AZ EN RU

“NUHÇIXAN” İnformasiya Agentliyinin 6 yaşı tamam olur

Bu gün “NUHÇIXAN” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 6 il ötür.
"NUHÇIXAN" İnformasiya Agentliyi 2018-ci il aprelin 1-də onlayn media məkanında fəaliyyətə başlayıb.
Naxçıvanın ilk informasiya agentliyi olan “NUHÇIXAN” ötən altı il ərzində rəsmi, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda və Naxçıvanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.
İlk gündən operativ və rəsmi xəbərlərə üstünlük verən agentlik bütün ölkə mediası üçün etibarlı istinad mənbəyinə çevrilib. 
"NUHÇIXAN" İnformasiya Agentliyinin fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. 
Agentliyin əsas fəaliyyət istiqamətləri muxtar respublika ilə bağlı ən mühüm hadisələr haqqında informasiyaları, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, rəsmi materialları öz kanalları, beynəlxalq internet şəbəkəsi və sosial şəbəkələr vasitəsilə yaymaqdır.
Qeyd edək ki, yarandığı ilk günlərdən “NUHÇIXAN” sözün əsl mənasında Naxçıvan həqiqətlərini dünyaya çatdırmaq üçün səfərbər olunub. Naxçıvan Televiziyasının “Xəbərlər” departamenti və NTV-nin Bakı bürosu ilə sıx əməkdaşlıq edən agentlik tez bir zamanda geniş oxucu və izləyici auditoriyası qazana bilib. 

Bu gün muxtar respublikada media sahəsində müşahidə edilən aktivlildə “NUHÇIXAN”ın rolu danılmazdır. Agentlik Naxçıvanda fəaliyyət göstərən təşkilatların mətbuat xidmətlərini öz ətrafında toplayaraq muxtar respublika həqiqətlərini, görülən məqsədyönlü işləri geniş auditoriyaya çatdırır. 
Qeyd edək ki, 6 il ərzində “Nuhçıxan” İnformasiya Agentliyində 103 min 700-dən çox xəbər yerləşdirilib. Agentliyin "Youtube" kanalı üzərində abunəsinin sayı 84 mindən çox , yayımlanan videoların sayı isə yeddi minə yaxındır. İnstagram sosial şəbəkəsində isə abunə sayı 87 minə yaxındır. Feyzbukdakı səhifə və qruplarımızda isə izləyici sayı 400 min nəfəri ötür.  
Onlayn medianın hər gün inkişaf edib dəyişdiyini nəzərə alaraq Nuhcixan.az bundan sonrakı dövrdə də daim işini təkmilləşdirərək cəmiyyətin daha dolğun informasiya ilə təminatına çalışacaq.
“NUHÇIXAN” İnformasiya Agentliyi bütün oxucularına, həmçinin ötən müddət ərzində media orqanı ilə əməkdaşlıq edən dövlət qurumlarına, deputatlara, QHT-lərə, vəkillərə, səfirliklərə, ekspertlərə təşəkkür edir, uğurlar arzulayır!


Anar TAĞIYEV
"NUHÇIXAN"

Nəşr edilib : 01.04.2024 09:27