AZ EN RU

Oğuz elinin Novruz bayramı

  İndi bu bayramı böyük qürurla qeyd edirik

   Novruz tarixin dərin köklərinə və zəngin mədəniyyətə sahib olan Azərbaycan xalqının keçmişdən bu günümüzədək miras olaraq daşıyıb gətirdiyi milli dəyərlər sistemində kimliyimizi özündə yaşadan bir bayramdır. Əcdadlarımızdan bizə miras qalmış bu bayramda adət-ənənələrimizə sanki daha da möhkəm köklənir, onu yenidən yaşayırıq. 

     Bu bayramda ağsaqqal və ağbirçəklər, xəstələr, kimsəsizlər ziyarət olunar, insanlar ən gözəl diləklərini bir-birinə ünvanlayarlar. Qız-gəlinlərə pay tutularaq al-əlvan bəzədilmiş xonçalar, xınalı əllərdə göz oxşayar. Milli mətbəx nümunələrimiz də bu bayramın ayrılmaz bir hissəsinə çevrilərək süfrələrimizi bəzəyər. Hər kəsin evində, süfrələrin şahı olan bayram aşı bişirilər. Novruzda adətdəndir ki, hər kəs yeni paltar geyinib bayramlaşmaq üçün bir-birinə qonaq gedər.
    Bayramın əsas atributlarından biri də yumurta boyamaqdır. İnanclara görə boyanmış yumurtalar dünyanı təmsil edir. Ağ, göy, yaşıl, qırmızı boyalı yumurtalar, adətən, ilin dörd fəsli kimi yozulur. Ana-bacılarımızın bişirdiyi qoğal Günəşin, şəkərbura Ayın, paxlava isə alovun və ulduzların rəmzi sayılır. 
     Novruzun ən əsas rəmzlərindən biri də yazın gəlişini, həmin il məhsuldarlığın necə olacağını özündə təcəssüm etdirən səmənidir. Ta qədim zamanlardan insanlar səməni cücərtməklə bərəkət, bolluq arzulayar və bayramdan sonra həmin səməniləri axar suya buraxardılar. Bayramın ən əsas adətlərindən biri də budur ki, hər kəs bayramdan öncə dünyasını dəyişmiş əzizlərinin məzarını ziyarət edər, bayram günü isə el ağsaqqalları bir alma və ya boyanmış yumurta götürüb yas düşən evləri ziyarət edərək insanların könüllərini şad edərlər. 
    Novruz adət-ənənələri çox zəngindir. Bu ənənələr əsrlərboyu yaşadılaraq bu günümüzə gəlib çıxmışdır. Sirr deyil ki, 70 illik sovetlər birliyi dövründə digər ənənələr kimi Novruz adət-ənənələri də böyük çətinliklərlə üz-üzə qalmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi, dəyərli ziyalı, dramaturq Şıxəli Qurbanov bu bayramın keçirilməsi üçün qətiyyətli təşəbbüs göstərərək istədiyinə müvəffəq olur. 1967-ci ildə o, bayramın Novruz adı ilə yox, Bahar bayramı kimi keçirilməsini təşkil edir. Hətta həmin dövrdə Mərkəzi Komitənin birinci katibi Vəli Axundov da Şıxəli Qurbanovu təhlükəli iş gördüyü barədə xəbərdarlıq edir, amma o, geri çəkilmir. Düşünülmüş şəkildə tərtib olunmuş Novruz bayramı şənlikləri Azərbaycanın bütün bölgələrində, xüsusən Bakı şəhərində ümumxalq şənliyi səviyyəsində təşkil edilir. Təbii ki, Azərbaycanda Novruzun yüksək səviyyədə qeyd olunması Moskvada da böyük həyəcanla qarşılanır. Ona görə də dərhal Şıxəli Qurbanov Moskvaya çağırılaraq ondan Novruzla bağlı izahat tələb olunur. O, Moskvaya gedəndə həbsə alınacağını və ya ən azından işdən azad ediləcəyini gözləyir. Lakin Moskvada 22 vərəqdən ibarət izahat yazır və özü alim olduğu üçün Novruz bayramının dini bayram olmadığını sübut və dəlillərlə şərh edir. Nəhayət, izahat qəbul olunur. Hətta Şıxəli Qurbanov həm də yaxın dostu olan tanınmış şərqşünas İosif Samuiloviç Braginskiyə də müraciət edir ki, Novruz bayramının dinlə əlaqəsi olmadığını geniş və əsaslı surətdə öz məqaləsində əks etdirsin. Həqiqətən də, belə bir məqalə “Pravda” qəzetində çap olunur. Bir qədər sonra həmin yazı Azərbaycan dilində 20 may 1967-ci il tarixli “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilir. Məqalə dərc edildikdən sonra Şıxəli Qurbanov deyir: “Novruz pasport aldı”.
    1969-cu ildə Azərbaycanda rəhbərliyə gələn Ulu Öndər Heydər Əliyev isə bir çox sahələr kimi milli mədəni irsimizin qorunması və yaşadılması sahəsində də böyük addımlar atır. Novuz bayramı bütün bölgələrimizdə layiqincə qeyd olunur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra Novruz bayramının artıq dövlət səviyyəsində qeyd edilməsinə başlanıldı və qısa müddətdə dünya azərbaycanlılarının milli bayramına çevrildi. Eyni zamanda Ulu Öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatdı, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzuladı.
    Ümummilli Liderin Azərbaycançılıq ideyaları bu gün ölkəmizdə uğurla davam etdirilir. Milli və mənəvi dəyərlərimizə hərtərəfli dövlət qayğısı göstərilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi Beynəlxalq Novruz Günü elan edilib. 
    Bu gün Novruzu hər birimiz qürur hissi ilə qeyd edirik. Uzun illər idi ki, Novruz bayramını Şuşada, Qarabağda keçirmək arzusunda idik. Artıq üç ildir ki, arzularımız çin olub. Elə çin olmuş arzuların qələbə sevinci ilə 2021-ci ildə Ali Baş Komandan cənab İlham Əliyev xalqımıza bayram təbrikini və xoş arzularını Şuşadakı Cıdır düzündə qalanmış bayram tonqalının önündən çatdıraraq bu cür böyük tarixi hadisənin əhəmiyyətindən söz açdı. Bu isə heç də təsadüfi deyildi, Novruza həsrət torpaqlarımızda bundan sonra əbədi qeyd edəcəyimiz bayramın ilk müjdəsi idi. Və artıq biz Novruzu üçrəngli bayrağımızın dalğalandığı bütün bölgələrimizdə qeyd edirik. Qoy bu Novruzda çatdığımız tonqalımız daha da alovlansın, el-obamıza əmin-amanlıq, toy-büsat gətirsin. Qoy düşmən də bilsin ki, Oğuz yurdunun ocağı gur yanır! 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 17.03.2023 20:45