AZ EN RU

Növbəti “STEAM Yay məktəbi”nə start verilib

    Şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində növbəti “STEAM Yay məktəbi” təşkil olunub. 
    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar  İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilən “STEAM Yay məktəbi”nin açılış tədbirində Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildirib ki, şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə cari ilin 28-30 iyun aylarında muxtar respublikanın ümumtəhsil məktəblərinin 50-yə yaxın şagirdinin iştirakı ilə “STEAM Yay məktəbi” təşkil olundu. Bu gündən isə daha ikigünlük “STEAM Yay məktəbi”nə start verilir. Proqram üzrə şagirdlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə məlumatlarla tanış olacaqlar. Proqram əsasında şagirdlərə micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər bu kimi istiqamətlərdə praktik biliklər veriləcək və təlimi uğurla başa vuran şagirdlər Təhsil Nazirliyi tərəfindən “STEAM Yay məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatla təmin olunacaqlar. 
    Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşı Qəzənfər Abdullayev çıxış edərək bildirib ki, muxtar respublikamızın ictimai həyatında əhəmiyyət daşıyan tədbirlərin həyata keçirilməsi həmkarlar təşkilatlarının qarşısında duran ümdə vəzifələrdən biridir. Yetişməkdə olan gənc nəslin inkişafına müsbət təsir edən “STEAM Yay məktəbi” də gələcəyə – insan kapitalına yatırım kimi əhəmiyyətli layihədir.
    Tədbirdə STEAM üzrə təlimçi müəllim Ceyran Məmmədova və Fuad Babayevin də çıxışları olub. Qeyd olunub ki, növbəti “STEAM Yay məktəbi” zamanı şagirdlərin istifadəsi üçün 20 ədəd notebook,         5 ədəd 3D printer və çap materialı, 10 ədəd arduino və 20 ədəd micro:bit dəsti və STEAM layihələrinin hazırlanmasına lazım olan digər ləvazimatlar ayrılıb.
    Qeyd edək ki, “STEAM Yay məktəbi”ndə şagirdlər micro:bit və arduino blokları ilə alqoritmik düşüncə və məntiq, proqramlaşdırma mövzularını öyrənməklə nəzəri biliklərini praktikada tətbiq edəcəklər. “Yay məktəbi”ndə robot proqramlaşdırması, robot texnologiyaların tədqiqində micro:bit və arduino bloklarının kodlaşdırılması praktik tətbiqlərlə izah olunacaq. Proqrama, həmçinin Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq, müxtəlif idman oyunları ilə sərbəst vaxtlarını keçirmək üçün sənədli filmlərin nümayişi də daxildir. 

Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.07.2022 20:35