AZ EN RU

Nümayəndə heyəti ali təhsil ocağında olub

    İstanbul Qalata Universitetinin rektoru, professor Özgür Çengelin onlayn olaraq qatıldığı görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris üsulları barədə məlumat verib, ali təhsil ocağının beynəlxalq əməkdaşlığında Türkiyə universitetlərinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. 
    Görüşə onlayn qatılan İstanbul Qalata Universitetinin rektoru, professor Özgür Çengel çıxış edərək bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının əsası 2019-cu ildə qoyulub. Bildirilib ki, universitetdə Sağlıq, Diş həkimliyi, Sənət və sosial elmlər və idman olmaqla, ümumilikdə, 4 fakültədə tədris prosesi həyata keçirilir. 
    Görüşdə iştirak edən Robotex Türkiyə Qurucuları Orhan Çevik, Zülal İnan, Robotexin Texniki koordinatoru Gürkan Lokman, İstanbul Qalata Universitetinin  İncəsənət və sosial elmlər fakültəsinin dekanı, İdarəetmə İnformasiya Sistemləri Departamentinin rəhbəri Caner Giray fəaliyyət göstərdikləri şirkət barədə ətraflı məlumat verib, birgə əməkdaşlıq məsələlərindən söhbət açıblar. 
    Qonaqlar Türkiyənin Antalya şəhərində keçirilən “Dünyanın ən böyük robotexnika festivalı”nda qalib olan universitet komandasını təbrik ediblər. 
    Qeyd edək ki, Türkiyə, Estoniya, İran və digər ölkələrin təmsil olunduğu turnirlərdə “Robotex Türkiyə – 2023” mövsümündə Azərbaycanı Naxçıvan Dövlət Universitetinin 5 nəfərlik heyəti təmsil edib. Məlumat üçün onu da bildirək ki, Estoniyada keçiriləcək Dünya Robot Festivalında ölkəmizi doğma komandamız təmsil edəcək.
    Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib. 
    Qonaqlar səfər çərçivəsində Memarlıq və mühəndislik fakültəsinin Elektronika və STEAM mərkəzində, Memarlıq muzeyində olub, tələbələr tərəfindən hazırlanmış layihələrə baxıblar, Texnoparkın layihəsi ilə tanış olan qonaqlar layihənin möhtəşəmliyi barədə öz müsbət fikirlərini səsləndiriblər.  
    İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələrinə robotexnika sahəsində seminar keçirilib. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsi
 

Nəşr edilib : 09.06.2023 17:45