AZ EN RU

Növbəti sertifikatlaşdırma imtahanları başlayıb

    Muxtar respublikada pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması və  fəaliyyətinin gücləndirilməsi məqsədilə ikinci dəfə keçirilən və təhsilverənlərin karyera inkişafında, əməyinin stimullaşdırılmasında nəzərə alınacaq sertifikatlaşdırma imtahanlarında ötən il keçirilən imtahanlarda müvafiq keçid balını toplaya bilməyənlər, üzrlü səbəblərdən iştirak etməyənlər və pedaqoji fəaliyyətinin 5 ili tamam olan müəllimlər iştirak edəcək. 
    Ənənəvi qaydada iki – test və müsahibə mərhələsindən ibarət keçiriləcək imtahanların sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə və tədris etdiyi fənnə aid tərtib olunub. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramına aid 40, tədris metodikası və təlim strategiyasına aid 20 sual olmaqla, ümumilikdə, 60 sual təqdim edilir.
    2 saat vaxt çərçivəsində elektron qaydada keçirilən test mərhələsində hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir göstərmir.
    Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılacaqlar. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər. 

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 18.01.2022 19:51