AZ EN RU

O, əsgərlərinə qarşı çox həssas komandir idi

Namiq Həsən oğlu Xəlilli 

25.02.1994-23.10.2020

Namiq istiqanlı uşaq idi. Hərbiyə marağı da balacalıqdan yaranmışdı. Sənədlərini hazırlayıb Naxçıvan şəhərindəki hərbi liseyə təqdim etdi. İmtahandan uğurla keçdi. Sonra isə ali hərbi təhsilini Bakıdakı Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirdi. 2016-cı ildə institutu uğurla başa vurub təyinatını Naxçıvana – Qıvraq qəsəbəsindəki hərbi hissəyə aldı. Əvvəlcə Sədərəyin Dəmirçi kəndində, sonra isə ön cəbhədə xidmət apardı. Ümumiyyətlə, bir neçə il ərzində müxtəlif xidmət yerlərinə təyin olundu. Axırıncı dəfə Suqovuşanda xidmətdəydi. Bölük komandiri idi. Müharibə başlayanda o da digər Vətən oğulları kimi, döyüşlərə qatıldı. Telefonla danışanda deyirdi ki, hər şey qaydasındadır. Bərk uşaq idi, hər sözü danışmazdı. Şəhid olmamışdan bir gün əvvəl danışdıq. Kef-hal etdi. Hər zamankı kimi yaxşıyam dedi. Səhəri günü şəhadətə yüksəldi. 

Əsgərlərinə qarşı mehriban idi. Onları çox sevirdi. Anasını itirəndən sonra əsgərlərinə qarşı daha da həssas olmuşdu. Aldığı maaşı evdən çox onlara xərcləyirdi. Şəhid olandan sonra dostları, xidmət yoldaşları evimizi ziyarətə gəlmişdilər. Namiq barədə o qədər xoş sözlər dedilər ki. Yada düşdükcə qəlbim qürurla dolur. 
Vətən bizə ulu babalarımızdan əmanətdir. Onu qorumaq hər birimizin borcudur. Təəssüf ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızın bir qismini qoruya bilmədik, itirdik. Uzun illər idi, ürəyimiz qübar bağlamışdı. Vətən həsrəti çəkirdik. İgid oğullarımız bu həsrətimizə son qoydu. Ali Baş Komandanımızın rəhbərliyi ilə bütün dünya gücümüzü gördü. Yüzlərlə vətənpərvər oğullar irəli əmri ilə ordumuzun sıralarına qoşuldu. Bu gün Qarabağımızın hər qarışı dirçəldikcə biz şəhid atalarının da ürəyinə su səpilir. 30 ildir, torpaqlarından didərgin düşənlər geri qayıdır. Şuşada, Laçında, Xankəndidə şəhidlərimizin, qazilərimizin sinəsinə sıxdıqları üçrəngli bayrağımız dalğalanır. Ali Baş Komandanın azad olunan torpaqlara səfərlərini izləyirik. Onun hər nitqi qəlbimizi qürurla doldurur. Bu gün hara üz tuturuqsa, böyük hörmətlə qarşılaşırıq. Şəhid ailələrinə ehtiram təqdirəlayiqdir. Bu gün hər birimiz qalib xalqın nümayəndəsiyik. Alnımız açıq, üzümüz ağdır. Fəxr edirəm ki, mənim övladım Namiqin də ölkəmizin haqq işində payı vardır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı arzulayıram. 

Nəşr edilib : 28.06.2024 17:25