AZ EN RU

O yurd bizim yurdumuzdur

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

    Orta məktəbin dördüncü sinfində oxuyurduq, qışın şaxtalı günləri idi. Sinif otağındakı sobaya evimizdən gətirdiyimiz yaş odunları yığıb yanmasını gözləyir, istisinə qızınmamış, tüstüsünə boğulurduq. Həmin günlərdən birində otağın qapısı açıldı və məktəbin direktoru yanında bir neçə uşaqla içəriyə daxil oldu. Direktor onları bizlə tanış edərək kərkililərdir, sizinlə bir sinifdə təhsil alacaqlar, – dedi. Uşaq ağlı ilə hələ başa düşmürdük nə olduğunu, Kərkinin hara olduğunu, məcburi köçkün sözünü isə ilk dəfə eşidirdik. Sonradan şəhid, Şəhidlər xiyabanı sözləri zehnimizə yerləşdi. Biz böyüdük. Yuxarı sinif yoldaşlarımızın ailələri ilə birlikdə öz yurd-yuvalarından necə qovulduqları haqqında çox söhbətlər eşitdik. Öyrəndik ki, uzaqda – qərib ellərdə illərdir, öz anasından ayrı qalan bir yurd var, bax o bizim əzəli-əbədi torpağımızdır. Zorla qoparıldı öz anasından. Bir yurd dağıdıldı, bir el pərən-pərən düşdü. Bax elə bu yurdun qoynundan el köçəndən  gözləri yollardan yığılmadı Kərkinin. 

    Beləcə, ömür keçdikcə bu yurd həsrətinin yarası qabıq qoydu. Amma sağalmadı yurd, torpaq həsrəti, o yaranın qabığı tez-tez soyuldu. Dağın yamacındakı o yurdda, o ocaqda, o ocaqda tüstülənən odun sobasının üstündə dəmlənən yarmaaşında qaldı çoxlarının fikri, xəyalı. İllər sonra Yeni Kərki salındı, köhnə xəstəxana binalarında, dar otaqlarda yaşayan kərkililər oraya köçürüldü. Amma şərait nə qədər yaxşı olsa da, xəyallar, arzular o qoşa dağların ətəyindəki yurdda qalmışdı. Elə o yurdun da fikri-xəyalı öz doğmalarının yanında idi. 
    İllər öncə qış tüğyan edib bəndi-bərəni bağlamış, böyük çillənin ortalarında yağan qar artıq bütün cığırları tutmuşdu. Şaxtanın iliyə işlədiyi, gediş-gəlişin çətin olduğu Kərki bu çətinliklərlə bərabər, erməni quldurlarının hücumuna da məruz qalmışdı. Yaranmış fürsətdən istifadə edən ermənilər və onların havadarları isə bütün sərhədlər boyu muxtar respublikamızı müxtəlif çaplı avtomat silahlardan, toplardan atəşə tutmağa başlamışdılar. Ölkəyə başçılıq edən səriştəsiz rəhbərlər isə soyuqqanlılıqla mənfur düşmənin millətimizə divan tutmasına rəvac verməkdə idi. 
    1988-ci ildə başlanan hadisələr 1989-cu il dekabrın sonlarında daha da gərginləşdi. Kərki kəndi ermənilərin həmin illərdə işğalçılıq siyasətinin ilk hədəfi idi. Kərkinin işğalı Bakıdakı 20 Yanvar faciəsinin, ermənilərin Naxçıvanın alınmaz qalası Sədərəyə silahlı basqınlarının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin başlanğıcı oldu. Bu həmin vaxtlar idi ki, erməni şovinistləri ilə münasibət gərginləşib kulminasiya nöqtəsinə çatmışdı. Mənfurlar Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən gecələr Sədərəkdən Kərkiyə yük maşını ilə, bəzən də piyada 30-40 nəfər könüllü müdafiəçi gedir, gecəni səhərədək kərkililərlə birlikdə kəndin keşiyini çəkirdilər. Sonralar həmin könüllülərə Şərurdan və Naxçıvandan gələnlər də qoşuldular. Ancaq çox keçmədi ki, Kərki ilə Sədərək arasında əlaqə tamam kəsildi, Kərkinin müdafiəçilərinə ərzaq və silah-sursat çatdırmaq da problemə çevrildi. Lakin bu kəndin müdafiəçiləri qəhrəmanlıqla vuruşub son ana qədər düşmənə ciddi müqavimət göstərdilər.
    Hadisələrin şahidlərindən olan veteran polis Azər Seyidov deyir ki, həmin günlərdə silahlı dəstələr, hərbi texnika sərhədlərimizə toplanırdı. Ermənilər illərdir, həyata keçirə bilmədikləri mənfur planlarını reallığa çevirməyə, təkcə Kərkini yox, bütövlükdə, muxtar respublikanı işğal etməyə can atırdılar. Kərkidəki qadın və uşaqların, qocaların orada qalması çox təhlükəli olduğu üçün onlar yanvarın 15-də kənddən çıxarılmışdı. Adamları ata-baba yurdlarına qaytarmaq, təhlükəsiz yaşayacaqlarına əminlik yaratmaq üçün yanvarın 17-də 17 nəfərlə yenə Sədərək kəndindən Kərkiyə yola düşdük. Bizə Naxçıvan şəhərindən könüllülər də qoşulmuşdu. Kəndə çatanda artıq şər qovuşmuşdu. Dəstəmiz kənddən xeyli aralıda dayandı, oradakı vəziyyəti öyrənmək üçün hər yeri diqqətlə nəzərdən keçirdikdən sonra hərbçilərdən başqa bir kimsənin olmadığını gördük. Kəndi ermənilərin basqınından müdafiə etmək üçün yaradılan postlarda növbə ilə keşik çəkirdik, silahımız yox dərəcəsində idi. Erməni yaraqlıları isə o dövrün ən yaxşı silahlarına, kəndi yüksəklikdən atəşə tutmaq imkanına malik idilər. Strateji yüksəkliklər onların əlində olduğundan Kərkini Sədərəyə birləşdirən avtomobil yoluna da nəzarət edirdilər. Yanvarın 18-də kənd səhər saat 4 radələrindən şiddətli atəşə tutuldu. Xəbər yayıldı ki, silahlı ermənilər Kərkiyə hər tərəfdən basqın ediblər, kənd mühasirədədir, oradakıları əsir tutub aparmaq istəyirlər. Səhər saat 4-dən axşama qədər atışma getsə də, müasir silahlarla silahlanmış saysız erməni döyüşçüləri qarşısında Kərkinin müdafiəçiləri son damla qanlarına qədər vuruşmaq niyyətində idilər. Amma 70 il sərvətlərimizi amansızlıqla talayıb aparan rus dövlətinin hərbçilərinin “daha sizin təhlükəsizliyinizi qorumağa bizim gücümüz çatmır, təcili kəndi tərk etməsəniz, hamınızı girov götürəcəklər” xəbərdarlığı onları çıxılmaz vəziyyətdə qoydu. Erməni hücumu, rus hərbçilərinin “çıxın!” təhdidi, silah-sursat çatışmazlığı kərkililərin yaşayış yerini tərk etmələrinə səbəb oldu. Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı 30 nəfərədək Kərki sakini ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim Oğuz yurdu, beləcə, ermənilərin əlinə keçdi. Daha doğrusu, yanvarın 18-də SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilərə verildi. 
    Tanınmış alimlərin fikrincə, Naxçıvan Muxtar Respublikasının şimal-qərbində, Sədərək kəndinin 8-10 kilometrliyində yerləşib 960 hektara yaxın ərazini əhatə edən qədim Kərkinin adı türk tayfası ilə bağlıdır. Bu toponimə ölkəmizdə və bir sıra türkdilli xalqların yaşadıqları ərazilərdə də rast gəlmək olur. Qədim yurd yerimiz olan Qarabağ torpağında Kərkicahan şəhəri, Qərbi Azərbaycanın Göyçə mahalında Kərkibaşı kəndi, Türkmənistanda Kərki rayonu və şəhəri, həmin respublikanın Cərco vilayətində Kərkiçi dəmiryol stansiyası, “Kərkidağ” toponimi də bu tayfa adından qaynaqlanıb. Bütün bunlar onu göstərir ki, yaşayış məntəqəsi tarixən azərbaycanlıların məskunlaşdığı yurd yeri olub. Bu qədim yaşayış məskənində vaxtilə aşkar edilmiş nekropol, müdafiə istehkamları, daş qutu qəbirlər və digər maddi mədəniyyət nümunələri arxeoloqların fikrincə, eramızdan əvvəl III minilliyin sonu və II minilliyə aid edilir. Kərki kəndi ərazisindəki “O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Köhnə Kərki”, “Dəlik daş”, “Sənəm zağası”, “Gavurqala”, “Cəhənnəm dərə”, “Şırran”, “Qızıl daş”, “Qurdbaba”, “Alma yokkuşu”, “Qırmızı güney”, “Şurud bulağı” kimi toponimlər də bu torpağın qədim tarixindən xəbər verir. 
    30 ildir ki, öz doğma ocaqlarından ayrı düşən kəndin sakinləri muxtar respublikanın Kəngərli rayonunun ərazisində yaradılan Yeni Kərki kəndində məskunlaşıblar. Hər cür dövlət qayğısı ilə əhatə olunan bu dağ vüqarlı insanlar öz kəndlərinin düşmən işğalından azad ediləcəyinə, yenidən öz dədə-baba torpaqlarına qovuşacaqları günün uzaqda olmadığına inanırlar. Bu əminliyi doğuran isə müstəqil dövlətimizin, ordumuzun güc və qüdrətinin ilbəil artmasıdır.
    Ötən illərin o ağır günlərini hər an xatırlayırıq. Xatırlayırıq ki, unutmayaq. Unutmayaq ki, tarixi qələbələrin əzəli torpaqlarının işğalı ilə barışmayan millətlərin parlaq taleyi olduğunu sübut edək. Necə ki 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt zəfərlərində dünya buna şahid oldu.Vətən müharibəsində 44 gündə dastan yazan igidlərimiz Qarabağımızı azad etdilər. Yurdumuzu Vətənimizə qovuşdurdular. Xain qonşularımız güclü himayədarlarının dəstəyi nəticəsində qazandıqları “qələbəni” sonsuza kimi qoruya bilmədilər. Qədim Naxçıvanın keşiyində inamla dayanan Əlahiddə Ümumqoşun Ordu muxtar respublikamızın müdafiəsində ona həvalə edilmiş missiyanı şərəflə yerinə yetirməklə yanaşı, işğalda olan torpaqlarımız uğrunda döyüşlərə atıldı. Onlarla igidimiz Qarabağa yollandı. Kimi bayraq çiynində, kimisi isə bayrağa bükülüb gəldi. Lələtəpədə, Qızılqayada dalğalanan bayraq gözəl Qarabağımızda da dalğalandı. 44 günlük Vətən savaşında qazandığımız Zəfərdən sonra Prezident cənab İlham Əliyevin 23 may 2022-ci ildə “Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalaması Naxçıvanın işğal altındakı Kərki kəndinin də delimitasiya prosesinə daxil edildiyini rəsmi olaraq təsdiqləyib.
    Bu zəfərdən sonra inamımız bir daha artdı. İnandıq ki, biz Kərkiyə qayıdacağıq. Yolumuzu gözləyir Vətən torpağı, ona qovuşacağımız, o dağlara zəfərlə qayıdacağımız günün yaxında olduğunu hiss edir. Bilir ki, tarixə yazılan Vətən savaşının qəhrəman Müzəffər Ali Baş Komandanı və xalqımızın müzəffər Ordusu onu da anasına, Azərbaycanına – doğma Naxçıvanına qovuşduracaq. Müzəffər Ali Baş Komandanın: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o bizim yumruğumuzu bir daha görəcək” qətiyyəti inamımızı daha da artırır. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 17.01.2023 18:55