AZ EN RU

Novruz bayramı bu il də xoş əhvali-ruhiyyə ilə keçəcək

    Milli bayramımız olan Novruzun astanasındayıq. Bu bayram ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda xüsusi təmtəraqla, böyük el şənlikləri ilə qeyd edilir. Şənliklər çərçivəsində xalq yaradıcılığı və folklor nümunələrimiz, milli musiqi və yallılarımız, rəngarəng konsert proqramları, teatr tamaşalarından səhnəciklər iştirakçılara təqdim edilir.  Bu il də muxtar respublikamızda Novruz bayramı təntənə ilə qeyd ediləcək. 

    Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Ali Məclisin Aparatı və Mədəniyyət Nazirliyinin qarşısında Novruz bayramının keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanması, Naxçıvan şəhəri və rayon mərkəzlərinin Novruz bayramına uyğun bəzədilməsi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və rayon mərkəzlərində ictimai iaşə xidməti və xalq gəzintilərinin, eləcə də musiqi kollektivlərinin çıxışlarının təşkil olunması ilə bağlı mühüm tapşırıqlar vermişdir. Digər mədəni müəssisələrlə yanaşı, musiqi kollektivləri və ansambllar əyləncəli, rəngarəng proqramları ilə  şənliyə toplaşanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaqlar. Biz də Naxçıvan Musiqi Kolleci ansambllarının və Naxçıvan Aşıqlar Birliyinin fəaliyyəti və bayram şənliyində hansı repertuarla çıxış edəcəkləri barədə öyrəndiyimiz məlumatlarla dəyərli oxucularımızı da tanış etmək qərarına gəldik. 

    Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə 1975-ci ildə yaradılan Naxçıvan Musiqi Kollecinin musiqiçi kadrların hazırlanmasında xüsusi yeri və rolu vardır. Hazırda Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən kollecdə tədris edilən ixtisaslar üzrə istedadlı və bacarıqlı gənclər yetişirlər. Bu il Novruz bayramı ilə əlaqədar keçirilən şənlikdə kollecin “Gənclik” instrumental ansamblı da iştirak edəcək. Ansamblın bədii rəhbəri Sahil Qasımovla həmsöhbət oluruq. Müsahibim deyir ki,  kollecin qarmon ixtisası üzrə müəllimi və hazırda da ansamblın bədii rəhbəridir. Müsahibim “Gənclik” instrumental ansamblının fəaliyyəti barədə danışır: – Ansambl muxtar respublikamızda keçirilən dövlət tədbirlərində, festivallarda, hərbi hissələrdə, eləcə də bayram günləri ilə bağlı keçirilən konsertlərdə həmişə fəal iştirak edir. 2020-ci ilin iyun ayında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Gənclik” instrumental ansamblının canlı yayımla konserti olub. Konsert proqramında Azərbaycan bəstəkarlarının yaradıcılığından və muğam sənətimizdən nümunələr səsləndirdik və çox maraqla qarşılandı. Altı musiqiçidən ibarət olan ansamblın tərkibinə milli musiqi alətləri ilə yanaşı, Avropa musiqi alətləri də daxil edilib. Bu da ifa olunan əsərlərin müxtəlif tembrdə səslənməsinə şərait yaradır. Ansamblın repertuarına klassik muğam, Azərbaycan mahnı və rəqsləri, eləcə də Avropa bəstəkarlarının əsərləri daxildir. Hamımızın sevərək gözlədiyi Novruz bayramına daha mütəşəkkil hazırlaşırıq. Bu il də ansamblın ifasında ritmik Azərbaycan mahnı və rəqsləri səslənəcək. 

    Kollecin “Naxçıvanqala” ritm qrupu da Novruz şənliyində iştirak edərək bayrama rəng qatacaq. Qrupun yaradıcısı və bədii rəhbəri Mustafa Məmmədov söhbətimiz zamanı dedi ki, Naxçıvan Musiqi Kolleci yaranan vaxtdan bu ansambl fəaliyyət göstərir: – Ansamblın yaranması mənim təşəbbüsümlə həyata keçirilib və kollecin nağara ixtisasında oxuyan  tələbələrdən ibarətdir. Ansamblda yer alan zərb musiqi alətləri haqqında məlumat verən müsahibim bildirir ki, zərb çalğı alətlərinin kökləri çox qədimlərə gedib çıxır. Keçmiş dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaratmışlar. Hazır­da musiqi sənətimizin təbliğində bir çox zərb alətlərindən geniş istifadə edilir. Belə zərb çalğı alətləri arasında ən geniş yayılmışı nağaradır. Nağara bütün ansambllarda, orkestrlərdə, el şənliklərində bir növ musiqinin döyünən ürəyi, aparıcı qüvvəsidir. Bu musiqi alətinin müxtəlif növləri var. Novruz bayramı şənliyində  qoşa nağara, nağara, bas  nağaralar, davullar və  bir də dəfdən istifadə edəcəyik. Əlavə olaraq şıqşıq, şaqşaq,  lakkultu – zərb alətlərinin bəzəkverici alətləri də olacaq. Adətən, ansamblın repertuarını kompozisiya şəklində qurmağa üstünlük veririk. Bu il “Yenilməz batalyon” kinofilmindən bir kompozisiya qurmuşuq ki, əsl el şənliyi üçündür. İkinci hissədə də milli rəqslərimizdən bir parça salmışıq. İnanırıq ki,  bu bayram şənliyi  də gözəl keçəcək. 
    Kollecin “Sazçalanlar” ansamblının bədii rəhbəri  Həsən Həsənov isə deyir ki, simli çalğı aləti saz aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs sənətlərini birləşdirən saz-söz sənətinin milli mədəniyyətimizin formalaşmasında mühüm rolu vardır. “Kitabi-Dədə Qorqud” dastanında adıçəkilən qopuz təkamül yolu keçərək saz aləti şəklini, XVI əsrdə Dirili Qurbaninin dövründə isə müasir vəziyyətini alıb. Sazlar ölçülərinə, pərdələrin və simlərin sayına görə müxtəlif olur. Xalq çalğı alətləri orkestrində qoltuq və ya cürə sazdan solo alət kimi istifadə olunur. 
    Naxçıvanda keçirilən bayram şənliklərində mütəmadi olaraq iştirak edən, ifaları ilə bayrama bəzək qatan digər bir mədəniyyət müəssisəsi Naxçıvan Aşıqlar Birliyidir. Birliyin üzvü Gülzar Əhmədli ilə həmsöhbət oldum. Öyrəndim ki, Gülzar xanım həm də Naxçıvan şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin saz ixtisası müəllimi kimi fəaliyyət göstərir. O qeyd etdi ki,  muxtar respublikamızda aşıq sənəti və aşıq yaradıcılığına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2009-cu ildə Naxçıvan Aşıqlar Birliyi yaradılıb. Birliyin yaranması Naxçıvanda yaşayıb-yaradan aşıqları bir araya gətirib. Həmin tarixdən etibarən Naxçıvan aşıq sənətində yeni inkişaf mərhələsi başlayıb, aşıq sənətinə göstərilən belə diqqət və qayğı Naxçıvan aşıqlarının yaradıcılıq imkanlarını daha da genişləndirib: – Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu kimi, diyarımızda da bununla bağlı möhtəşəm el şənlikləri keçirilir. Novruz bayramı həm də bir növ saz-söz bayramı adlanır. Ona görə də bayram şənliklərinə aşıqları dəvət edirlər ki, sözlər oxunsun, sazlar dilə gəlsin. Təbiətin oyanışı,bu gözəllik aşıqların da dilində  vəsf olunub. Novruzda bütün nikbin ovqatlı mahnılar, şux, oynaq musiqilər ifa olunur. Bunlardan “Ovşarı”, “Baş Sarıtel”, “Orta Sarıtel”, “Orta şəşəngi” kimi aşıq havalarını misal göstərə bilərəm. Bu bayramda ifa edəcəyimiz “Gödək donu”, “Bəhri divani”, “Paşa köçdü” kimi aşıq havaları olacaq.  Fürsətdən istifadə edərək xalqımızı bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Novruz bayramı insanlarda yeni ovqat yaradır. Sabaha olan inamı artırır. Ölkəmizdəki mövcud sabitlik və inkişaf imkan verir ki, xalqımız bu il də özünün əziz bayramını quruculuq və əmin-amanlıq şəraitində qeyd etsin...” Milli bayramımız Novruz hər il muxtar respublikamızda xüsusi təntənə ilə qeyd olunur, xalq yaradıcılığı günləri keçirilir. Bu il martın 19-unda “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ənənəvi Novruz şənliyi keçiriləcək. Siz də vaxtınız əyləncəli, gözəl keçsin istəyirsinizsə, birlik, mehribanlıq, səmimiyyət, yüksək əhvali-ruhiyyə bəxş edən ənənəvi Novruz şənliyində iştirak edin. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 17.03.2022 18:49