AZ EN RU

Növbəti reytinq yarışına yekun vurulub

    Naxçıvan Şahmat Federasiyası tərəfindən fevraldan etibarən hər ay keçirilən “İkinci bazar günü” norma və reytinq yarışları davam edir. 
    Naxçıvan Şahmat Mərkəzində bu ay təşkil olunan növbəti müxtəlif yaş və reytinqli yarış başa çatıb. 46 zəka sahibinin birincilik uğrunda mübarizə apardığı yarış 9 turdan ibarət olub və dairəvi sistem üzrə keçirilib. Naxçıvan şahmatçıları ilə yanaşı, Azərbaycanın şəhər və rayonlarının zəka sahiblərinin iştirak etdiyi reytinq yarışında qalib adına Sadiq Qarayev (2124) layiq görülüb. O, keçirilən 9 oyunda 8 xal toplayıb. 7,5 xal toplayan Təbriz İdrisov (2100) ikinci, 6,5 xal toplayan Ayxan Əliyev (1879) isə üçüncü olub. 
    Sonda qalib və fərqlənən şahmatçılar pul mükafatı ilə təltif olunublar.
    Paralel olaraq, Şahmat Mərkəzində yerli və əcnəbi şahmatçıların iştirakı ilə daha bir “İkinci bazar günü” norma və reytinq yarışı keçirilib.Dairəvi sistem üzrə keçirilən norma turnirində Naxçıvan şahmatçıları ilə yanaşı, Azərbaycan, İran və Türkiyənin qrossmeyster, beynəlxalq usta və FIDE ustaları iştirak edir. Dairəvi sistem üzrə 9 turdan ibarət olan və 10 zəka sahibinin mübarizə apardığı yarışa bu gün yekun vurulacaq.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 15.04.2022 19:30