AZ EN RU

Növbəti “Muxtariyyətin uşaqları – 100” bayram tədbiri Şərurda baş tutub

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi çərçivəsində “1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar  təşkil olunan “Muxtariyyətin uşaqları – 100” bayram tədbirlərindən biri də Şərur rayonunda keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri tədbirdə əvvəlcə rayon Mədəniyyət sarayının foyesində yaradıcı uşaqların əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova tədbirdə çıxış edərək bildirib ki, əsas  məqsəd uşaqların sağlamlıqlarının qorunmasına, onların təhsil və tərbiyəsinin demokratik ənənələr əsasında qurulmasına yönəltməkdən ibarətdir. Bu il hər bir Azərbaycan övladı üçün qürurverici ildir. Muxtariyyətimizin 100 illik yubileyi ilə yanaşı şanlı tariximizin parlaq səhifəsi olan Zəfər Seçkilərinin uğurla başa çatdığının şahidləriyik. O cəmiyyət möhkəm, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara diqqət və qayğı var. Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, uşaqların qayğıkeşi və himayədarı Heydər Əliyevin irsinin layiqincə davam etdirilməsi hər birimizin müqəddəs borcudur. Ulu öndərimizin Azərbaycan gənclərinə və uşaqlara olan böyük diqqət və qayğısının bəhrələri bu gün ölkəmizin hər yerində aydın şəkildə görünməkdədir. Bunun nəticəsidir ki, ölkəmizdə uşaq hüquqları etibarlı şəkildə qorunur. Dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikamızda uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox işlər görülür, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilir, şəhid, qazi və müharibə iştirakçılarının uşaqları dövlətin tam qayğısı ilə əhatə olunurlar. Şərur rayonunda da uşaqların inkişafı, onların fiziki cəhətdən sağlam böyüməsi, cəmiyyətin layiqli üzvü kimi yetişməsi diqqətdə saxlanılır. Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova rayonda uşaqların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən səmərəli istifadə olunaraq ürəkaçan nəticələr qazanıldığını bildirib və bayramlar münasibətilə uşaqları təbrik edib. 
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, XX əsr Azərbaycançılıq məfkurəsinin yetişdirdiyi dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin praqmatik və məqsədyönlü siyasi ideologiyasının aparıcı xətti Azərbaycan uşaqlarının hərtərəfli, sağlam, intellektli, vətənpərvər və dünyagörüşlü bir şəxsiyyət kimi formalaşması olmuşdur. Məhz bu baxımdan Azərbaycan dövlət uşaq siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevdir. Ümummilli Liderimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır. Komitə sədri uşaqların sağlamlığı və təhsili üçün yaradılan şəraitdən danışarkən onu da əlavə edib ki, 2023-cü il ərzində rayon, şəhər icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu, 2024-cü il ərzində isə bələdiyyələr yanında gender komissiyaları yaradılıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən mütəmadi olaraq uşaq müəssisələrində və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları ünvanlarda monitorinqlər təşkil olunur. Muxtar respublikada valideyn himayəsindən məhrum uşaqlar olsa da sevindirici haldır ki, atılmış uşaqlara rast gəlinmir. Bildirilib ki, qız övladlarının təhsili və milli-mənəvi dəyərlər əsasında tərbiyəsi vacib amildir və qızlarımızın erkən nikahdan qorunması işində uğurlu nəticələr əldə edilib. Ramilə Seyidova bayramlar münasibətilə uşaqları təbrik edib, onlara uğurlar arzulayıb. 
Tədbirdə Şərur rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyinin şagirdi Ziya Əbilov bildirib ki, “1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” uşaqlar üçün təsis olunsa da ölkəmizdə yaşayan uşaqlar üçün hər gün bayramdır. Çünki, dövlətimiz uşaq və gənclər üçün yaradılan imkanları günü-gündən genişləndirir, bütün uşaqlar təhsilə cəlb edilir, səmərəli siyasət həyata keçirilir, qanunvericilik təkmilləşdirilir, uşaqların hərtərəfli inkişafı üçün məqsədyönlü tədbirlər görülür. Ziya Əbilov minnətdarlıq edərək söz verib ki, dövlətimizin, uşaqlara göstərdiyi etimadı doğrultmağa çalışacaq, mükəmməl mütəxəssis, əsl vətəndaş kimi Vətənimizin adını həmişə yüksəklərə qaldıracaqlar.
Çıxışların ardından 2023-2024-cü tədris ilində Şərur rayonunda təhsil, incəsənət və idman sahələri üzrə fərqlənən uşaqlara, şəhid və qazi övladlarına, ümumilikdə 53 uşağa Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəxri fərman və hədiyyələri, Şərur Rayon İcra Hakimiyyətinin təşəkkürnamə və hədiyyələri təqdim edilib.
Tədbirin bədii hissəsində Şərur rayonunda yerləşən uşaq musiqi və tam orta məktəb şagirdlərinin, eləcə də körpələr evi-uşaq bağçalarının balaca fidanlarının ifasında rəqslər ifa olunub, şeirlər bədii qiraət edilib, mahnı və musiqi nömrələri səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 29.05.2024 18:30