AZ EN RU

Növbəti ustad dərsləri və norma yarışları

    Şərur Rayon Uşaq-Gənclər Şahmat Məktəbində ümumtəhsil məktəblərində şahmat dərsi tədris edən müəllimlər və şagirdlər ilə ustad dərsi keçilib.
    Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Şərur rayon bölməsinin, rayon Təhsil Şöbəsinin və Uşaq-Gənc­lər Şahmat Məktəbinin təşkilatçılığı ilə keçilən ustad dərsi beynəlxalq usta, beynəlxalq hakim və şahmat üzrə Azərbaycanın qadınlardan ibarət komandasının baş məşqçisi Fikrət Sideifzadə tərəfindən tədris edilib. 
    Beynəlxalq usta Fikrət Sideifzadə mövzu ilə bağlı 40 şagird və 20 şahmat müəlliminə faydalı məsləhətlər verib. Daha sonra Fikrət Sideifzadə şagird və müəllimlərlə seans oyunu keçirib.
    Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
    Naxçıvan Şahmat Mərkəzində yerli və əcnəbi şahmatçıların iştirakı ilə “İkinci bazar günü” norma və reytinq yarışlarına start verilib. Dairəvi sistem üzrə keçirilən norma turnirində Naxçıvan şahmatçıları ilə yanaşı, Azərbaycan, İran və Türkiyənin qrossmeyster, beynəlxalq usta və FIDE ustaları mübarizə aparır. Dairəvi sistem üzrə 9 turdan ibarət olan yarışda 10 zəka sahibi iştirak edir.
    Eyni zamanda Şahmat Mərkəzində keçirilən müxtəlif yaş və reytinqli yarışda 46 zəka sahibi birincilik uğrunda mübarizə aparır.
    Yarışın sonunda sıralama və müvafiq reytinq intervallarına əsasən fərqlənən iştirakçılara pul mükafatı təqdim olunacaq.  
    Şərur Rayon Uşaq-Gənclər Şahmat Məktəbində isə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının rayon bölməsinin, Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə Türkiyənin Hatay şəhərinin “Şah” Şahmat Klubu ilə onlayn  yoldaşlıq görüşü keçirilib.
 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 11.04.2022 19:07