AZ EN RU

“Ohanyan səddi” Vətən müharibəsi şəhidlərimizin xatirəsinə

    Dünya hərb tarixinə dərin iz qoymuş, Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış 44 günlük şanlı Vətən müharibəsi nəticəsində işğalçı erməni ordusu darmadağın edilmiş, qalib Azərbaycanın diktəsi ilə regionda yeni geostrateji reallıqlar yaranmışdır. Düşmənin biabırçı məğlubiyyəti ilə nəticələnən bu müharibədən sonra şəhidlərimizin qanı bahasına qazanılmış möhtəşəm qələbənin qorunub saxlanılması və eləcə də sülh müqaviləsinin bağlanılması istiqamətindəki hərbi və diplomatik sahədə həyata keçirilən işlər Azərbaycanın beynəlxalq arenada nüfuzunu daha da artırmışdır. Azad Qarabağın hər qarışını cənnətə çevirəcək qüdrətli Azərbaycan dövlətinin, onun müzəffər Ordusunun və qətiyyətli Ali Baş Komandanının gücü qarşısında artıq heç bir keçilməz sədd yoxdur.

    Ancaq müharibənin gedişi və onun başlanmasından keçən iki ilə qədərki mürəkkəb dövrün təhlili göstərdi ki, bu və ya digər şəkildə bizimlə birgə bu regionda yaşayacaq olan erməni toplumu mənsubları məğlubiyyətin acısından, yaxud düşdüyü dərin siyasi-iqtisadi böhrandan özünə gəlməyərək hələ də dırnaqarası miflərin xülyaları ilə sanki özlərini yenilməz cəngavərlər sayaraq gah yel dəyirmanı ilə savaşan Don Kixot kimi harada gəldi hücum edir, gah da meymun kimi yerli-yersiz şuluqluq salaraq daha da acınacaqlı və gülünc vəziyyətə düşürlər. Bu ilin sentyabrında Azərbaycanın dövlət sərhədində baş verən genişmiqyaslı erməni təxribatına, buna qədərki Brüssel görüşlərində, yaxud Avropa İttifaqının ötən həftə keçirilmiş Praqa sammitində isə bunun, əksinə, nisbətən “ağıllı” davranışlarına baxdıqda qabarma-çəkilmə effekti göstərən erməni siyasi liderlərinin və mənsub olduqları sosiumun biomorfoloji genezisinin, DNT quruluşunun çox mürəkkəb olduğunu deyə bilərik. Bütün bu qarmaqarışıqlıq isə, son nəticədə, elə bu ölkənin və burada yaşayan insanların qarşısında böyük bir sədd çəkir. 

    Ermənilər sədd çəkmək, süni əngəl yaratmaqda əsl dünya çempionudurlar. Ənənəvi erməni tərsliyi, kiçik bir barmaq yarasını şişirdib şivən qoparmaq bacarığı, bacarsalar, Marsda da özlərinə əcdad tapmaq həyasızlığı və bir də çox məşhur utanmazlıq hissləri hayların heç kimdə olmayan bu fövqəlistedadının ana kapitalıdır. Amma fiziki və mənəvi körpülər tikib savab qazanmaqdan xeyli uzaq düşmüş erməni icması süni divarlar və sədlər çəkməklə bilmirlər ki, onlar bu yolla olsa-olsa, özlərini dünyadan təcrid edib, daha ağır məğlubiyyətə məhkum edəcəklər. Təkcə Qarabağın işğalı ilə keçmiş ötən 30 ilin xronikası göstərir ki, belə sədlər nə qədər onların özlərinə xas haylı-küylü olsa da, bir dəmir yumruqla yerləyeksan olacaq qədər çürük və zəminsizdirlər. Elə İkinci Qarabağ müharibəsi öncəsində təmas xətti boyu çəkilmiş dırnaqarası “Ohanyan səddi” kimi. 
    “Ohanyan səddi”, yaxud işğalçı dövlətin keçmiş dırnaqarası müdafiə naziri Seyran Ohanyanın adını daşıyan, təxmini uzunluğu 200 kilometrə qədər olmuş müdafiə xətti ermənilərin bir zaman Azərbaycan əsgərinin hökmən buradan keçərək əks-hücuma atılacağına inandığı yerdə uzun illər ərzində tikilmiş mürəkkəb mühəndis istehkam qurğularından, yeraltı bunkerlərdən, tank və piyada əleyhinə maneələrdən, uzunmüddətli atəş nöqtələrindən, minalanmış ərazilər və dayaq nöqtələrindən ibarət olmaqla Ermənistanın sülh deyil, işğalçılıq siyasəti yeritdiyinin bir sübutudur. Hər nə qədər 44 günlük müharibəyə kimi olan dövrdə qoşunların təmas xəttində ATƏT-in Minsk qrupu adlı bir triadanın görə bilmədiyi bir sədd olsa da, fakt odur ki, bu sədd yüz milyonlarla dollara genişhəcmli torpaq, tikinti və kommunikasiya işlərinin nəticəsində başa gəlmişdi. 
    Hər nə qədər ermənilər üçün alınmaz bir qala donu geyindirilsə və daim olaraq gücləndirilsə də, artıq 2016-cı ilin Aprel döyüşlərində bu xətti keçməyin Azərbaycan əsgəri üçün çətin olmayacağı görünmüşdü. Hələ şanlı zəfərimizə aparan həmin döyüşlərdə müzəffər Ordumuz bu bədnam səddi iki yerdən yarmağa müvəffəq olmuş, bütövlükdə, erməni ordusunun çürük skeletini bu səddin içinə gömmüşdü. İki il əvvəl başladılan İkinci Qarabağ müharibəsinin ilk saatları isə bütün erməni xülyaları kimi “Ohanyan səddi”nin, onun dırnaqarası yaradıcılarının kabusuna çevrildi. Başqasının ərazisində tikilmiş bu səddin bütün konstruksiya elementləri onu qorumağa çalışan işğalçı düşmən əsgərləri ilə birlikdə cəmisi iki gündə tamamilə məhv edildi. 
    Hazırda “Ohanyan səddi” fiziki olaraq tamamilə mahiyyətini itirmiş, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir. İki il əvvəl qanlı döyüşlər getmiş bu ərazidə indi ilk şəhidlərimizin xatirəsi yaşadılır. Ancaq qələbədən sonra sülhə gedən yolun məğlub Ermənistan tərəfindən inadla uzadılması onu göstərir ki, buradakı insanların xislətində, onların şüuraltı instinktlərində hələ də eni-boyu bilinməyən çox sayda “Ohanyan sədləri” qalmaqdadır. O sədlər ki ağ-qara demədən bütün ermənilərin qarşısında dayanaraq onları bu dünyanın gözəlliklərini görməkdən, sivil dünyaya qatılıb adam kimi yaşamaqdan məhrum edir. Bir tərəfdən maddi məhrumiyyətlər, bir yandan da belə mənəvi korluq ucbatından komaya düşmüş erməni toplumu bunun günahını özündə axtarmaqdansa, yenə də otuz il əvvəlki kimi başqasına xəndəklər qazmaqda israrlıdırlar. 
    Amma yaxşı olardı ki, xəndəkbaz ermənilər bu müddət ərzində başlatdıqları müharibənin, yaxud elə “Ohanyan səddi”nin onlara nəyə başa gəldiyinə bir baxsınlar. Belə ki, ilk olaraq keçmiş SSRİ dağılandan sonra yeni müstəqil dövlətlər üçün dünyaya yeni inteqrasiya imkanları yarandığı halda ermənilər hələ o zaman beyinlərində olan bu səddin o biri tayında qalıb özlərinə başqa yol seçdilər. Qonşu həyətinə daş atan dəcəl uşaqlar kimi əzizlənmək istəyən bu insanlar düşünmədilər ki, xaricdəki havadarlarının sonsuz dəstəyinə inanıb qonşularına xain olmaqla çox da uzağa gedə bilməyəcəklər. Belə ki, hələ 1993-cü ildə Azərbaycana qarşı işğalçılıq əməllərinə cavab olaraq qardaş Türkiyə sərhədi bağlayıb erməniləri o biri tərəfə ohaladı. Nəticədə, bu gün təkcə regionun siyasi ağırlıq mərkəzi deyil, həm də elm, mədəniyyət, sənaye və texnologiya mərkəzi olan Türkiyənin potensialı ermənilər üçün əlçatmaz oldu. Bunun ardınca Azərbaycanın zəngin karbohidrogen sərvətlərinin Qərb bazarlarına nəqli üçün yaradılan enerji və logistika koridorlarından məhrum olan Ermənistan yenə də bədnam “Ohanyan səddi”nin ona vurduğu zərərləri hesablaya bilmədi. Özünün dövlət sərhədini, əksər strateji müəssisələrini, hətta əməkqabiliyyətli insan resurslarını şimal qonşusuna uduzan ermənilər inadla “Ohanyan səddi”nin o biri tərəfində qalmaqla sanki zamanın onların xeyrinə keçdiyini zənn edirdilər. 
    Ermənilər bir də ayıldılar ki, zaman çuxurunun ən dibində qalıblar. Buradan xilas olmaq, hərbi-siyasi sahədəki məğlubiyyətdən və iqtisadi müstəqilliyin itirilməsi ilə dərinləşən böhrandan qurtulmaq üçün bu gün sülh danışıqlarına getmək, kommunikasiyaların açılması üçün əməli iş görmək əvəzinə yenə də vaxtı uzadan, dünya gündəmindəki havalar dumanlandıqca dərhal bir təxribat törədən ermənilər, görünür, “Ohanyan səddi”nin hələ çox arxasında qalacaqlar. Son hadisələrin, elə Praqa sammiti və sonrasındakı proseslərin təhlili göstərir ki, Mos­kva, Marsel, Kaliforniya üçbucağında sıxışdırılmış erməni lider çətin ki, bu səddi aşa bilər. 

Əli CABBAROV

Nəşr edilib : 10.10.2022 20:32