AZ EN RU

Novruz bizim ən qədim milli bayramımızdır

    Azərbaycan xalqının ən qədim bayramları içərisində Novruz öz həyatiliyi ilə daha çox seçilir, fərqlənir. Bu bayram bayramların özülü, bünövrəsi, baş tacı, zirvəsidir. Min illərboyu Novruz bayramı Azərbaycanda el şənliyi kimi geniş şəkildə qeyd olunur. Tədqiqatçılar Novruz bayramının neçə min il əvvəl yarandığını söyləyirlər. Bu onu göstərir ki, Novruzun izləri atəşpərəstlikdən əvvələ gedib çıxır. Müasir dövrümüzdə isə bu böyük el şənliyi Azərbaycanın hər bir bölgəsində daha təmtəraqlı qeyd olunur. 

    70 il hökm sürən sovet quruluşu dövründə Novruza “dini bayram” damğası vurulmasını, bu bayramın keçirilməsinin yasaq edilməsini yaşlı və orta nəsil yaxşı xatırlayır. Bu qadağaya baxmayaraq, ötən əsrin 70-80-ci illərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi nüfuzu sayəsində Novruz bayramı ölkəmizdə geniş qeyd olunurdu. Bu Ulu Öndərin doğma Vətəninə, onun qədim, zəngin tarixinə, dünyəvi mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi.
    Görkəmli dövlət xadimi Heydər Əliyev çıxışlarının birində bu bayram barədə demişdir: “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Xalqımız çoxəsrlik tarixində böyük sınaqlardan keçibdir. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər yaşayıblar. Ancaq bunlara baxmayaraq, heç kəs heç vaxt unutmayıb. Əksinə, Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhvali-ruhiyyə yaradıbdır. Buna görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır. Eyni zamanda hər bir şəxsin qəlbinin bayramıdır, hər bir ailənin bayramıdır”. 
    Xalqımızın ən əziz bayramına belə yüksək münasibətin ifadəsini Ulu Öndər Heydər Əliyevin bütün həyatı və siyasi fəaliyyəti dövründə görürük. Bunun bariz təzahürüdür ki, Ümummilli Liderimizin ölkədə siyasi hakimiyyətə yenidən qayıdışından sonra Novruz bayramı milli dövlət bayramı səviyyəsinə yüksəldilmişdir. Novruzun milli taleyimizdəki yerini, ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olduğunu, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məramını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu yüksək dəyərləndirən görkəmli dövlət xadimi Heydər Əliyev Novruz bayramının ölkəmizdə yüksək əhvali-ruhiyyədə qeyd olunması üçün lazımi tədbirlər həyata keçirmişdir. Novruzun taleyini Vətənin taleyi ilə eyniləşdirən xalqımızın böyük oğlu sevinclə bildirirdi ki, indi Novruz Azərbaycanın dövlət bayramıdır. Lakin bu, digər dövlət bayramlarından ona görə seçilir ki, Novruz təbiətdən gəlmiş bayramdır, eyni zamanda özünün maddi vəziyyətindən asılı olmayaraq, hər bir insan onu qeyd edir. 
    Görkəmli dövlət xadimi Heydər Əliyevin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu, ona görə də xalqın ürəyindən xəbər verirdi. Ölkədəki ictimai-siyasi durumu, adamların rifah halını, ümumiyyətlə, dövlət quruculuğu prosesini Novruz adətləri ilə bağlayan Ulu  Öndərimiz Novruz bayramının ümumxalq bayramına çevrilməsi, ölkənin hər bir guşəsində bu əziz günün əmin-amanlıq şəraitində, zəngin süfrə ilə qeyd olunması üçün ictimai-siyasi sabitliyi möhkəmləndirməyə, ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etməyə çalışırdı. 
  Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli dövlət xadiminin layiqli varisi kimi Ümummilli Liderin bu istiqamətdə müəyyənləşdirdiyi siyasətə sadiq qalaraq Novruzun yüksək səviyyədə qeyd olunması üçün lazımi tədbirlər həyata keçirir. Artıq bu bayramın 30 il işğal altında qalmış doğma Qarabağımızda da qeyd olunması dövlət başçısının xalqımızın milli dəyərlərinə böyük ehtiramın, cavabdehlik hissinin ifadəsidir. Böyük Tarixi Qələbədən bir neçə ay sonra  – 2021-ci ilin mart ayının 20-də xalqa müraciət edən  Prezident cənab İlham Əliyev müraciətində vurğulayıb ki, biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik: “Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi...”
    Novruz milli dəyərlərin, mahiyyəti etibarilə milli varlığın qorunma vasitəsidir. Bu yanaşma Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Bu gün qürur hissi keçiririk ki, Ümummilli Liderimizin böyük səyləri ilə rəsmi dövlət bayramı – əbədi yaşamaq hüququ qazanmış Novruz bayramı artıq dünyada tanınmaqdadır. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən Novruz bayramının Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi Azərbaycanın milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur.
    BMT tərəfindən martın 21-nin Beynəlxalq Novruz Günü elan edilməsi, Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Məclisində 2010-cu il fevralın 23-də Beynəlxalq Novruz Günü adlı qətnamə layihəsinin qəbul olunması hər bir azərbaycanlının fəxarət mənbəyidir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə ölkəmizin daha sürətli və davamlı inkişafı təmin olunmuş, ictimai-siyasi sabitlik möhkəmləndirilmiş, Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmişdir. Bütün bu uğurları vətəndaşlarımız öz gündəlik həyatında qabarıq hiss edir, gələcəyə böyük ümid bəsləyirlər. Xalqımız builki Novruz bayramını məhz belə bir yüksək ovqatla qarşılayır. Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə nəzər saldıqda dövlət başçısının milli dəyərlərimizə son dərəcə diqqətlə yanaşdığının, mədəniyyətimizin inkişafına xidmət edən lazımi tədbirlər həyata keçirdiyinin şahidi oluruq. Bu, ölkə başçısının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı kimi həm də mədəni-mənəvi irsimizə bağlılığından xəbər verir. Dövlət başçısı Novruzu hər bir azərbaycanlının daxili aləmində ən ülvi niyyətlərin və saf duyğuların yer tutduğu bayram kimi qiymətləndirir: “Novruz bayramı ulu əcdadlarımızın bizə gözəl yadigarıdır. Azərbaycan torpağında bu bayram çox qədim zamanlardan əsl milli bayram kimi qeyd olunmuşdur. Xalqımız yazın gəlişini ilaxır çərşənbələrdən Novruz axşamınadək kütləvi şənlik və mərasimlərlə qarşılamış, təbiətin canlanması ilə başlayan hər yeni ilin firavanlıq, xoşbəxtlik və əmin-amanlıq gətirməsini arzulamışdır. Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə toplamışdır. Hər kəsin layiqincə qarşılamağa çalışdığı bahar bayramında insanın fikri, əməli və istəyi təzələnir, könüllərdə saf duyğular oyanır. Dünya haqqında ilkin təsəvvürlərlə bağlı olan bu bayram mənəvi gözəlliyi, mərhəməti və xeyirxahlığı  təcəssüm etdirir”.
    Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da Novruz xüsusi şövqlə keçirilir. Bu qədim diyarda Novruzla bağlı özünəməxsus adət-ənənələr formalaşmışdır. 
    Əvvəlcə onu qeyd edək ki, Naxçıvanda Novruza qədər, daha dəqiq desək, martın 21-dən əvvəlki 4 çərşənbə günü bayrama hazırlıq mərhələləri kimi qeyd edilir.  Novruz bayramından əvvəl qışın ilk vaxtlarından başlayaraq qırx gün müddətində Böyük çillə, ondan sonrakı 20 gündə isə Kiçik çillə davam edir. 
    Xalq təqviminə görə, Kiçik çillə fevral ayının 19-u öz ömrünü başa vurub yerini Boz aya verir. Boz ay xalq arasında həm də “alaçalpov”, “çilləbeçə”, “ağlar-gülər” və sair adlarla bilinməkdədir. Boz ay Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə – martın 21-nə qədər olan dövrü əhatə edir. Ayın adının bu cür adlanması onun buludlu, yağışlı, küləkli, bəzən günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır. Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu daha çox Boz ayın sərtliyi və havaların bozarmasına işarədir. Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrünü əks etdirir. Xalq arasında Boz aya “bayram ayı” da deyilməkdədir. Müxtəlif adlarla bilinən Boz ayın dörd çərşənbəsi çillə çıxarmanı əhatə edir. Azərbaycanın ən qədim yaşayış məskəni olan Naxçıvanda çərşənbələr Su, Od, Yel, Torpaq ardıcıllığı ilə keçirilir.
    Bir məsələni də qeyd etmək yerinə düşər ki, ölkəmizin digər bölgələrindən fərqli olaraq muxtar respublikanın Ordubad rayonunda Novruz bayramı ərəfəsində özünəməxsus mərasimlər icra edilir. Ordubadda yaşadılan Novruz mərasimlərindən biri də “Xanbəzəmə”dir. Bir nəfəri Xan seçib başına tac qoyurlar. Meydanda hündür bir taxt düzəldib Xanı orada oturdurlar. İki nəfər balaca uşaq Xanı yelpikləyir.
    Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər. Xanın yanına bəzənmiş xonçalar, səmənilər düzürlər. Xan əmr verir, hamı çalıb-oynayır. Hərə öz qabiliyyətini göstərir. Burada Cəllad və Təlxək də olur. Hamı Xanı güldürməyə çalışır. Xan isə gülməməlidir. Əgər gülsə, onu suya basırlar, təzə Xan seçirlər. 
    Digər bir mərasim isə rayonun ucqar kəndi Tividə yaşadılır. Bu, at sürənlərin yarışıdır. Yarışda başlanğıcdan müəyyən edilmiş məsafəyə qədər kim ilk çatarsa, o, qalib sayılır və mükafatlandırılır. Ordubadlıların səməni horrası bişirməsi də bu bölgədə Novruzun yüksək təmtəraqla keçirilməsini göstərir.
    Bu gün hamımız Novruz bayramına dövlətin verdiyi dəyər və önəmi doğru-düzgün qiymətləndirməli, ona milli dövlət quruculuğumuzda hər bir vətəndaşın yaxından iştirakı üçün verilmiş milli quruculuq töhfəsi kimi yanaşmalıyıq. Çünki xalqımızın mənəvi mədəniyyətinin öyrənilməsində, qədim mifik görüşlərindən tutmuş adət-ənənəsi, həyat tərzi haqqında aydın təsəvvürlər əldə edilməsində Novruz bayramının rolu çox böyükdür. Bu rolu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək dəyərləndirir. Ölkə rəhbəri bayramın layiq olduğu səviyyədə keçirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirir, hər il Novruz bayramı ərəfəsində Azərbaycan xalqını təbrik edir, hər birimizə uğurlar arzulamaqla Novruzun mahiyyətini ən kiçik detalları ilə ortaya qoyur: “Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir... O, Azərbaycan xalqının özünüdərk məfkurəsini qorumaqla ötən əsrin sonlarına doğru milli dövlətçilik idealımıza yenidən qovuşmağımızda mühüm rol oynamışdır. Novruzun rəsmi bayram statusu alması və artıq iyirmi beşinci baharını yaşayan Odlar diyarında ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir. Sivilizasiyaların qovuşuğundakı multikultural mühitli ölkəmizin müxtəlif mədəniyyətlərə mənsub insanlarını daim ünsiyyətə çağıraraq xoş münasibətlər bərqərar etmiş və dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirmiş Novruz bayramında tolerantlığın həqiqi təntənəsi vardır. Bahar bayramının ali bəşəri duyğuların daşıyıcısı olaraq UNESCO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur”.

“Şərq qapısı”

Nəşr edilib : 17.03.2023 20:17