AZ EN RU

Ödəniş kartımızı dələduzlardan necə qorumalıyıq?

    Hər birimizin başına gəlməsə də, çox insanların pul kisələrindən pullarının itməsi halları mütləq ki olmuşdur. Müasir dövrdə pul kisələri öz yerini yavaş-yavaş plastik kartlara təhvil verməkdədir. Plastik kartların pul kisələrindən daha etibarlı olduğunu qeyd etməkdə fayda var.     
       Bir şeyi də unutmamalıyıq ki, biz pulu təkcə itirmirik, həm də pulumuz oğurlanır. Bank kartlarının inkişaf etməsinə, yayılmasına, tələb görməsinə mütənasib olaraq bu sahənin dələduzluğunun da “inkişaf etməsi”, təbii ki, qaçılmazdır. Qeyd etdiyimiz kimi, pulumuz kartda nə qədər etibarlı saxlansa da, xüsusilə bizdən asılı olan səbəblərdən bu etibarlı təhlükəsizlik yox səviyyəsinə çata bilər. Bank kartları fərdə məxsus xüsusiyyətlərə malik məxfi məlumatların cəmləşdiyi bir vasitədir. Zahiri cəhətdən kart üzərindəki yazılar görünür olsa da, əslində, yalnız kart sahibinin görməli olduğu gizli məlumatlardır. Plastik kartların üzərində olan 16 rəqəmli IBAN (International Bank Account Number) nömrəsi, son istifadə tarixi və CVV/CVC (Card Validation Value və Card Validation Code) nömrəsi yalnız kart sahibinə aid məlumatlardır. Bu məlumatlar bankomatlardan pulun çəkilməsi zamanı önəmsiz kimi görünsələr də, əslində, müasir internet ticarətinizin, onlayn alış-verişinizin və mobil köçürmələrinizin reallaşması üçün əsas rekvizitlər hesab olunurlar. Fiziki olaraq kartınızı itirsəniz dördrəqəmli təhlükəsizlik kodu olmadan bankomatlardan pulunuzun çəkilməsi mümkün olmaz. Lakin onlayn istifadə üçün lazım olan məlumatlar kartın üzərindədir. Bu səbəbdəndir ki, müasir bankçılıqda banklar “3D Secure” adını verdikləri təhlükəsizlik sistemini tətbiq edirlər. Onlayn əməliyyatı kart vasitəsilə etməmişdən öncə sizin mobil nömrənizə birdəfəlik kod gəlir və siz o kodu əməliyyatı yerinə yetirmək istədiyiniz platformada müvafiq xanaya daxil etdikdən sonra əməliyyat baş tutur. Kartınız başqa birinin  əlinə keçdiyi təqdirdə həmin şəxs hər hansı əməliyyat etmək istədikdə sms bildiriş sizin mobil nömrənizə gəldiyi üçün bunu edə bilməyəcəkdir. “3D Secure” banklar tərəfindən avtomatik olaraq tətbiq edilir. Əgər kartınızda “3D Secure” aktiv deyilsə, müştərisi olduğunuz banka müraciət etməklə bu xidmətə qoşula bilərsiniz.
    Ən təhlükəli dələduzluq halları isə kart məlumatlarının aldatma yolu ilə bizdən alınaraq əldə edilməsi ilə baş tutur. Son dövrlərdə ölkə ərazisində tez-tez rast gəlinən bu dələduzluq halları vətəndaşların maddi vəziyyətlərinin pisləşməsi ilə yanaşı, bank vətəndaş münasibətlərinin korlanmasına da gətirib çıxarır.
    Bu dələduzluq hallarının ən geniş yayılmış forması mobil nömrənizə daxil olan zənglərdir ki, zəng edən şəxslər müvafiq bankdan zəng etdiyini deyərək sizdən yuxarıda qeyd etdiyimiz kart məlumatlarını almağa çalışmaqla pis niyyətlərini həyata keçirməyə çalışırlar. Önəmli bir məqam isə kartınızdan çəkilən məbləğin geri qaytarılmasının qeyri-mümkün səviyyələrdə olmasıdır.
    Unutmamalıyıq ki, müştəri qismində sizlərə bank tərəfindən hər hansı zəngin daxil olması halları yalnız müştərilərin öz öhdəliklərini yerinə yetirmədiyi və ya lazımi qaydada yerinə yetirmədiyi hallar ilə bağlı ola bilər. Digər hallar üzrə, xüsusilə də bank tərəfindən telefon vasitəsilə şəxsi məlumatlarla bağlı sualların verilməsi halları qeyri-mümkündür. Bu cür məsələlərdə fəallıq göstərib və daxil olan zənglərlə bağlı müştərisi olduğunuz banka məlumat verməlisiniz.
    Bank sistemində üzləşdiyimiz bu təhlükələrə bütün dünya ölkələrində rast gəlinir. Təhlükəsizliyin yeganə yolu sizə aid məlumatların başqasının bilməməsidir.         

Elşad ƏHMƏDOV
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar 
Respublikası İdarəsinin əməkdaşı  

 

Nəşr edilib : 19.07.2022 19:14