AZ EN RU

Nuh yurdunun əzəmətli Haçadağı

Əsrarəngiz gözəlliklər diyarı qoca Şərqin qapısı Nuh yurdunda tarixin canlı şahidləri kimi möhtəşəmlik timsalı olan, göylərə boyverən dağları da öz vüqarı ilə diyarımızın əzəmətini özündə ehtiva edir. Naxçıvanın simvoluna çevrilmiş belə möhtəşəmlik zirvələrindən biri də Haçadağdır. Ətəyində laləli düzlər Əlincəçayın şehindən qidalanaraq məxməri parça kimi ana torpağa təbii bir don geyindirib. Biz naxçıvanlılar bu uca zirvənin kölgəsində boy atmışıq. Hüsnünə baxdıqca hər daşı, hər qayası bizə yurdumuzun keçmişindən xəbər verən bu dağa tarixin keşməkeşli daş kitabəsi də demək olar. Bu gözəlliklərin fonunda yurdumuzun insanları halay çəkib yallı gedir, birliyimizin, bərabərliyimizin Haçadağın vüqarı ilə vəhdət təşkil etdiyini dünyaya nümayiş etdirirlər. Bu dağ həm də bu qədim diyarın insanının baş­ucalığının bənzəridir. 
Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağında, Əlincəçayın sol sahilində, Kırna kəndindən 6 kilometr şərqdə yerləşir Haçadağ. Mənbələrdə qeyd olunur ki, dağın adı “məskunlaşma yeri, diyar, xalq” mənalarını verən türk sözü “il/el” və qədim türk səcdəgahı “Annu” adının birləşməsindən əmələ gəlmiş və “Allahın yaşadığı məskən” mənasını daşıyır.
Şumer mənşəli əfsanəyə görə Nuh Peyğəmbərin gəmisi Gəmiqayadan Ağrı dağına yola düşərkən İlandağın zirvəsinə elə güclü toxunmuşdur ki, dağ haçalanmışdır. Ehtimal ki, dağın adı da bu əfsanə ilə bağlıdır.
Başı göylərə çatan Haçadağ bu gün onu görən hər bir yaradıcı insanın ilham mənbəyinə çevrilir; şairlərin şeirinə, bəstəkarların bəstəsinə. Rəssamlar fırçası ilə bu əzəmətli dağı kətana köçürməyi özlərinin sənət borcu sayırlar. Ona görə də istər yerli, istərsə də yurdumuza qonaq gələn xarici rəssamlar fərqli üslublarda Haçadağın ecazkar gözəlliyini kətan üzərinə həkk edirlər. 
Bənövşəyi rəngli sal qayalıqlarla öz sərtliyini ifadə edən bu əzəmət abidəsi düşmənə gözdağıdır. Bəli, bu dağ basılmazlığın ifadəsi, mərdliyin simvoludur. 
100 illik yubileyini qeyd etdiyimiz muxtariyyətimizin də elə canlı salnaməsidir bu dağ. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 19.05.2024 10:11