AZ EN RU

O parıltı dünyanı sehirli bir aləmə çevirmək arzusunun simvoludur

Xəbər verdiyimiz kimi, “Yeniyetmə qızların liderlik və motivasiya məktəbi" layihəsinin açılış mərasimi münasibətilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin üzvləri Naxçıvanda səfərdədirlər. 21 dekabr tarixindən başlayaraq 4 gün davam edəcək səfərin ilk günü “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə ilə baş tutan söhbətimizi oxuculara təqdim edirik: Naxçıvan mənim doğma məmləkətim, diyarımdır. Bu əziz diyarın mənim qəlbimdə xüsusi bir yeri var. Təkcə məmləkətim olaraq deyil, eyni zamanda Ulu Öndərin yaşadığı, böyüdüyü, təhsil aldığı bir yer kimi mənim bu yurda böyük bir bağlılığım var. Arzu etdim ki, qızlarla səfərimiz böyük nailiyyətlər qazanmağımda əvəzsiz rolu olan Naxçıvandan başlasın. Xoşbəxtəm ki, bu gün bu arzuma çatdım. Çünki, layihənin açılışının Naxçıvanda baş tutması qızlarımız üçün çox əhəmiyyətli idi. İlk ziyarətimiz dahi şəxsiyyətin irsinin qorunduğu və təbliğ olunduğu məkandan başladı. Ümummilli Liderin keçdiyi şərəfli həyat yolu onlar üçün əvəzsiz örnək idi. Axı onlar lider kimi formalaşmalıdırlar. Lider qızlarımız muzeydə onun şəxsi əşyaları, həyat və yaradıcılığı, siyasi fəaliyyəti ilə bağlı stendlərlə tanış olduqca hər birinin çöhrəsində heyrətamiz ifadə var idi.

Mənim diqqətimi çəkən bilirsiniz nə oldu? Heç vaxt təhsil almayan qızların stendlərin qarşısında dayanıb hecalaya-hecalaya Ulu Öndərlə bağlı məlumatları oxumağa çalışmaqları. Və ya digər yazmağı bacaran, oxumağı bilən yoldaşlarına sonra əzbərləmək üçün stendlərdəki məlumatları yazdırmaqları. Bu mənim üçün böyük qürur idi.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə səfərimiz, komitənin sədri Ramilə xanımla görüşümüz, Rəssamlar Birliyində rəssam Tapdıq Həmzəyevin sərgisinin açılışındakı maraqlı əl işlərinə baxış, millət vəkili, Rəssamlar Birliyinin sədri Ülviyyə xanımla tanışlığımız... Bu görüşlərin hər biri qızlarımız üçün unudulmaz anlar idi.

Günün sonunda Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Elxan Nəcəfovla görüşü xüsusilə vurğulamaq istərdim. Çünki, onlar ilk dəfə idi ki, bir kişi ilə bir süfrə arxasında əyləşib səmimi söhbət edirdilər. Elxan müəllimlə gələcək planları və hədəfləri barədə həyəcanla danışdıqca onların gözlərindəki o parıltı məni duyğulandırdı. Çünki, o parıltı dünyanı sehirli bir aləmə çevirmək arzusunun simvoludur. Onlar bu gün sanki anaları ilə faydalı söhbətlər etdilər, atalarına gələcək hədəflərindən ümidlə danışdılar. Elxan müəllimin onların gözəl nitqlərinin, danışıq qaydalarının, özlərini ifadə etmə bacarıqlarının olduğu barədə fikirləri qızlarımızda böyük özünəgüvən hissi yaratdı. Onlar bu bir gündə Ulu Öndərin şərəfli həyat hekayəsindən sonra onlara örnək ola biləcək insanların tövsiyələrini dinlədilər. Bir gün ərzində biz böyük bir nailiyyət əldə etmişik. Bunun sevincini, nə qədər məni suala tutsanız da, mən onu sözlə ifadə edə bilməyəcəm.

Mən heç bilmirəm, sizinlə hansı sevincimi bölüşüm. Fikirlərim o qədər qarışıqdır ki... Burada dövlət qurumlarının rəhbərləri tərəfindən qayğı gördük, hörmət, diqqət, sevgi gördük. Bu dəyərlər bizim üçün əvəzsizdir. Naxçıvana səfərimizin ilk günü həm mənim, həm də lider qızlarımızın yaddaşına əbədi həkk olunacaq, ən əziz anlar kimi xatırlanacaq.

Müsahibəni apardı: Gülcamal TAHİROVA

Nəşr edilib : 22.12.2023 12:24