AZ EN RU

Növbəti turun oyunları keçirilib

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.
    Liderlər cədvəlində qərarlaşan Naxçıvan şahmatçılarından FIDE ustamız Sadiq Məmmədov (2265) bu turda beynəlxalq usta İsmayıl Şahəliyevlə (2386) görüşdən məğlub ayrılıb. Beynəlxalq usta Toğrul Həsənzadə (2279) də bu turda məğlubiyyət acısı dadıb. O, türkiyəli qrossmeyster Kıvanc Haznədaroğlunun (2425) müqavimətini qıra bilməyib. Beynəlxalq usta Talıb Babayev (2218) İlqar Məmmədovu (1658) məğlub etməyi bacarıb. Digər beynəlxalq ustamız Pərviz Qasımov (2331) da növbəti bir xalını qazanıb. Ayan Hüseynli (1467) üzərində qələbədən sonra Pərvizin xal ehtiyatı 4,5-ə çatıb. Nazlı Hümbətova (1686) isə azərbaycanlı FIDE ustası Rəşad Zeynallıya (2226) məğlub olub.
    Bu tur bir sıra maraqlı görüşlərlə yadda qalıb. Belə ki, turnirin bir nömrəli şahmatçısı iranlı qrossmeyster Şahin Lorparizangeneh (2502) növbəti xalını həmyerlisi Reza Mehdavini (2303) məğlub etməklə qazanıb. Azərbaycanlı qrossmeyster Vüqar Rəsulov (2445) isə bu uğura Rəşad Həsənov (2142) üzərində qələbə qazanmaqla nail olub. İranlı FIDE ustası Morteza Əsgəri (2244) Emin Novruzovdan (1981) üstün olub. Azərbaycanlı qrossmeyster Zaur Məmmədov (2410) isə Fariz Əhmədovla (2182) görüşdə xalları yarı bölüb. 
    Hazırda turnir cədvəlinə 6 xalla İsmayıl Şahəliyev başçılıq edir.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən və mayın 14-dək davam edəcək beynəlxalq turnirdə Azərbaycan, İran, Türkiyə və Ukraynadan olmaqla, ümumilikdə, 214 zəka sahibi mübarizə aparır. Turnirdə muxtar respublikanı 81 zəka sahibi təmsil edir.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 12.05.2022 19:25