriniz üçün bir innovasiyadır. Olimpiadada Amerika, Asiya və Avropa qitələrindən olan 16 yaşadək uşaqlardan ibarət komandalar iştirak edir. Mənim fikrimcə, olimpiadada bir çox güclü komanda var ki, onlar arasında Azərbaycan, Türkiyə, İran və Özbəkistanın adını çəkə bilərəm. Amma bunları deməklə olmur, nəticə sonda bilinəcək. Şəhərinizə gəlincə, açığı, Naxçıvan haqqında, təəssüf ki, çox şey bilmirəm. Hələ ki gəzməyə vaxtım olmayıb. Amma şəhərinizi gəzməyi və kəşf etməyi səbirsizliklə gözləyirəm. Təşkilatçılıq mükəmməl şəkildədir. Bizlər və buraya gələn oyunçuların hamısı təşkilatçılığa görə özlərini çox yaxşı hiss edirlər”.
    Rodney Oskraperes Garsiya (Kuba komandasının kapitanı): “Vaxtın azlığından Naxçıvanı hələ çox gəzmək imkanım olmayıb. Lakin şəhərdə getdiyim yerlərdə, məkanlarda bizi çox gözəl, mehribancasına qarşılayırlar. İnsanların belə səmimi olacağını, açığı, gözləmirdim. Naxçıvan məni hərtərəfli təəccübləndirdi. Etiraf edim ki, ən çox sevdiyim alış-veriş etməkdir, onu hələ etməmişəm (gülür). Vaxt tapan kimi mağazaları gəzəcəyəm. Yarışın təşkilatçılığına gəlincə, hər şey mükəmməldir. Şahmatçıların rahatlığı xüsusilə nəzərə alınıb. Hazırda burada dünyanın ən yaxşı komandaları mübarizə aparır. İlk turda yerli Naxçıvan komandası ilə oynamağımız bizim üçün çətin oldu. Deyərdim ki, çox ciddi, güclü və təcrübəli komandanız var. İlk turda bəzi səhvlər ola bilər, lakin son tura qədər Naxçıvan komandasının 4-5 qələbə qazanacağına inanıram”.
    Əsgər Qulizadə (İran komandasının kapitanı): “Olimpiada mükəmməl şəkildə təşkil olunub. Yarışda dünyanın ən güclü 16 yaşadək şahmatçıları mübarizə aparır və istedadlı şahmatçılar bura təşrif buyurub. İran yığması da bura ən güclü heyəti ilə gəlib və itkisiz davam edir. Ümid edirəm ki, növbəti turlarda da komandamız qələbələr qazanıb, olimpiadanın qalibi olar. Çünki heyətimizdə mübarizə aparan Bardiya Daneşvar beynəlxalq ustadır və böyüklər arasında İran çempionudur. Artin Əşrəf və Sina Muvahid Asiya və dünya çempionatlarında mükafat qazanıblar. Qız idmançımız isə qadınlar arasında İran çempionatının qalibidir. Ümumiyyətlə, olimpiadada zəif komanda yoxdur, hər bir komanda bura güclü şahmatçılarla gəlib. Azərbaycanın bir çox şəhərlərində, xüsusilə Bakı və Naxçıvanda şahmat çox inkişaf edib. Biz keçirilən yarışları izləyir və Azərbaycanda necə güclü şahmatçılar yetişdiyini bilirik. Yarışın təşkilatçılığına gəlincə, biz burada özümüzü evdəki kimi hiss edirik, dostlarımız buradadır. Hər şey əla təşkil olunub”.
    Mustafa Məhəmməd misirli şahmatçı:  “Özüm haqqında qısaca olaraq onu deyim ki, olimpiadada “Misir” komandasının şərəfini qoruyuram. Naxçıvan qısa zamanda bizə gözəl, səmimi, xoş təsir bağışladı. Həm muzeylərə, turizm məkanlarına ekskursiyadan, həm də yüksək səviyyədə təşkil olunan olimpiadadan böyük zövq alırıq. İkinci tur komandamız üçün gərgin idman mübarizəsində keçdi. Rəqibimiz isə “Naxçıvan-Azərbaycan” komandası idi. Müşahidələrim deməyə əsas verir ki, naxçıvanlı şahmatçılar çox diqqətcil və bacarıqlıdırlar. Oyunun gedişatını dəyişdirmək üçün düzgün analiz qabiliyyətinə malikdirlər. Məhz güclü strategiya ilə oynadıqları gözəl oyun onların qalib olmasına imkan verdi. Məğlubiyyətə baxmayaraq, bizim üçün də mübarizə maraqlı idi, hər iki komanda üzvləri arasında səmimi ab-hava yarandı. Ümumiyyətlə, Naxçıvanda olmaqdan çox məmnunam, gözəl, mehriban, ünsiyyətcil insanlarınız var, bizə gəzdiyimiz yerlər barədə zəngin məlumatlar verdilər, təşkilatçılığı çox bəyəndim”.
    Buyan Tsetseg “Monqolustan” komandasının kapitanı:  “Öncə yüksək səviyyədə təşkilatçılığa görə komandamız adından təşəkkürlərimi bildirirəm. Həm yarış müddəti, həm də asudə vaxtımız yaddaqalan, maraqlı keçir. İlk görüşümüzü “Azərbaycan-Sumqayıt”a qarşı keçirdik və istənilən nəticəni əldə etdik. İkinci oyunumuz olimpiadanın favoritlərindən sayılan “Türkiyə” komandası ilə oldu. Həmin yarışda məğlubiyyət yaşasaq da, növbəti oyunlara ümidimiz çoxdur. Komanda yoldaşlarıma güvənirəm.
    Naxçıvanda olduğumuz müddətdə gözəl, maraqlı yerləri də gəzmək fürsətimiz yarandı. Heydər Əliyev Muzeyində, Dövlət Bayrağı Muzeyində Azərbaycanın, Naxçıvanın dövlətçilik tarixi barədə dolğun informasiyalar əldə etdik. Eyni zamanda Heydər Əliyev Sarayında maraqlı, rəngarəng sərgi-satışla əyani şəkildə tanış olduq, gözəl sənət nümunələrinə baxdıq. Qadın zövqünə heyran qaldıq. Naxçıvan Rəsm Qalereyasında da bir-birindən maraqlı rəsm əsərləri diqqətimizi çəkdi, maraqlı, zəngin mədəniyyətə malik, milli-mənəvi dəyərlərinə bağlı bir diyarı tanıdığımız üçün çox şadıq. Fikirlərimi burada olduğum qısa zamanda Azərbaycan dilində öyrəndiyim bir cümlə ilə bitirmək istəyirəm: “Mən Naxçıvanı çox sevirəm”.

Ceyhun MƏMMƏDOV
Nail ƏSGƏROV

 

Nəşr edilib : 05.10.2022 09:45