AZ EN RU

“Novruz qatarı”nın uğurlu missiyası

 Bayram tətilimizin sıradan bir gün idi ta ki, Səməd müəllim zəng edib, "Ordubada getmək üçün 2 nəfərlik yer var düşündüm ki, siz gedəsiz" deyənə qədər. O an sevincimizin həddi-hüdudu yox idi. Çünki Naxçıvan Muxtar Respublikası  Gənclər Fondunun hazırladığı "Novruz qatarı"nda yerlər məhdud idi və düşündük ki, arzusunda olsaq da gedə bilməyəcəyik.  Amma, bu səfər, necə deyərlər bəzxtimiz gətirdi. Ordubada ilk dəfə gedəcəkdik və qatarla səfərimiz də elə ilk olacaqdı. Müxtəlif düşüncələr beynimdə formalaşmışdı artıq. Görəsən, maraqlı olacaq? Yol uzundur? Ordubad deyilədiyi qədər gözəl yerdirmi? 

...Bizim yaşadığımız yer Naxçıvan dəmiryolu vağzalına yaxın olduğu üçün 0745-də evdən çıxdıq, ora çatanda onlarla insan artıq dəmiryolu vağzalının qarşısında gözləyirdi. Sıra ilə hər kəsin adını çəkdilər, vaqon nömrələrini bildirdilər. Böyük həyəcanla vaqona əyləşdik. Qatar irəli-geri dartınıb asta sürətlə yerindən tərpənəndə qəribəmə gəldi. Çünki ömrümdə birinci dəfə idi ki qatara minirdim. Artıq Naxçıvan-Ordubad istiqamətində yavaş-yavaş hərəkətə keçdik. Yol boyu tumurcuqlamış ağaclar və onların üstündə olan qar  diqqət çəkirdi. Necə deyərlər yaz ilə qış bir-birinə qarışmışdı. Ancaq, bu çox xoş görüntü yaradırdı.

   Yol əslində gözlədiyimdən də rahat və maraqlı oldu. Qatarın içində səfərə qatılan gənclərlə mahnı oxuyub, rəqs edir, onlardan kimi isə şeir deyirdi.  Milli musiqilərin ifa edilməsi isə bizdə xoş təəssürat yaratdı. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının yaratdığı  Kosa və Keçəl obrazı da səfərimizə xüsusi rəng qatırdı. Gənclər Novruz bayramının adət-ənənəsinə uyğun olaraq yumurta döyüşdürürdülər. Qatarda hər masaya Novruzun simvolu olan səməni qoyulmuşdu. Qonaqlar üçün çay süfrəsi də təşkil edilmişdi. Yol yoldaşımızın  jurnalistika müəllimimiz  Səməd Canbaxşıyevin olması bizim üçün daha maraqlı idi. Müəllimimiz yol boyu vaqonun pəncərəsindən görünən tarixi yerlər, eyni zamanda Naxçıvanın qədim tarixi ilə bağlı maraqlı məlumatlar verirdi. Qədim tikililər, qalalar diqqətimi çəkmişdi. Öyrəndim ki, Naxçıvan dəmiryolu vağzalı 1905-ci ildə tikilib.

  Yolda qatarın pəncərəsindən görünən mənzərələr  bir anlıq məni doğulduğum Füzuliyə “apardı”. Dəmir yolunun keçdiyi ərazidə əzəmətli dağlar göz oxşayırdı. Tanrı bu dağları elə yaratmışdı ki, nə görünüşünü, nə də rəngini yazıda təsvir etmək mümkün deyil.  Sanki, dağların hər biri xüsusi bir düzənlə hazırlanmışdı. Maraqlısı da budur ki, dağların bəziləri qəhvəyi-qırmızı, bəziləri isə bomboz rəngdə idi. Dağların başında olan duman, çən təbiətə xüsusi gözəllik verirdi, sanki canlı idi. Bir dağ uzaqdan  yatmış dəvəyə, biri keşik çəkən əsgərə, digəri nəhəng alaçıqlara bənzəyirdi. Bu dağların döşündə necə şeirlər yazıb, musiqilər bəstələmək olardı... 

Bir az da “Novruz qatarı” haqqında... Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun ideyası olan bu layihəyə əsasən Naxçıvandan Ordubada qədər 3 vaqonda gənclər toplaşaraq “Xanbəzəmə”ni görmək üçün gedirlər. Yol boyu uzun məsafəni qısaltmaq üçün isə bacarıqlı gənclər mahnı oxuyur, rəqslər edir, yallı gedir, bir vaqondan digərinə keçməklə şənlənirlər. Bu təkcə Ordubad adətləri ilə tanışlıq deyil, həm də gənclərin sosiallaşması, Novruz ənənəsinə uyğun birliyinin təcəssümü idi. Məncə, Gənclər Fondu bu layihəni çox uğurla həyata keçirir.   

  Qayıdaq yolumuza... “Novruz qatarı” hərəkət qrafikinə uyğun  Culfa dəmir yolu vağzalında yarım saatlıq fasilə verdi. Bundan istifadə edib Culfa ilə az da olsa,  tanış olduq. Biz fasilə üçün vaqondan düşəndə Culfaya qar yağırdı. Və gördüklərimdən belə  qənaətə gəldim ki, Culfa dağlıq ərazi olduğundan burda fermer təsərrüfatı daha çox inkişaf edə bilər. Vağzal binası isə qədim tikili olduğu üçün daha çox diqqətimi çəkdi. Amma bina qədim, tarixi bir bina olsa da, çox müasir və səliqəli idi. ...Ordubada çatanadək  3 saat yol getdik, ancaq o qədər maraqlı, əyləncəli, deyib-gülərək getdik ki,  yol mənim üçün heç də uzun görünmədi. 

Bəli, biz artıq Ordubad şəhər dəmiryolu vağzalına çatmışdıq. Sonra, avtobus və digər avtomobillərlə şəhərin mərkəzinə, oradan da "Sərşəhər" meydanına yol alacaqdıq. Ordubad haqqında əvvəllər də  eşitmişdim ki, çox gözəl, tarix qoxan bir şəhərdir. Doğurdan da deyiləndən artıq gözəlliyə malik idi Ordubad. Şəhər mənə haradasa, Şəkini xatırladırdı. Hər məhəlləsində çinar, kəhriz və məscid var. Çinarların yüzdən artıq yaşı var. Yayda isti olan Ordubadda insanlar çinarın kölgəsində dincəlir, çay içirlər. Kəhrizlərdən  axan sudan  əhalı müxtəlif məqsədlər üçün istifadə edir. Ordubad məhllələrindəki yaşayış binaları qədim  idi, ancaq hiss olunur ki, köhnə olduğuna baxmayaraq çox sağlam evlərdir. Evləri tikən zaman divara taxta və ağac qoyulub, bu da zəlzələdən qorumaq üçün bir vasitədir. Evlərin qapısını döymək üçün hələ qədim çağlardan bəri istifadə edilən bir üsul var. Taqqılbab və zəncirbablar. Onlardan günümüzdə də Ordubadda istifadə edilir, kişilər və qadınlar üçün  ayrı olması isə daha çox marağımızı çəkdi.  

Ordubad çox qədim tarixə, kökə mənsub şəhərdir və özümü orda olanda bir anlıq 1800-cü illərdə hiss etdim. Tarixdə oxuduğumdan da qədim idi. Və bu qədimlik ora xüsusi abi-hava qatırdı. Nəhayət biz "Sərşəhər" meydanına  gəlib çatdıq. “Xanbəzəmə” mərasimi burada keçirilirdi.  Bu Naxçıvanın qədim adət-ənənələrindən biridir. Novruz bayramında bir nəfər xan seçilir və o  xüsusi olaraq bəzədilir. Lakin, xan ciddi olmalıdır. Əgər gülsə, xanı hovuza atırlar və başqa xan seçirlər. Keçmişdə muxtar respublikanın bütün rayon və şəhərlərində keçirilən bu mərasim indi  sadəcə Ordubadda keçirilir. Görünür, Ordubad şəhəri öz ənənəsinə sadiq qalmağı bacarır.  

Meydan başdan-başa rəngli lentlər, şarlarla  bəzədilmişdi və ən başda xan onun  üçün hazırlanan taxtda  əyləşmişdi.  Xan nədənsə  Ağa Məhəmməd şah Qacarı xatırlatdı mənə. “Xanbəzəmə”də xan nə desə, yəni nə “fərman versə” onu da edirlər. Hətta 2 yerdə rəmzi dar ağacı da var idi. 

“Novruz qatarı”nın sərnişinləri meydana gəlcək Xan özü mikrofonla onları  salamladı və  əylənməyə dəvət etdi. Gənclər isə yallı və  flaşmob hazırlamışdılar.  Hər iksini gözəl şəkildə təqdim etdilər. Sonra meydanda olan hər kəs birlikdə rəqs etməyə başaldı. Bir sözlə əsl Novruz bayramı əhvalı ruhiyyəli bir proqram oldu.  Maraqla getmişdiksə, zəngin təəssüratla da qayıtdıq.  

Qeyd edim ki, Füzuli rayonundan olan bir tələbə üçün Ordubadda qədim adətimizi yeni  öyrənməyim olduqca sevindirici idi. Və mən Füzuliyə, Bakıya gedəndə də Ordubadda belə gözəl adət olduğunu öz yaxınlarımla bölüşəcəyəm. Elə “Novruz qatarı”nın da məqsədi bu deyildimi? Milli adət-ənənələrimizi gənclərə tanıtmaq, onu gələcəyə daşımaq. Məncə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun “Novruz qatarı” bu missiyanı uğurla yerinə yetirdi. 

  Püstə Əhmədova

Naxşıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının II kurs tələbəsi

Naxçıvan-Ordubad-Naxçıvan

Nəşr edilib : 23.03.2022 16:17