AZ EN RU

O çadırdan bu çadıra: yollar yenidən birləşir, yarım qalan arzular gerçəkləşir

“Xocalıda 32 il sonra ilk toy məclisi baş tutub”, “Xocalıda yarım qalan arzular gerçəkləşir”. Damarında azərbaycanlı qanı axan hər kəsi sevinc göz yaşlarına qərq edən, qəhərləndirən bu sərlövhə, toy görüntüləri bizi illər öncəyə dartıb apardı. Köhnəlməyən, munis xatirələrimiz yenidən canlandı yaddaşımızda. Xatırlamadığımız nələr qaldı ki... Ölkəmizin müstəqillik yolunda atdığı kövrək addımlar, bu kövrəklikdən sui-istifadə etməyə çalışan vəzifə hərisləri. Eyni anda həm daxili, həm xarici düşmənlərlə apardığımız mübarizə. Min bir zəhmətlə qurub yaratdığımız ev-eşiyimizdən didərgin salınmağımız. 1 milyondan artıq qaçqın və məcburi köçkün. Həmin köçkünlərin yaşadıqları çadırlar. Sonralar onlar üçün ən müasir tələblərə uyğun qurulan şəhərciklər. Ən əsası isə qaçqın çadırlarından toy çadırlarına uzanan yol... 

Bəli, öz elindən sürgün olunmağın, evindən məcbur aralı düşməyin, illərlə qurduğunun bir göz qırpında dağıdılmasının  mahiyyətini yalnız onu yaşayan dərk edər. Həmin acının nə demək olduğunu təkcə o dərindən duya bilər. Bir söz var. Nənə-babalarımızdan tez-tez eşitdiyimiz söz. Deyir, qurban olum elimin daşına, kəsəyinə. Başqa şəhərdə, kənddə nə qədər gözəl şəraitdə yaşasam da, doğulduğum öz  ata evinin, ocağının heç vaxt yerini verməz. Məhz 30 illik həsrət, hicran hissi ilə yaşayan keçmiş məcburi köçkünlər də, bu hissləri dərininə kimi yaşadılar. Ən duyğulu anlar isə, heç şübhəsiz, el adətlərinə uyğun qeyd olunan əlamətdar, əziz günlərdə, toylarda, bayramlarda yaşanardı. Ümummilli Liderimiz Heydər Əliyev bütün xoş günlərdə, toylarda, nişanlarda yanlarında olar, bəy-gəlinlə qol qaldırıb oynayar, xeyir-dua verərdi yenicə qurulan ailələrə. Ulu Öndərin hər gəlişi ilə ikiqat bayram sevinci hiss edər, qəribçiliyi unudardı soydaşlarımız, dahi şəxsiyyətin səmimi söhbətlərindən, mehriban münasibətindən yaşamaq-yaratmaq ilhamı alar, gələcəyə ümidləri, inamları artardı. Görkəmli dövlət xadiminin 1998-ci martın 20-də Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyindəki nitqinin mahiyyətinə isə illər sonra gerçəkliyi yaşamaqla daha dərindən vardıq: Bu gün, bayram günü əmin olduğumu bildirmək istəyirəm ki, biz bu arzumuza mütləq çatacağıq. İşğal edilmiş torpaqlarımızın hamısı azad olunacaq, nəyin bahasına olursa-olsun azad ediləcəkdir. Siz yenidən böyük evlərin, mülklərin, torpaqların sahibi olacaqsınız və xoşbəxt yaşayacaqsınız... Bu gün Novruz bayramını bir yerdə keçiririk. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.

          Bəli, dahi şəxsiyyət əmin idi ki, Onun layiqli varisi bu pak, mübarək niyyəti, arzunu nəyin bahasına olursa-olsun mütləq reallığa çevirəcək. Və həmin gündən 22 il sonra övladı, xalqın Lideri İlham Əliyev ata əhdini, vəsiyyətini sarsılmaz siyasi iradəsi sayəsində uğurla yerinə yetirdi. Vətən müharibəsi və ötən bu dörd ilə yaxın müddətdə qazanılan nailiyyətlərdən sonra tamam başqa mənzərə yaranıb artıq. Möhtəşəm Qalib, Bütöv Azərbaycan mənzərəsi. İndi demək olar ki, hər gün onlarla soydaşımızın öz yurdlarına qayıdış xəbərini eşidirik, görürük. Artıq köçkünlük həyatları başa çatır, qəribçilikdən qurtulur, düz birqərinəlik mənəvi məhrumiyyətlərdən sonra ömürlərinin yeni mərhələsinə qədəm qoyacaqları həqiqəti ilə ürəkləri atlanıb-düşür, gecələri daha nigarançılıqdan deyil, sevincdən yuxu girmir gözlərinə soydaşlarımızın. Bu dönüş, bu qayıdış təkcə elə, evə geri dönüş deyil, mənəvi dəyərlərə, adət-ənənələrə qayıdışdı. Böyük Qayıdış. Bu gün Zəngilanda, Füzulidə, Laçında, Xocalıda salınan yaraşıqlı, baxımlı evlərin əhatəsində möhtəşəm mağarlar qurulur: ailələrin sağlam bünövrəsinin qoyulduğu toy mağarları. İllər öncə mənfurların fitnəsi ilə toyu qara gələnlər məğrur Azərbaycan əsgərinin şücaəti sayəsində ağ günə çıxıb, yenidən masa arxasına əyləşib yarım qalmış izdivac mərasimlərini yenidən keçirirlər. Və beləcə, 30, 32 ildən sonra yollar eyni yerdə, torpaqda yenidən birləşir, nakam arzular gerçəkləşir.  Bir vaxt hayların natəmiz ayaqlarının dəydiyi Şuşa torpağı Ali Baş Komandanın siyasi iradəsi, Vətən övladlarının qətiyyəti sayəsində təmizlənib, paklanıb artıq. Erməni baş nazirinin sərxoş halda yallı getdiyi Cıdır düzündə onu hərbi-siyasi məğlubiyyətə uğradan Qalib Lider öz həmvətənləri ilə birgə adət-ənənəyə uyğun qol-qaldırıb rəqs edir, festivallar, bayramlar keçirir...

Xalqımızın əziz bayramı Novruzda Şuşada, Füzulidə, Laçında, Zəngilanda tonqallar qalanır, elimizin adət-ənənələri icra olunur, naz-nemətlə bəzənən süfrələr açılır, soydaşlarımız mənəvi rahatlıqla, dincliklə öz evlərində, həyətlərində qeyd edir bu bayramı. Şuşa cənab Prezidentin qətiyyətli addımlarının, dərinməzmunlu nitqlərinin, imzaladığı protokolların, tarixi nailiyyətlərin ən yaxın şahidinə çevrilir, mədəniyyətlərarası dialoqa əvəzsiz töhfələr verir, İslam svilizasiyasının beşiyinə çevrilir, mədəniyyət Paytaxtı statusunu uğurla daşıyır. Zəngilanda, Füzulidə, Laçında, Xocalıda qurulan toy çadırlarının tezliklə Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Xankəndidə, azad Qarabağın bütün ərazisində, Qazaxın 4 kəndində qurulması, elimizdən, obamızdan həmişə vağzalı sədalarının eşidilməsi, bayram əhvali-ruhiyyəsinin duyulması diləyi ilə...

Nail ƏSGƏROV 

Nəşr edilib : 03.06.2024 12:30