AZ EN RU

Növbəti “STEAM Yay məktəbi” məktəblilər üçün səmərəli və yaddaqalan olub

    28-30 iyun 2022-ci il tarixlərdə  Ağbulaq İstirahət Mərkəzində “STEAM Yay məktəbi” təşkil edilib. “Yay məktəbi”ndə ümumtəhsil məktəblərindən, ümumilikdə, 50-yə yaxın  məktəblinin   iştirakı təmin olunub ki, bu da həmin şagirdlərdə  STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodları kimi istiqamətlərdə biliklərin daha da genişləndirilməsinə şərait yaradıb.
    3 gün davam edən “STEAM Yay məktəbi” zamanı STEAM təhsil metodu praktik məşğələlər vasitəsilə aşılanıb.
    Yekun tədbirdə təlimi uğurla başa vuran şagirdlərə “STEAM Yay məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatlar verilib. Sonra onların hazırladıqları layihələrin təqdimatı keçirilib. Məktəblilər qrup şəklində hazırladıqları layihələr haqqında məlumat veriblər. 
    “STEAM Yay məktəbi”nin iştirakçıları olan təlimçilər və şagirdlərlə görüşüb söhbətləşdik. Onların təəssüratlarını oxucularımıza təqdim edirik:
    Ceyran Məmmədova – təlimçi-müəllim: – Ötən tədris ilində olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları tərəfindən muxtar respublikada təhsil alan şagirdlər üçün “STEAM Yay məktəbi” layihəsi təşkil olunub. Hazırda bu layihədə muxtar respublika məktəblərində təhsil alan 50 şagird iştirak edir. Onlar tədris ili ərzində Təhsil Nazirliyi tərəfindən keçirilən STEAM təhsilinə dair müsabiqələrdə fəal iştirak edən, uğur qazanan şagirdlərdir. Onu deyim ki, “Yay məktəbi”ndə şagirdlər böyük həvəslə iştirak edirlər. “Yay məktəbi”ndə şagirdlərin STEAM sahəsində biliklərinin daha da təkmilləşdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən hazırlanan təlim proqramına əsasən “Yay məktəbi”nin ilk günü Humonoid robot haqqında şagirdlərə məlumat verildi. Müxtəlif təhsil robotları var ki, həmin robotların funksiyaları barədə şagirdlərə təlim keçirildi. Təlimin ikinci günü yenə də Micro:bit proqramı ilə bağlı dərin biliklərə yiyələnmələri üçün şagirdlərə daha mürəkkəb kodlaşdırılmaların aparılmasını öyrətdik. “Yay məktəbi”nin sonuncu günü isə şagirdlər Arduino platforması ilə tanış oldular. Bu platformada şagirdlər Arduino kodlaşdırmanın iş prinsipini və komandalar ardıcıllığını öyrəndilər. Proqrama uyğun olaraq burada idman yarışları keçirildi, müxtəlif intellektual oyunlar oynanılır, robotlarla bağlı filmlər nümayiş olundu. 

    Pərvin Hacıyev – təlimçi-müəllim: – “Yay məktəbi” şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsində əhəmiyyətli rol oynayır. Təlimlərin STEAM təhsil metoduna uyğun olması isə daha böyük üstünlük təşkil edir. Çünki bu, dünyada ən müasir təlim metodudur və şagirdlərimiz də XXI əsrin yenilikçi gəncləri olduğundan bu metodda öyrənməyə daha çox can atırlar. Sadəcə, şagirdlərə bu sahədə düzgün istiqamət vermək lazımdır ki, gələcəkdə onlar peşəkar kadr kimi yetişsinlər. Onu da qeyd edim ki, bu metodla tətbiq olunan çalışmalarda layihələrin qrup şəklində hazırlanması böyük önəm daşıyır. Bu, şagirdlərə komanda işinin necə həyata keçirildiyini öyrətməklə yanaşı, eyni zamanda birlikdə daha çox araşdırma aparmağa sövq edir.
    Nihad Cabbarlı – Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi: – Muxtar respublikamızda biz şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması üçün davamlı olaraq yarışlar, festivallar keçirilir. Mən də bu kimi bir çox tədbirlərdə iştirak etmişəm. Artıq iki ildir ki, digər dərslərlə yanaşı, STEAM təhsilinə böyük marağım var və bununla bağlı müsabiqələrdə, festivallarda iştirak etmək üçün müxtəlif layihələr hazırlayıram. STEAM təhsil metoduna uyğun olaraq “Robotunu yarat” müsabiqəsinə qatılmışam və ikinci yerə layiq görülmüşəm. “Mancanaq robot” müsabiqəsində isə birinci yerin qalibi olmuşam. Son dəfə isə muxtar respublikamızda ilk dəfə keçirilən “STEAM təhsil festivalı”nda “Short Movie” layihəsi üzrə birincilik qazanmışam. “STEAM Yay məktəbi”ndə iştirak etmişəm. Burada digər şəhər, rayon və kənd məktəblərindən tədbirə qoşulan şagird yoldaşlarımla maraqlı yarışlar keçirdik, layihələrimizlə bağlı müzakirələr apardıq. İlk gün təlimçilər bizə Humonoid robotların pro­qramlaşdırılması və insan həyatındakı əhəmiyyəti barədə məlumat verdilər. Daha sonra biz öz yazdığımız kodlarla robotlar üzərində işlər apardıq. Həmçinin burada Micro:bit pro­qramlaşdırma ilə bağlı dərslər keçdik. Təşkil olunan bu məktəb bizi müxtəlif pro­qramların hazırlaması ilə bağlı daha dərin biliklərə yiyələndirdi. Arzu edirəm ki, STEAM-lə bağlı öyrəndiyimiz yeniliklər, əldə etdiyimiz biliklər sayəsində bundan sonra keçirilən yarışlarda, müsabiqələrdə, festivallarda naxçıvanlı şagirdlər olaraq müvəffəqiyətlə çıxış edək və böyük nailiyyətlər qazanaq. 
    Elçin Sadiqov – Culfa rayon 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi: – Gərgin dərs ilindən sonra yorğunluğumuzu üzərimizdən atmaq və yay tətilində asudə vaxtımızı dəyərləndirmək məqsədilə Ağbulaq İstirahət Mərkəzində  təşkil olunan bu məktəb biz şagirdlər üçün səmərəli, maraqlı və əyləncəlidir. Eyni zamanda “Yay məktəbi”ndə yaradılan STEAM təhsil metodu ilə bağlı keçirilən keyfiyyətli təhsil imkanları və təşkil olunan əyləncəli proqramlar bizim üçün çox əhəmiyyətlidir. Mən artıq ikinci dəfədir ki, “STEAM Yay məktəbi”ndə iştirak edirəm. Ötən il biz burada STEAM-lə bağlı ilkin bilik və bacarıqlara yiyələndik, bu təhsil metodunun həyatımızdakı rolunu öyrəndik. Bu il isə biz şagirdlər artıq müxtəlif proqramlar vasitəsilə bir-birindən maraqlı layihələr üzərində işlədik. Həmçinin burada robotlarla bağlı filmlər izlədik, müxtəlif idman, şahmat və bilik yarışları keçirdik. Naxçıvanımız əsrarəngiz təbiətini, fauna və florasını tanımaq və ekoloji biliyimizi artırmaq üçün gəzintilərdə iştirak etdik. Tədbirin təşkilatçılarına və üzərimizdə əməyi olan bütün təlimçilərə minnətdarlığımı bildirəm.
    Elxan Məmmədov – Heydər Əliyev adına Hərbi Liseyin 9-cu sinif şagirdi: – Bu yaxınlarda keçirilən “STEAM təhsil festivalı”nda müvəffəqiyyətlə iştirak etdim və Micro:bit proqramı vasitəsilə hazırladığım “Mancanaq robot” layihəsi üzrə yer tutdum. Artıq iki ildir ki, bir-birindən maraqlı layihələrin hazırlanması üçün yenilikçi addımlar atmağa səy göstəririk. Təlimçilərimizin zəhməti sayəsində yiyələndiyimiz biliklər daha böyük layihələr üzərində çalışmağa imkan yaradır. Şagirdlər üçün təşkil olunan “STEAM Yay məktəbi”ndə həmin bilikləri daha dərindən mənimsəmək üçün biz 6 komandaya bölünüb yarışlar keçirdik və kodlaşdırmalardan istifadə edərək daha dəqiq, daha sürətli layihələr hazırlamağa çalışdıq. Əminəm ki, “STEAM Yay məktəbi” mənim kimi, şagird yoldaşlarımda da yüksək əhvali-ruhiyyə yaratdı. Bu isə bizi növbəti dərs ilinə daha maraqla başlamağa həvəsləndirir.
    “STEAM Yay məktəbi” zamanı müşahidələrimizdən bu qənaətə gəldik ki, STEAM təhsil metodunun həvəskar şagirdləri “Yay məktəbi” zamanı öz layihələrini komanda şəklində hazırlayır, birlikdə təcrübələr apararaq maraqlı nəticələr əldə edirlər. Komanda şəklində çalışmağın müsbət tərəfi isə muxtar respublika məktəblərində təhsil alan şagirdlərin birlikdə fikir mübadiləsi aparmasıdır. Bununla da öz fikirlərini daha aydın izahetmə, ünsiyyətqurma bacarıqlarına yiyələnirlər. Elə bunun nəticəsidir ki, muxtar respublika şagirdləri müsabiqələrdə, festivallarda öz layihələrini peşəkar şəkildə təqdim edirlər. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 30.06.2022 22:51