AZ EN RU

Novruz bayramı muxtar respublikamızın rayonlarında da yüksək əhvali-ruhiyyə ilə qeyd edilib

    Şərur rayonunda da bayram şənliyi yüksək əhvali-ruhiyyə ilə qeyd olunub. Tonqal ətrafında rəqs edənlərin, yallı gedənlərin, halay tutanların çıxışları, əllərində baharın rəmzi olan səməni tutmuş qızların meydanboyu hərəkətləri, pəhləvanların göstərdikləri maraqlı nömrələr, Keçəl və Kosanın Novruz əhvali-ruhiyyəli məzəli hərəkətləri və zarafatları hər kəsin diqqətini çəkib.
    Tədbirdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə çəkilmiş portretlərindən, qədim sənət – misgərlik və dulusçuluq nümunələrindən, toxuculuq məmulatlarından, kənd təsərrüfatı məhsullarından, mətbəx nümunələrindən, qadınların əl işlərindən ibarət sərgiyə baxış olub.
      Novruz bayramı münasibətilə Babək rayonunda keçirilən tədbirdə bildirilib ki, artıq üç ildir, Azərbaycan xalqı Novruz bayramını müzəffər, qalib xalq kimi qeyd edir. İşğaldan azad olunmuş Cıdır düzündə, Talış kəndində Ali Baş Komandan tərəfindən alovlandlrılan bayram tonqalı dostlarımıza sevinc, düşmənlərimizə gözdağıdır. 
    Bayram tədbirində mədəniyyət və incəsənət ustalarının ifalarında Novruzu, baharı vəsf edən mahnılar oxunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Babək Rayon Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb. 
    Ordubad şəhərindəki Tədbirlər meydanında keçirilən tədbirdə Novruz şənliyinin ən maraqlı məqamı Dədə Qorqudla Bahar qızın meydana daxil olması idi. Dədə Qorqud bu ilin xalqımıza xoşbəxtlik gətirməsini, işğaldan azad edilmiş torpaqlarımızın cənnətməkana dönməsini arzuladı və meydanın mərkəzində qalanan tonqalı alışdırdı. Ordubad Rayon Mədəniyyət Sarayının üzvlərinin “Dübəndi” İnstrumental Ansamblının müşayiəti ilə bir-birindən maraqlı musiqi nömrələri, meydan tamaşalarının qəhrəmanı olan Xanın çaparların müşayiəti ilə meydana daxil olması alqışlarla qarşılandı. 
        Kəngəri Rayon Mədəniyyət Şöbəsinin hazırladığı əyləncəli-kütləvi bayram şənliyinin aparıcıları Novruz bayramı münasibətilə tədbirə toplaşanları salamlayaraq bildiriblər ki, xalqımız Novruz bayramını yüksək ovqatla, qələbə sevinci, xoş əhvali-ruhiyyə ilə qeyd edir. “Heydər Əliyev İli”ndə keçirilən Novruz bayramı daha əlamətdardır. Bu bayramın sakinlər üçün digər əlamətdarlığı isə Kəngərli rаyonunun Novruz bаyrаmı ərəfəsində – 2004-cü il mаrtın 19-dа yаrаdılmasıdır. 
    Sonra bayram tədbiri bir-birindən maraqlı musiqi nömrələri ilə davam etdirilib. 
    Şahbuz şəhərində təşkil olunan Novruz şənliyində bayram tonqalı yandırıldıqdan sonra Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” İnstrumental Ansamblının solistlərinin ifasında səslənən mahnılar alqışlarla qarşılandı. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılırdı. Şux, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. Dağlarda əks-səda verən qara zurnanın səsi altında qızışan meydanda çıxış edən rəqs və yallı kollektivlərinin, uşaq musiqi məktəblərinin nağaraçılar qrupunun ifaları bayram tədbirinə xüsusi bir rövnəq verirdi. 
    Sədərək rayonunda da Novruz bayramına əvvəlcədən geniş hazırlıq tədbirləri görülmüşdü. Bayram münasibətilə keçirilən şənlikdə rayonun musiqi kollektivləri xalqımızın Novruz adət-ənənələrini, qədim el sənətkarlığından nümunələr nümayiş etdirib, Kosa, Keçəl və Bahar qız tamaşa göstərib, rəngarəng konsert proqramı ilə tədbir iştirakçılarına yüksək ovqat bəxş olunub.
       Tədbir iştirakçıları sonra xalq yaradıcılığı nümunələrindən və yerli sahibkarların istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxıblar. Sərgidə xalq sənətinin ağacişləmə, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, daşyonma sahələrini özündə əks etdirən nümunələr şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

“Şərq qapısı”

Nəşr edilib : 19.03.2023 17:05