AZ EN RU

O təkcə öz ömrünü yaşamırdı... Özü getdi, xatirələri bizimlə qaldı

    …Ömür axıb gedən zamanın bizə düşən kiçik bir hissəsi, çətin, əzablı yollardan, xoş və gərgin günlərin təəssüratlarından, xatirələr və arzularla qovuşan anlardan bütövləşmiş vaxt ölçüsüdür. Ömrünün 74-cü ilində əbədiyyətə yol açan Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Naxçıvan Mətbuat Şurası idarə heyətinin üzvü Elman Məmmədovun keçdiyi ömür və tale yoluna nəzər salanda onun təkcə öz ömrünü yaşamadığını görürük. Bu gün onun haqqında keçmiş zamanda danışmaq nə qədər ağır olsa da, zamanın hökmü heç nəyə baxmır, heç nə ilə hesablaşmır. Cəfakeş valideyn, gözəl dost, əsl ziyalı, ömrü boyu qəlbən mətbuata bağlı insan kimi daim onu tanıyanların, çətində, darda əlindən tutanların ümid yeri idi Elman Telman oğlu...

    Bir neçə gündür ki, sənsizik, Elman müəllim. Sənsizliyi yaşayanların adlarını çəkmirik; daha doğrusu, çəkə bilmirik. Bir deyil axı onlar, beş də deyillər – səni yaxından tanıyanların hamısı kədər içindədir. Ona görə adlarını çəkmirik ki, kimisə unuda bilərik – inciyərlər, küsərlər. Buna haqları da var! Həmişə qapına deyə-gülə gəlirdik. O gün o qapı bizim üçün Elman müəllimsiz yetim kimi görünürdü. Çünki sən daha o qapıdan girməyəcəksən... O gün səni o qapıdan haqq dünyasına yola saldıq. 
    ...Kişi ömrü yaşadın bu fani dünyada, belə tanıdılar səni. Ürəyin saflıqdan yoğrulmuşdu. Gəncliyində bu saflıqdan başın az bəlalar çəkməmişdi. Naqisliyə, biganəliyə, laqeydliyə, əyriliyə, ikiüzlülüyə, riyakarlığa, vəzifəsinə dədəsinin malı kimi baxanlara dözə bilmirdi ürəyin, sarılırdın sənə həmişə vəfalı olan qələmə; açırdın sandığı, tökürdün pambığı. Bu da o dövrün ixtiyar sahiblərinə xoş gəlmirdi. Öz postlarından istifadə edib sənə təzyiq göstərirdilər. Ürəyin ağrıyırdı belə ədalətsizliyə. Ömrünün bu çağında səni yaman yerdə yaxaladı ürəyin. Bu vəfasızlıq yaxınlarını, doğmalarını yandırdı, yaxdı. Hələ çox yandırıbyaxacaq – köhnəlmiş qəzet səhifələrində yazılarını gördükcə, təbəssümlü baxışlarını, şaqraq gülüşünü, duzlu-məzəli söhbətlərin xatırladıqca gözümüz axtaracaq səni – toyda, nişanda, iclasda görmədikcə içimiz göynəyəcək. Səni saxlaya bilmədiyimiz üçün özümüzü qınayacağıq. Bunun artıq gec olduğunu bilsək də, qınayacağıq. Çünki gücümüz buna çatacaq. 
    Bizə həyatda yaşamağı öyrədirdin, ancaq öz ömrün yarımçıq qaldı. 
    Dost itkisi ağır olur, Elman müəllim! Çox yaşamışdın belə itkini. O gün bizə də yaşatdın. O itkilərə vida sözləri yazmışdın. Bu gün vida sözlərini sənə yazırıq. 
    Hələ də sənin bizimlə bir sırada olmamağına inanmağımız gəlmir. Amansız əcəlin səni belə asanlıqla əlimizdən alması bütün varlığımızı göynədir. Hələ çox göynədəcək. Düşünürəm ki, biz qələm dostları bu ayrılığa dözə bilmiriksə, övladları, nəvələri necə dözür buna? Və onu da düşünürəm ki, əcəlin zamansız hökmünü hələ heç kim dəyişə bilməyib. Həyatın özü ilə yaşıd olan bu qanun, bu hökm heç kimə, heç nəyə baxmadan öz bildiyini edir dünya bina olandan.
    Sən təmizlik, saflıq simvoluydun. Ömrün boyu da belə yaşamışdın, övladlarını da belə öyrətmişdin. Bu dünyada onları Elman müəllimsiz qoydun...
    ... 73 il bundan əvvəl – 1950-ci il may ayının 15-də Şərur rayonunun Düdəngə kəndində doğulmuşdu. Jurnalistika fəaliyyətinə 1968-ci ildən rayon qəzetinin mətbəəsində mürəttib köməkçisi kimi başlamışdı. 1969-1974-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdı. Hüseyn Əbdülhüseynov, Cəfər Məmmədov, Cəfər Əliyev, Mikayıl Əliyev və digər peşəkarlarla çiyin-çiyinə işləmişdi.          
    Şəxsən tanıdığımız bu ziyalıların qələmindən çıxan yazılar hesabına ozamankı “İşıqlı yol” qəzeti respublika miqyasında ən yaxşı rayon qəzetlərindən sayılırdı. Bunun bir səbəbi də qəzetdə tənqidi yazılara, xüsusən felyetonlara geniş yer verilməsi ilə bağlı idi. Bu janrda yazanların sırasında Elman müəllimin xüsusi yeri vardı.
    Onun jurnalistikasında minimum söz, maksimum məna başlıca amil idi. Elman Telmanoğlunun redaktorluğu dövründə qəzetdə əməkdaşlıq edən bir jurnalist söhbət edir ki, bir dəfə rayon Mərkəzi Xəstəxanasının baş həkiminin rüşvətxorluğundan bəhs edən “Xəstə çox şey dilər, lakin ona qismət olmaz” adlı felyetonunda rüşvətxor obrazı yaratmağa cəhd elədiyi birsəhifəlik yazının üstündən Elman müəllim xətt çəkib belə bir cümlə yazmışdı: “Baş həkim yumruğunu stola elə çırpdı ki, küncdəki ayağıbağlı xoruz dik atıldı”. Vəssalam! Heç bir bənzətmə olmadan obraz göz önündə canlanır.
    60-cı illərdən qəzetin nəzdində yaranmış “Şərur qönçələri” ədəbi dərnəyi həmin illərdə Elman Məmmədovun təşkilatçılığı ilə şərurlu gənc ədəbi qüvvələrin məbədgahına çevrilmişdi. Dərnəyin yetirmələri sonralar ölkəmizin ictimai-siyasi həyatında, ədəbi-bədii mühitində öz dəstxətləri ilə tanınmışlar. Akademik İsa Həbibbəyli, Muxtar İmanov, Asim Yadigar, Əhməd Sədərəkli, Vaqif Məmmədov, Budaq Təhməz, İnqilab Orxan, sonralar dərnəyin rəhbəri olmuş İbrahim Yusifoğlu…
    İllər sonra görkəmli yazıçı, rus ədəbi tənqidinin banisi Belinskinin bir məşhur kəlamı  onlar arasında belə improvizə olunmuşdu: “Bütün Rusiya Qoqolun “Şinel”indən çıxdığı kimi şərurlu ədəbi qüvvələr də “Şərur qönçələri”nin, konkret olaraq, Elman müəllimin “şinelindən çıxıb”. İndi onların əksəriyyəti Şərurdan uzaqlarda yaşasalar da, ata yurduna gələndə onunla da əzizləri kimi görüşür, onu ziyarət edir, həmin günləri sevə-sevə xatırlayırdılar. Daha onunla görüşə bilməmək ağrısı içimizi göynədir...
    Təəssüf ki, nümunəvi yerli mətbuat orqanı kimi özünəməxsus inkişaf və yüksəliş yolu keçmiş “İşıqlı yol” 90-cı illərdə dövrün məlum dağıdıcı prosesləri ilə üzləşdi. Özlərini boz qurd elan edən bir qrup cəbhəçi redaksiyanın qapısını mismarladı. Səbəbi belə izah etdilər ki, qəzet sovet hökumətinə, partnomenklaturaya xidmət edib, rayon partiya komitəsinin orqanı olub. Ancaq sənətinə vurğunluq, işinə məsuliyyət və sədaqət elə qadağaları dəf etməkdə Elman müəllimin köməyinə gəldi. Naxçıvan Mətbuat Şurasının 2007-ci ildə çap etdirdiyi “Jurnalist” almanaxında Elman Telmanoğlunun “Jurnalistin vicdanı gecə-gündüz ayıq olmalı, onu büdrəməyə, xırda duyğuların əsiri olmağa qoymamalıdır” adlı yazısı o dövrün keşməkeşlərini yaşamaq üçün həm ən etibarlı mənbə, həm də həmkarımızın cilalanmış qələminin göstəricisidir.     
    ... Keçmişinə boylananda, dünəninə baxanda özü, övladları, nəvələri, nəticələri, dost-tanışları üçün utanc gətirməyəcək bir ömür yaşadığından qürur hissi keçirirdi Elman müəllim. Çətinliklərindən, ağrı-acılarından danışmağı sevmirdi. Ağlı kəsəndən dərdlə yoldaşlıq, qayğıyla qardaşlıq eləmişdi. Bundan bezikmək nədir, cəfakeşliyi, fədakarlığı bir yaşamaq vasitəsi bilmişdi. Çətin mənzil şəraitində illərlə ağır yataq xəstəsi olan həyat yoldaşına həyan olmuşdu. O, həyatdan köçəndən sonra taleyin daha bir ağır zərbəsi ilə üzləşdi. Oğlu Kamran gənc ikən qəfil ölümü ilə sinəsinə dağ çəkdi onun. Bütün bunlara rəğmən müsbət enerji ilə taleyin bəxş etdiyi ömür payını yaşayırdı. Deyirdi ki, şərəfli qocalıq başqa şeydir. O ucalıqdır. Hər yeni yaş əvvəlkinin hesabatıdır, sabaha yeni baxışdır, yeni planlar, arzulardır... Həyata qırılmaz tellərlə bağlanmaqdır. Yaşımdan qorxmuram, – deyirdi. Axı əgər hələ də enerjin, yaşamaq həvəsin, həyata və insanlara sevgin varsa, yaşın nə önəmi? Gələcəyə xoş güman insan xislətində, təbiətindədir, insan qəlbinin əbədi, kövrək ehtiyacıdır. İnanırsan ki, hər şey daha yaxşı, daha gözəl olacaq. İnsanlar bir-birilə daha doğma, daha yaxın olacaqlar. Doğma Qarabağımızın azad edildiyinin şahidi olmaq istəyirdi və çox şükür ki, arzusuna çatdı və o günü gördü.
    Bu gün aramızda yoxdur Elman Məmmədov. Yeri görünür. Onu tanıyanlar yaşadıqca da bu dəyərli ziyalımızın yeri görünəcək. Təsəllini onda tapırıq ki, o, mətbuatda Elman Məmmədov məktəbi yaradıb. Bu məktəb onu tanıyan jurnalistlərin mətbuatı öyrənmək ünvanıdır. Həqiqəti düzgün söyləmək, rastlaşdıqları neqativ hallara qarşı mübarizə aparmağı öyrənmək ünvanıdır. Bu məktəbin qapısı ömrünü mətbuata bağlayanların üzünə həmişə açıqdır.
    Elman müəllim, dost itkisi ağır olur!
    Səni qoruya bilmədiyimiz üçün bizi bağışla, əziz dostumuz!
    Qəbrin nurla dolsun!

Hüseyn ƏSGƏROV
Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar jurnalistləri

Nəşr edilib : 04.10.2023 19:19