AZ EN RU

Nümayəndə heyəti: “Aparılan müzakirələr nəticəsiz qalmayacaq və həkim, tələbələr öz işlərində, gündəlik həyatlarında, təcrübələrində bundan faydalana biləcəklər”

    Xəbər verdiyimiz kimi, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri və üzvləri, Almaniyanın “Richard Wolf” şirkətininin regional direktoru və Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin direktoru – tanınmış cərrahlar muxtar respublikada səfərdə olub. Səfər çərçivəsində qonaqlar Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində yeni tədris ilinin ilk dərs saatı tələbələrə mühazirələr oxuyub, muxtar respublikamızın yeni tədris ilindən fəaliyyətə başlayan Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə, Naxçıvan Tibb Kollecində yaradılan müasir şərait ilə tanış olublar. Yeni istifadəyə verilmiş Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey muxtar respublikada təbiət elmləri  üzrə şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirəcək, tibb sahəsində ixtisaslı və peşəkar kadr hazırlığına dəstək olacaq təhsil ocağı kimi qonaqlar tərəfindən yüksək dəyərləndirilib. Naxçıvan Tibb Kollecindəki şəraitlə də tanışlıq olub. Nümayəndə heyəti səfər müddətində Naxçıvan Muxtar Respublika Xəstəxanasının müxtəlif laboratoriya və şöbələrinin fəaliyyəti haqqında məlumat əldə ediblər. Muxtar respublikanın tibb müəssisələrində əhaliyə müasir səhiyyə xidmətinin təşkili müsbət qiymətləndirilib. Duzdağ Fizioterapiya Mərkəzi, buranın duz mağarası bronxial-astma xəstəliyinin və oynaq ağrılarının təbii yolla müalicəsi, bu səhiyyə müəssisəsinin müalicə turizmi baxımından unikallığı, islami dəyərlərin qorunub saxlandığı qədim diyarın dini turizm potensialını təcəssüm etdirən  “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.  Nümayəndə heyəti səfərin məqsədi və muxtar respublikada tibb təhsilinin müasir inkişafı ilə bağlı təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb.    

    Stefan Baum – Almaniyanın “Richard Wolf” şirkətinin regional direktoru: – Azərbaycanın paytaxt Bakı şəhərində daha əvvəl olmuşam, lakin Naxçıvana ilk dəfədir ki, səfər edirəm. Çox maraqlı və gözəl şəhərdir. İnsanları səmimi, qonaqpərvərdir. Təəssüratlarım çox yaxşıdır. Naxçıvanın yalnız təbiəti, milli mətbəxi, insanları deyil, həm də mövcud ali təhsil ocaqlarının şəraiti də insanda müsbət fikirlər yaradır. Bu gün də burada gələcəyin gənc həkimləri ilə görüsdük, onlara tibb sahəsinin müəyyən incəlikləri barədə məlumatlar verdik. Tədbir çox yaxşı və yaddaqalan oldu. Naxçıvan Dövlət Universitetinin rektoru tərəfindən təqdim olunan, tələbə əl işini isə gözəl bir rəsm əsəri, hədiyyə kimi saxlayacağam.

    Təmsilçisi olduğum “Richard Wolf” şirkəti Almaniyada yerləşən ortaölçülü tibbi texnologiya şirkətidir. O, endoskopiya və ekstrakorporeal şok dalğasının müalicəsi üçün geniş spektrli məhsul və həllər təqdim edir. 100 ildən artıq bir təcrübə, peşəkar mütəxəssislər “Richard Wolf”a yeni və innovativ tibbi məhsulların hazırlanmasına töhfə vermək imkanı yaradır. Təcrübəmiz, həmçinin xəstə üçün əlverişli, minimal invaziv müalicə üsullarının qabaqcıl inkişafının davamlı prosesini əhatə edir. Şirkətin əsas səriştəsi və təcrübəsi insan təbabətində bir sıra fənlər üçün endoskopik sistemlər sahəsindədir. “Richard Wolf” Almaniyada böyük işçi qüvvəsi ilə səhiyyənin inkişafı yolunda səylə çalışır.  İnanıram ki, keçirilən konfransda tələbələrə, eləcə də bütün iştirakçılara ətraflı məlumat və doğun məlumat çatdıra bilmişəm. Muxtar respublikanın ali təhsil ocağında tibb sahəsi üzrə Təlim-Tədris Mərkəzinin yaradılmasında və burada müasir avadanlıqların quraşdırılmasında iştirak etməkdə məmnunuq.
    Müşviq Həsənov – Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri, tibb elmləri doktoru: –  Biz ictimai birlik olaraq ölkəmizdə tanınmış özəl xəstəxanalarda, universitetdə çalışan bir qrup həkimlə, elm adamları ilə birgə buraya gəldik. Naxçıvan Dövlət Universitetində təbabətin ən aktual problemlərinə xas və bu gün, həqiqətən, geniş tibb ictimaiyyətini narahat edən xəstəliklər barəsində mühazirələr dedik. Auditoriya həkimlər və tələbələrdən ibarət idi. Təxminən, 3 saat müddətində geniş diskussiya şəklində tədbirimiz oldu. Gəlişimizin məqsədi həm də yeni dərs ilinin ilk günündə Tibb fakültəsinin tələbələri ilə birlikdə olmaq idi. Yeri gəlmişkən deyim ki, mən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dövlət imtahan komissiyasının sədriyəm, dövlət imtahanlarında iştirak edirəm. Və mənim üçün öz tələbələrimizlə, müəllimlərimizlə bir yerdə yeni tədris ilinin ilk gününü keçirmək böyük şərəf idi. Düşünürəm ki, bu gün aparılan maraqlı elmi müzakirələr nəticəsiz qalmayacaq və həkimlər, tələbələr öz işlərində, gündəlik həyatlarında, təcrübələrində bundan faydalana biləcəklər. 
    Onu da deyim ki, səfər müddətində yeni açılan Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə də olduq, təhsil müəssisəsindəki şərait, sözün əsl mənasında, məni valeh etdi. Sonra Naxçıvan Tibb Kollecinə də getdik. Kollec feldşer-həkimlərin hazırlanmasında böyük məktəb rolunu oynayır. Bir neçə il bundan əvvəl feldşerləri tapmaq çox çətin idi. Onlara məntəqələrdə böyük ehtiyac vardır. Bu baxımdan indi həmin kollecin hesabına Naxçıvan öz təminatını artıq yerinə yetirə bilir. Naxçıvan Muxtar Respublika Xəstəxanasında yaradılan şəraitlə də tanış olduq. Tibb elminə, təhsilinə və səhiyyə sahəsinə göstərdiyi diqqətə görə Ali Məclisin Sədrinə “Həkimlərin dostu” fəxri adını təqdim etməyimizlə bir daha qürur duydum.  
    Ümumiyyətlə, Naxçıvana hər gəlişimdə yeni təəssüratlarım yaranır. Bunun da səbəbi odur ki, qədim diyarda hər gün, hər saat yenilənmə, inkişaf prosesləri gedir. Fürsətdən istifadə edərək yüksək şəkildə qarşılanmaya, qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Çalışacağıq ki, bundan sonra da əməkdaşlığımız yüksək şəkildə davam etsin və Naxçıvanda önəmli beynəlxalq tədbirləri birgə həyata keçirək. 
    Qalib Qarayev –  Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin direktoru, professor, Əməkdar elm xadimi: – Gəlişimizin məqsədi buradakı tədris ocaqları ilə tanış olmaq və Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin tələbələri ilə görüş keçirmək idi. Düşünürəm ki, yüksək səviyyədə keçən, bu görüş tələbələrin həm dərslərində, həm də gələcək fəaliyyətlərində böyük rol oynayacaq. 
    Xüsusilə vurğulamalıyam ki, mən Avropanın bir sıra ölkələrində olmuşam, Naxçıvan Dövlət Universitetində, eləcə də ali təhsil ocağının Tibb fakültəsində qurulan tədris şəraiti nümunəvidir. Təlim-tədris şəraiti ilə yaxından tanış olduğumuz Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə yaradılan şərait də olduqca yüksək səviyyədədir. Dövlət hesabına təhsilə belə yatırım olunması təqdirəlayiqdir və xalqın gələcəyinin etibarlı əllərdə olmasına xidmət edir. Fürsətdən istifadə edərək bir daha muxtar respublika rəhbərinə səfərimiz üçün yaratdığı şəraitə görə minnətdarlıq edirəm. 
    Bakı Sağlamlıq Mərkəzi Reproduktiv Mərkəzinin rəhbəri, həkim-ginekoloq Öndər Tulumbacı da fikirlərini bizimlə bölüşdü: Naxçıvanda daha əvvəllər də olmuşam. Hətta mənə Naxçıvan səfəri barədə məlumat verildikdə çox sevindim. Çünki bu şəhəri sevirəm, insanlarına böyük hörmətim var. Axı Naxçıvan qardaş Vətənin ayrılmaz torpağıdır. Bu gün yüksəksəviyyəli əməkdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri daim yeni-yeni mərhələyə yüksəlməklə hər iki ölkənin millətləri arasında əlaqələri genişləndirir. Hər iki dövlətin insanlarının eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin davamlı inkişafına şərait yaradır. Bu həm bizlər üçün, həm də azərbaycanlı qardaşlarımız üçün çox sevindirici bir haldır. Çünki bu minvalla bizlər daim bir-birimizlə əlaqələr yaradıb, birlik və bərabərlik nümayiş etdirə bilirik. Sözügedən uğurlu əlaqələrin nəticəsində bir çox təşəbbüslərin reallaşması, simpozium və konfransların təşkil edilməsi, düşünürəm ki, gələcəkdə hər iki dövlətin daha da yaxınlaşmasına, tarixi birliyin daha da möhkəmlənməsinə şərait yaradacaq. 
    “Darvin Medical” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Asif İusıbov bizimlə söhbət zamanı dedi: – Biz təşkilat olaraq Naxçıvana artıq bir neçə dəfədir ki, səfər edirik. Daha öncə Naxçıvanda təşkil edilən beynəlxalq forumda da iştirak etmişdik. Təsisçisi olduğum “Darvin Medical” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas məqsədi dünyanın bir neçə nüfuzlu ölkəsində olan tibb təcrübəsini ölkəmizə gətirmək və burada peşəkar kadrların yetişməsinə xidmət göstərməkdir. Məlumdur ki, yenilənən, daim inkişaf edən dünyada yalnız texnoloji avadanlıqların mövcudluğu işi bütünlüklə həll etmir. Texnologiyanın inkişafı ilə bərabər həm də peşəkar kadrların mövcudluğu bir çox sahələrdə uğurların əldə edilməsinə böyük imkanlar qazandırır. 
    Səfər təəssüratlarım isə çox gözəldir. Çünki Naxçıvan daim inkişaf edir, yenilənir. Hər səfərimizdə yeni-yeni imkanlar, perspektivlər görürük. İnanırıq ki, bizim Naxçıvana bundan sonrakı səfərlərimiz də belə maraqlı və yaddaqalan olacaq.

Nail ƏSGƏROV
Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 16.09.2022 18:57