AZ EN RU

O çiçəklər bir daha solmayacaq...

Xocalı faciəsinin qisası döyüş meydanında alındı 

    Ermənistanın Azərbaycana qarşı  əsassız  torpaq iddiaları zəminində dinc əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlilərindən biri Xocalı soyqırımıdır. Xocalı həm də bizim harayımız, ədalətli mübarizəmizin haqq səsidir. 
    1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğalçı erməni silahlı qüvvələri və keçmiş sovet imperiyasının 366-cı motoatıcı alayı bütün beynəlxalq hüquq normalarını pozaraq, əvvəlcədən mühasirəyə aldıqları Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridərək, onlara misligörünməmiş qəddarlıqla divan tutub, şəhəri barbarcasına yerləyeksan edərək soyqırımı törətdilər. Bu vəhşilik yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli idi. Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımına münasibət bildirərək demişdir: “Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
    Elə həmin ildən 26 fevral tarixi təqvimimizdə bu faciənin ağrı-acısını özündə əks etdirən günə çevrildi. Xocalı faciəsinin həm də maraqlı bir simvolu var: badam çiçəyi. Adətən, fevralın sonu çiçəkləyən badam ağacı öz çiçəkləri ilə yazın gəlişini xəbər verir. Həmin il də badamlar çiçəkləmişdi və insanlara, təbiətə yazın gəlişini xəbər verəcəkdi. Amma olmadı, fevralın 25-dən 26-na keçən gecə baş vermiş o müdhiş faciədə bu çiçəklər də soldu. O gecə yüzlərlə soydaşımız yazın gəlişinə şahid ola bilmədiklərinə görə, çiçəklər də öz ləçəyindən qoparaq yaşananlara öz “etirazlarını bildirdilər”. Beləliklə, ləçəyi qopmuş badam çiçəkləri “Xocalı faciəsi”nin şahidinə, həm də simvoluna çevrildilər. O gecə amansızlıqla qətlə yetirilən xocalılılartək, çiçəklərin ləçəkləri də yerə səpildi. Sanki xocalılılarla birgə eyni taleyi bölüşdülər. Axı badam çiçəyindən bir ləçək qopsa, bar verməz. Necə ki Xocalıda qəddar erməni silahlı birləşmələri məsum insanları işgəncəyə məruz qoyaraq qətlə yetirdilər. O insanların da arzuları çin olmadan ürəklərində qaldı. Əslində, mənfur düşmən zaman-zaman bu cür vəhşilikləri törətməklə xalqımızın gözündə bir xof, mübarizə əzmimizi qırmaq, tarixi dədə-baba torpaqlarımızın bir qisminin itirilməsi hissinin taleyi ilə barışmağa məcbur etmək istəyirdilər. Bu istəyin arxasında isə arzusunda olduqları bir plan, “böyük Ermənistan” yaratmaq xülyası dayanırdı. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəman ordumuz düşmənə layiqli cavabı verdi, eyni zamanda Xocalı qatillərindən törədilmiş soyqırımının qisasını aldı. Ali Baş Komandan cənab İlham Əliyev müsahibələrinin birində belə demişdi: “Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır”.
    Xocalıda baş vermiş soyqırımından 31 il ötür. Vətən müharibəsindəki qalibiyyətimiz, xalq və ordu birliyimiz, qətiyyətimiz onu göstərdi ki, xalqımız bir daha bu ağır günləri yaşamayacaq. Artıq badam çiçəkləri də ləçəklərindən vaxtsız ayrılmayacaq, hər yazın gəlişini bizə xəbər verəcəklər.

Aidə İBRAHİMOVA
Naxçıvan Dövlət Universitetinin II kurs tələbəsi 

Nəşr edilib : 22.02.2023 10:25