AZ EN RU

“Oğul” filmi Naxçıvanda nümayiş olunub - FOTOLAR

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 29-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Birinci Qarabağ müharibəsi döyüşçüsü, itkin Natiq Qasımov haqqında çəkilmiş “Oğul” filmi nümayiş olunub.   

    Film dövlət, hökümət, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər, hərbçilər, gənclər tərəfindən izlənilib.

Film başlamadan əvvəl torpaqlarımızın bütövlüyü  uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov ekran əsəri haqqında məlumat verib. Bildirilib ki, 3 il ərzində ərsəyə gətirilən sənədli filmin rejissor və ssenari müəllifi Karan Sinqh Azərbaycan, Ermənistan, Rusiya, İtaliya və Böyük Britaniyada şahidlərlə görüşüb, müsahibə alıb. Film Böyük Britaniyanın “Broken Pot Media” şirkəti tərəfindən italiyalı hərbi fotoreportyor Enriko Sarsininin fotoları əsasında ekranlaşdırılıb. 

  Sonra film nümayiş olunub.

  “Oğul” sənədli filmində vətənpərvər Azərbaycan oğlunun mərdliyi, qorxmazlığı  ilə yanaşı, erməni riyakarlığının, yalanlarının ifşası da yer alır. Birinci Qarabağ müharibəsi zamanı döyüş yoldaşlarını itirirən Natiq Qasımov alban kilsəsində mühasirədə qalır. Böyük qəhrəmanlıq göstərən, təkbaşına  döyüşən Natiqi ermənilər Xocalıda əsir götürdükləri 22 azərbaycanlını öldürməklə təhdid etdikləri üçün təslim olur. Natiqin cəsarəti, qürurla sarıldığı  Azərbaycan bayrağına olan sevgisi, barəsində aparılan axtarışlar filmdə əks olunur. Natiq Qasımovun əsir götürüldükdən sonra ermənilər tərəfindən dindirilən zaman çəkilən fotoları onun haqqında bilinən sonuncu məlumatdır. Vətənpərvər döyüşçünün sonrakı aqibəti məlum deyil.

“Oğul” filmi izləyicilər tərəfindən maraqla qarşılanıb.

  Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.11.2023 19:04