AZ EN RU

Novruz bayramının ilk günündə ölkə ərazisində havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır

Azərbaycanda martın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Abşeron yarımadasının bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturunun gecə və gündüz 2-5° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 771 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacağı bildirilir.

Nəşr edilib : 19.03.2022 14:16