AZ EN RU

Novruz bayramında təhlükəsizlik qaydalarının pozulması ciddi fəsadlara səbəb ola bilər

Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı artıq yurdumuza qədəm qoyub. Xalqımız bu bayramı çox yüksək səviyyədə keçirir, yeni günə yeni ümidlərlə oyanır, arzuların gerçəkləşməsinə ümid bəsləyir. Bu bayramın yaddaşımıza gözəl həkk olunması isə hər bir kəsin arzusudur. Hər birimiz üçün əziz olan bu bayramda müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir. Bu təhlükəsizlik qaydalarına biganə yanaşmaq ağır fəsadlara yol aça bilər.

Novruz çərşənbələrində təhlükəsizlik qaydalarının pozulması hallarına hamımız rast gəlmiş və ya eşitmişik. Elə buna ötən su və od çərşənbələrində tonqal ətrafında nəzarətsiz qalan 3 uşağın xəsarət almasını, həmçinin yaşayış binasının həyətində qalanan tonqaldan çıxan qığılcımın avtomobilin üzərinə düşməsi nəticəsində yanğın baş verməsini misal deyə bilərik. Bunlar olmaya bilərdi...

Əhali tərəfindən təhlükəsizlik qaydalarına ciddi riayət olunması vacibdir. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bununla bağlı dəfələrlə müraciətlər ünvanlayıb. Müraciətlərdə qeyd olunur ki, bayram tonqalını ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır.

Eyni zamanda, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması xüsusilə təhlükəlidir.

Bir digər tərəfdən isə bayram günü aldığımız dilək fənərlərinin  nəzarətsiz halda havaya ötrülməsidir. Bu da əhali üçün ciddi fəsadlara yol aça bilər. Bunun üçündə dilək fənərlərindən açıq ərazilərdə istifadə olunmalıdır. Əgər fərdi yaşayış evlərinə yaxın, ot bağlamalarının və yaxud meşəlik ərazilərin yaxınlığında səmaya qaldırılarsa küləyin istiqamətinin dəyişməsi nəticəsində yanğın hadisəsi baş verə bilər.

Unutmayaq ki, bayram günü bu kimi hallara biganəlik həyatımıza ciddi təhlükədir. Gəlin hər birimiz bu bayramı şən əhval-ruhiyyə ilə qarşılayıb, xoşluqla yola salaq.  

Bülbül QULİYEVA

Nəşr edilib : 15.03.2024 12:10