AZ EN RU

O, Günəş ömrüdü, sönməyəcəkdir...

    Görkəmli dövlət xadimi Heydər Əliyev haqqında qələmə alınmış nəzm, nəsr və dram əsərləri janr müxtəlifliyi və mövzu rəngarəng­liyi ilə fərqlənir. Həmin əsərlərdə Ümummilli Liderin siyasi xadim, ədəbiyyatın, mədəniyyət və incəsənətin hamisi obrazı canlı şəkildə tərənnüm və təsvir olunub.
    Şair-publisist İbrahim Yusifoğlunun “O, Günəş ömrüdü, sönməyəcəkdir” poeması görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunub. Poemada müəllif öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmağı bacarmış Ulu Öndərin tarixi şəxsiyyət olmasını bədii dillə təsvir və tərənnüm edib. 
    Poemanın epiqrafla başlanması diqqətdən yayınmır. Ümummilli Liderimizə aid olan epiqraf poemanın süjet xəttinə daxil olmasa da, poemanın mövzusu ilə səsləşən hikmətli sözlər kimi diqqəti cəlb edir. Ulu Öndərin söylədiyi “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm… Azərbaycan Respublikası bundan sonra müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir” qiymətli kəlamlar əsərin birinci səhifəsində özünə yer alıb. 
     Poemada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də fikirlərinin epiqraf kimi təqdimi əsərin bədii təsir gücünü xeyli artırıb. Aşağıdakı Azərbaycan Ordusunun Qələbə qazanması, Azərbaycan torpaqlarının azad edilməsi poetik dillə təqdim olunub.
    Müəllif görkəmli dövlət xadiminin siyasi fəaliyyətini yüksək dəyərləndirməklə yanaşı, Onun bir siyasi xadim kimi əməllərinə də işıq salır:

        Atəşkəs dövründə Ulu Öndərin,
        Ordu qurmaq oldu, müqəddəs anı.
        Müstəqil, müdrik siyasətiylə,
        Yenidən qururdu Azərbaycanı.

    Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi özünüdərketmənin Ulu Öndər siyasətinin, milli dövlətçilik təliminin ana xəttini təşkil etməsi və əsas prinsiplərindən olması poemada öz uğurlu həllini tapıb.
    Poemada sələflik, xələflik, varislik məsələlərinə də toxunulub. Şair tərəfindən görkəmli dövlət xadiminin siyasi kursunun cənab İlham Əliyev tərəfindən böyük ehtiramla davam etdirilməsi vurğulanır:

        Ata vəsiyyətin oğul Prezident,
       Doğrultdu müqəddəs əməllərində.
       Yenilməz bir ordu qurub-yaratdı,
       Dünyanın qarışıq, sərt illərində.

    Ədəbiyyata qayğı və böyük xidmətlər göstərmiş Ulu Öndərin bu sahədəki xidmətləri saymaqla bitmir. Görkəmli şair, yazıçı və dramaturqların yubileylərinin qeyd edilməsi, Cəfər Cabbarlının, Molla Pənah Vaqifin, Hüseyn Cavidin, Səməd Vurğunun ev-muzeylərinin açılması, Hüseyn Cavid, Vaqif məqbərələrinin, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, Şüvəlanda Yaradıcılıq evinin istifadəyə verilməsi, Hüseyn Cavidin nəşinin Vətənə qaytarılması, ilk dəfə təsis olunmuş “İstiqlal” ordeni ilə Məmməd Arazın, Xəlil Rza Ulutürkün (ölümündən sonra), Bəxtiyar Vahabzadənin təltif edilməsi və poemada dahi rəhbərin ziyalılara qayğısı müəllifin nəzərindən yayınmayaraq onlara verdiyi dəyər yüksək qiymətləndirilib:

               Çox yazarlar ad aldılar,
               Çox dahilər ucaldılar,
               Zəhmətindən güc aldılar,
               Vardı ümman hörmətimiz,
               Heydər baba rəhbərimiz.

    Görkəmli dövlət xadiminin Azərbaycan ədəbiyyatında bədii obraz kimi şair və yazıçılar tərəfindən əks etdirilməsi Onun hakimiyyətə gəldiyi dövrdən başlayır. Akademik İsa Həbibbəyli həm sovet, həm də müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazının işlənilməsi məqamlarına toxunmuş, sovet hakimiyyəti illərində Azərbaycan yazıçılarının Ulu Öndərin simasında xalqımızın milli iftixar mənbəyi olan, ölkəni tanıdan və inkişaf etdirən görkəmli dövlət xadiminin obrazını canlandırmalarını, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında isə dahi öndərin xilaskar obrazının yaradılmasını, Onun milli dövlətçiliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsindəki rolunu bədii sözün bütün vüsəti ilə təsvir və tərənnüm etməyə səfərbər olmalarını qeyd etmişdir. 
    İbrahim Yusifoğlu “O, Günəş ömrüdü, sönməyəcəkdir” poemasında obrazın zahiri görünüşünü təsvir etməklə bərabər, həm də keçirdiyi nigarançılıq, təəssüf, sevinc, kədər hisslərini də qələmə alaraq obrazın daxili portretini oxucunun gözündə canlandırır:

        Qəlbində nisgilli dərd çağlayırdı
        Vətənin talanan sərvət-varına.
        Ömrünün müqəddəs işi sayırdı
        Qaytarsın xalqını torpaqlarına.

    “O, Günəş ömrüdü, sönməyəcəkdir” poeması Heydər Əliyevin bir tarixi şəxsiyyət kimi rəhbərlik etdiyi dövlətin azadlığı və dirçəlişi yolunda apardığı mübarizəni bədii dillə tərənnüm edir, dahi rəhbərin keçdiyi şərəfli, həmçinin keşməkeşli həyat yolunun heç də asan və hamar olmadığını açıqlayır. 

Salidə ŞƏRİFOVA
AMEA Ədəbiyyat İnstitutu 
filologiya elmləri doktoru, AMEA-nın 
professoru, Rusiya Təbiət Elmləri 
Akademiyasının həqiqi üzvü

Nəşr edilib : 09.05.2023 21:27