AZ EN RU

Növbəti tədbir keçirilib

18 mart 2022-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tarixi romanlar müəllifi M.S.Ordubadinin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Azərbaycanın tanınmış yazıçısı, ədəbiyyatımızda tarixi roman janrının banisi M.S.Ordubadi bütün ömrü və yaradıcılığı boyunca mənsub olduğu xalqın milli ruhunu, mənafeyini həm ürəyində, həm də qələmində daşımış sənətkarlardandır. O, milli kimliyini çox yaxşı dərk etmiş, bəzən açıq, bəzən də qapalı şəkildə bunu öz əsərlərində əks etdirməkdən çəkinməmişdir. Məhz buna görə də, illər keçməsinə baxmayaq, o, indi də müasir yazıçı kimi oxunur və sevilir.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova “Milli ədəbiyyatımızda tarixi roman janrının banisi - M.S.Ordubadi” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının şöbə müdiri Heyran Ələsgərova “Azərbaycan ədəbiyyatında M.S.Ordubadi imzası” adlı mövzularla çıxış edərək bildirmişlər ki, Məmməd Səid Ordubadi 1872-ci ilin baharında Ordubad şəhərində şair Hacıağa Fəqirin ailəsində anadan olmuşdur. İlk təhsilini məhəllə mollaxanasında axund Şərəbanıdan almış, bir müddət şair Mirzə Baxışın məktəbində, sonralar isə böyük maarifpərvər M.T.Sidqinin Ordubadda açdığı yeni üsullu “Əxtər” (“Ulduz”) məktəbində oxumuşdur. 1906-cı ilin aprelində Tiflisdə “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması M.S.Ordubadinin yaradıcılığı və gələcək taleyi üçün mühüm rol oynamışır. O, bu jurnalın fəal müəlliflərindən biri olmuşdur. Həmin illərdə çar hökumətinin fitvası ilə törədilən erməni-azərbaycan qırğını da ədibin yaradıcılığına güclü təsir göstərmiş, 1911-ci ildə Bakıda onun “Qanlı sənələr” adlı çox əhəmiyyətli bir kitabı nəşr olunmuşdur. 1914-cü ildə ədibin “Bədbəxt milyonçu, yaxud Rzaquluxan Firəngiməab” adlı romanı, “Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi” adlı dramı çap edilmişdir. Nəsr yaradıcılığında əsas yeri onun tarixi romanları tutur. Ədib bu janra təsadüfən müraciət etməmiş, həmin janrda yazdığı romanları ilə xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, xüsusən döyüşkən ruhunu, azadlıq mübarizəsini əks etdirməyi qarşısına məqsəd qoymuşdur.

Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular iştirak etmişdir.

Nəşr edilib : 18.03.2022 15:31