AZ EN RU

O, Naxçıvandır, Nəqşicahandır!

Bu gün nəinki naxçıvanlılar, bütün Naxçıvansevərlər tərəfindən dərin ehtiramla yad edilən sənət xadimlərindən biri də ötən əsrdə yaşayıb-yaratmış görkəmli ustad tarzən və bəstəkar Vahid Axundovdur. “O, Naxçıvandır” mahnısının yaranma tarixini araşdırarkən məlum olur ki, bu mahnının tarixi bəstəkarın keçdiyi ömür yolu ilə birbaşa bağlıdır. Bu əbədiyaşar mahnını dinləyəndə insanın ağlına gəlmir ki, onun müəllifi naxçıvanlı olmaya bilər. Çünki diyara oğul məhəbbəti mahnının melodiyasında belə açıq-aşkar duyulur. Ona görə də istər-istəməz düşünürsən: belə istək dolu mahnını ancaq bu torpaqda doğulub böyümüş, onun suyundan içmiş övlad bəstələyə bilər. Mahnının tarixinə nəzər saldıqda isə təəccüblənməmək mümkün deyil. Necə olur ki, bəstəkar Naxçıvanda böyüyüb boya-başa çatmasa da, Naxçıvan diyarına belə dərin sevgi və qəlbən incə tellərlə bağlanır?..
Vahid Axundov 1924-cü ildə Tərtər rayonunun Borsunlu kəndində dünyaya göz açıb. Uşaqlıq və gənclik illərini doğulduğu diyarda keçirən Vahid Axundov 1941-ci ildə müharibəyə yollanır. Bəstəkar taleyin bu ağrı-acılı müharibə yollarının ona bəxş edəcəyi xoşbəxtliyi ağlının ucundan da keçirmir. Odlu-alovlu müharibə illərində ağır yaralanan bəstəkar hərbi hospitalda qaldığı müddətdə Naxçıvandan müharibəyə yollanan tibb bacısı Dilbər Təhməzbəyova ilə tanış olur. Azərbaycanın müxtəlif bölgələrində dünyaya göz açan iki gəncin yolları ağır müharibə illərində kəsişir və bir daha ayrılmır. Vahid Axundovun Dilbər xanıma olan vurğunluğu onun ömür yolunun davamını Azərbaycanın qədim diyarı Naxçıvana salır. Müharibə başa çatdıqdan sonra o, Naxçıvana gəlir və Dilbər xanımı taparaq onunla evlənir. Bəstəkar həyatının ən xoş, gözəl, qayğılı günlərini Naxçıvanda keçirir. O bu qədim diyara mənəvi bir sevgi, məhəbbət hissi ilə bağlanır. Ömrünün sonuna qədər Naxçıvanda yaşayan Vahid Axundov özü ilə bərabər İkinci Dünya müharibəsi iştirakçısı olan Dilbər xanım kimi bir övlad böyütdüyünə görə bu diyara borclu qalmır. Və nəinki Azərbaycanda, bütün Yaxın Şərqdə, İranda, Türkiyədə məşhur olan “O, Naxçıvandır” mahnısını bəstələyir. 
Bəstəsi Vahid Axundova məxsus olan, könüllərdə taxt quran bu mahnının sözlərinin kimə aid olduğu isə düşünürəm ki, mənim qədər oxuculara da maraqlıdır. Bəs dərin sevgi hissi ilə yazılan bu mahnının sözlərinin müəllifi kimdir? Vahid Axundovun həyatına nəzər salarkən onun Naxçıvan Tibb Məktəbini bitirərək bir müddət tibb işçisi kimi fəaliyyət göstərdiyini öyrənirik. Həmin dövrdə o çalışdığı Naxçıvan şəhərindəki xəstəxanada hamının hörmətlə yanaşdığı həkim, şair-dramaturq, “O, Naxçıvandır” mahnısının sözlərinin müəllifi Əliheydər Qənbərov ilə tanış olur. Yaradıcılıq əlaqələri onları daha da yaxınlaşdırır. Daha bir maraqlı məqam isə odur ki, mahnının sözlərinin müəllifi də əslən naxçıvanlı deyil, Bakı şəhərindəndir. Buna baxmayaraq, hər iki sənətkar Naxçıvana ülvi hisslərlə bağlı olub. Əliheydər Qənbərov 1958-ci ildə mahnının sözlərini Vahid Axundova təqdim edəndə bəstəkar çox sevinir. Bir neçə gün ərzində mahnını ərsəyə gətirir və Naxçıvan radiosu nəzdində fəaliyyət göstərən ansamblın tərkibində ilk dəfə özü ifa edir. 1959-cu ildə onun da xidməti ilə yaradılmış Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının repertuarına “O, Naxçıvandır” mahnısı da daxil edilir və bütün konsert proqramlarında ifa olunur. Mahnı qısa zaman kəsiyində populyarlıq qazanır. Mahnının Naxçıvandan kənarda sevilməsi və şöhrət qazanması, əsasən, Azərbaycan Respublikasının Xalq artisti, mərhum xanəndəmiz Abdulla Babayevin onu oxuduğu dövrə təsadüf edir. Bu mahnı Abdulla Babayevin yaradıcılığının zirvəsini təşkil edir desək, yanılmarıq. Mahnının melodiyasındakı milli kolorit, şirinlik, sözlərin musiqi ilə ahəngi dinləyicini heyran edir. Bəstəkar musiqinin dili ilə Naxçıvanın tarixini, onun gözəlliklərini vəsf edir, dinləyicinin ruhunu oxşayır. Onun ifasında “O, Naxçıvandır” mahnısı respublikamızda, eləcə də bir çox ölkələrdə qastrol səfərlərində özünəməxsus şəkildə ifa olunur və sevilir. 
İgidlər oylağına, dahilər yetişdirən bu diyara həsr olunan “O, Naxçıvandır” mahnısı onu dinləyən hər kəsin ruhunu oxşayır, mənəvi varlığına rahatlıq gətirir və diyarımızın gözəl təbiətini gözlər önündə canlandırır. Tanrının sənətkara bəxş etdiyi istedad, sehrli yaradıcılıq inciləri ilə onun musiqi ərməğanına çevrilən, bu gün də öz təravətini itirməyən “O, Naxçıvandır” mahnısı xalqımızın mədəni sərvətlərindəndir desək, yəqin ki, yanılmarıq...

Gülcamal TAHİROVA

Nəşr edilib : 01.04.2024 14:40